TBMM sədri İƏT Parlament İttifaqının Bakı sessiyasının yüksək səviyyədə təşkilini təqdir edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci Sessiyası çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ilə görüşüb.

Bu barədə XQ-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutan Azərbaycanın və Türkiyənin bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsində parlamentlərin də vacib rolu qeyd olunaraq, bu istiqamətdə mövcud olan əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib. Parlament sədrləri arasında qarşılıqlı səfərlərin və görüşlərin, o cümlədən deputatlar arasında sıx təmasların bu əlaqələrə mühüm töhfələri vurğulanıb. Qeyd olunub ki, qanunverici orqanlarımız parlament komitələri, dostluq qrupları və parlament aparatları səviyyəsində əməkdaşlıq həyata keçirirlər. Eyni zamanda, parlamentlərimizin həm ikitərəfli, həm də üçtərəfli formatlarda əməkdaşlıq etdiyi, o cümlədən beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyət göstərdikləri diqqətə çatdırılıb.

Söhbət zamanı TBMM-nin sədri bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü məmnunluqla xatırladaraq, görüş barədə müsbət təəssüratlarını bölüşüb.

TBMM-nin sədri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıq bildirərək, bu mühüm tədbirin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi və üzv ölkələrin parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Siyasət