Mayya sivilizasiyasının toxunulmamış qədim şəhəri tapılıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Meksika və Sloveniyadan olan müştərək arxeoloji tədqiqat qrupu Meksikanın cənubundakı Kalakmul qoruğunda mayya sivilizasiyasına aid, indiyədək elmə məlum olmayan qədim bir şəhər aşkar edib. Min ildən çoxdur ki, insan ayağı dəyməyən bu mərkəzə yerli mayya dilində "yolu olmayan yer" mənasını verən "Minanbe" adı verilib. Sıx bitki örtüyü və yolların olmaması səbəbindən dağıntılara və qarətə məruz qalmayan bu unikal ərazi, Mərkəzi Mayya düzənliyində son 30 ildə aparılan araşdırmaların ən böyük tapıntısı hesab olunur.

Arxeoloqlar cəngəllik altındakı tarixi obyektləri vizual olaraq qeydə almaq üçün havadan xüsusi "LiDAR" lazer skanından istifadə ediblər. Nəticədə təxminən 15 hektar sahəni əhatə edən böyük bir yaşayış məskəni bəlli olub. Meşənin içərisində proqramlı qazıntılar aparan alimlər meydanlar, saray və ibadət tikililəri, terraslar, həmçinin bataqlıq və kanallardan ibarət mürəkkəb su idarəetmə sistemi tapıblar. Tapıntılar arasında ən diqqətçəkəni isə hündürlüyü 13 metrdən çox olan piramida formalı məbəddir. Memarlıq üslubuna görə bu tikili bizim eranın VII–VIII əsrlərinə aid edilir.

Qazıntılar zamanı üzərində heroqliflər və müxtəlif təsvirlər olan 14 abidə (stela və qurbangah) qeydə alınıb. Müasir fotoframmetriya üsulu ilə bu daşların 3D modelləri qurulub və üzərindəki yazılar oxunub. Stelalardan birində bizim eranın 849-cu ilini göstərən xüsusi tarix qeyd olunub. Bu fakt şəhərin X əsrdəki böyük tənəzzüldən bir qədər əvvəl çiçəklənmə dövrü keçirdiyini sübut edir. Hazırda alimlər "Minanbe" şəhərinin tapılması sayəsində mayyaların qədim kənd təsərrüfatı və siyasi xəritəsini yenidən araşdırır, bu sivilizasiyanın süqutunun qaranlıq səbəblərinə işıq salmağa çalışırlar.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Dünya