Türkiyənin 2035 enerji planı: külək, Günəş və nüvə üzrə böyük hədəflər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Londonda beynəlxalq investorlar qarşısında çıxış edərək ölkənin enerji strategiyasına dair əsas planları bölüşüb. O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən COP29 iqlim konfransında təqdim etdiyi hədəflər Türkiyənin uzunmüddətli enerji yol xəritəsinin mühüm hissəsidir.

Nazirin sözlərinə görə, Türkiyə 2035-ci ilə qədər külək və Günəş enerjisi üzrə ümumi gücü 120 giqavata çatdırmağı planlaşdırır. Bunun üçün hər il orta hesabla 8–10 giqavatlıq yeni bərpa olunan enerji layihələrinin istifadəyə verilməsi nəzərdə tutulur. O həmçinin qeyd edib ki, bu hədəfə 5 giqavatlıq dəniz külək enerjisi də daxildir və bu sahədə tenderlərin yaxın dövrdə keçirilməsi planlaşdırılır. Bayraktar 2026-cı ilin dəniz külək enerjisi üçün mühüm mərhələ olacağını vurğulayıb.

O əlavə edib ki, hazırda Türkiyənin elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payı 62 faizdir. Nazir həmçinin enerji keçidində nüvə gücünün rolunu önə çəkərək, 4,8 giqavat gücündə “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisinin davam etdiyini, bundan əlavə Sinop və Trakya bölgələrində yeni stansiyalar və kiçik modul reaktorlarla ümumi nüvə gücünün 2050-ci ilə qədər ən azı 20 giqavata çatdırılmasının planlaşdırıldığını bildirib. Hədəf olaraq elektrik istehsalında nüvənin payının 15 faizə yüksəldilməsi göstərilib.

Çıxışda enerji təhlükəsizliyi və beynəlxalq layihələr də diqqət mərkəzində olub. Bayraktar İraq və Qətərə yeni beynəlxalq boru kəməri təklifləri təqdim edildiyini, bölgədə yaşanan son enerji böhranlarının isə bu cür layihələrin vacibliyini daha da artırdığını qeyd edib. Onun sözlərinə görə, daha şaxələndirilmiş enerji təchizatı və nəqliyyat şəbəkələri qlobal sabitlik üçün mühüm əhəmiyyət daşıyır.

Nazir həmçinin İraq-Türkiyə boru kəmərinin Bəsrəyə qədər uzadılması ideyasını və Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyəni birləşdirə biləcək geniş enerji xəttinin mümkünlüyünü də gündəmə gətirib. O, gələcəkdə yeni böhran risklərinə qarşı əməkdaşlığın və regional enerji inteqrasiyasının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Dünya