Jurnalist taleyim düz 40 il əvvəl, 1986-cı ildə mənə də Meksikada keçirilən Xlll Dünya Çempionatının görüşlərini birbaşa “hadisə yerində” izləmək, ən böyük futbolun canlı şahidi olmaq imkanı yaratmışdı. Onda dəri top sehrbazlarının ümumdünya bayramından unudulmaz təəssüratla qayıtmışdım.
Bu günlər isə ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə okeanın o tayında getdikcə sürətini artıran XXlll Mundialın oyunlarından uzaqdan-uzağa, evdə teleekran qarşısında zövq alırıq. 40 il əvvəlki kimi, indi də dünyada ən sevimli oyunun gücünə, qüdrətinə, əzəmətinə bir daha heyran qalırıq.
Artıq üçüncü dəfədir ki, Dünya Çempionatının təşkilatçısı kimi tarix yazan (əvvəllər 1970 və 1986-cı illərdə, həm də təkbaşına) və bununla haqlı olaraq fəxr edən Meksikada Dünya Kuboku başda əfsanəvi Maradona olmaqla Argentina komandasının üzünə gülmüşdü. Həmin çempionatda Argentina 1978-ci ildə öz meydanlarında keçirilmiş Xl çempionatdakı kimi planetin ən yaxşı komandası olduğunu inamla sübuta yetirmişdi.
Onda biz, keçmiş Sovet İttifaqının müxtəlif respublikalarından olan bir qrup idman jurnalisti paytaxt Mexikodakı əzəmətli “Asteka” stadionunda, eləcə də, Leon, İrapuato, Monterrey, Puebla, Qvadalaxara və digər şəhərlərdə keçirilən oyunlar zamanı əsl bayram mühitində yaşadıq. Həmin unudulmaz günlərin bir çox məqamları yaddaşımızda özünə möhkəm yer etmişdir.
Məsələn, Meksika millisi öz tarixində Dünya çempionatlarında ən böyük uğurunu məhz 40 il əvvəlki yarışda qazanmış, dörddəbir final mərhələsində oynamışdı. Komanda indi 23-cü turnirdə də ölkəsini ürəkdən sevindirir. Meksika artıq iki turdan sonra pley-off mərhələsinə vəsiqəni özünə təmin etmişdir.
Yaxud başqa bir xatırlatma. Qrup sınaqları finişə yaxınlaşan indiki çempionatda Mərakeş futbolçularının beşqat dünya çempionu Braziliya ilə heç-heçəsindən (1:1) və Şotlandiya komandası üzərində 1:0 hesablı qələbəsindən sonra “Mexico-86”da yerli qəzetlərdən birində oxuduğum bir cümlə yadıma düşür: “Mərakeş futbolçularının Portuqaliya komandası üzərində gözlənilməz və inamlı qələbəsindən (3:1) sonra Mərakeş Kralı ll Həsən gecəyarısı ölkəsinin baş şəhəri Rabatdan uzaq Meksikanın Qvadalaxara şəhərinə zəng edərək komandasını təbrik etmiş və ona yeni uğurlar arzulamışdır”.
İndi izə Kralın həmvətənləri XXlll çempionatda ölkələrini layiqincə təmsil edirlər. İlkin mərhələnin ilk iki turunda qazanılmış 4 xal böyük əzmkarlığın, möhkəm iradənin, yüksək ustalığın bəhrəsidir.
Meksika stadionlarında 40 il əvvəlki yarış günlərində qəzetlər yazırdı ki, Braziliya parlamenti oyunlardan birini televizorda izləmək üçün parlamentin iclasını 3 saat təxirə salmışdır. İndi isə, şahidi olduğumuz kimi, Özbəkistan rəhbərliyi iyunun 18-də bizim yerlərdə səhər saatlarına təsadüf edən Kolumbiya ilə matçla əlaqədar ölkədə iş gününə 2 saat gec başlamaq barədə qərar vermişdi. Hamının görüşü rahat şəkildə izləmək və oyundan sonra iş yerlərinə vaxtında çatmaq imkanları nəzərə alınmışdı. Dünya çempionatının final mərhələsinə ilk dəfə vəsiqə qazanmaqla, sonra da Mundialda elə ilk oyununda qollarının hesabını açmaqla tarix yazan Özbəkistandan danışarkən keçmiş SSRİ çempionatlarında həmişə Bakıda da, Daşkənddə də maraqla gözlənilən “Neftçi”–“Paxtakor” görüşlərini də xatırlayırıq. Gələn il Azərbaycan ilə Özbəkistanın birgə təşkil edəcəkləri 20 yaşlı gənclərdən ibarət komandalar arasında dünya birinciliyi də futbol aləminin diqqət mərkəzində olacaq.
Növbəti, XXlll Dünya Kuboku yarışı planetin hər yerində qəlblərə hakim kəsilmişdir. Qarşıdan pley-off görüşləri gəlir. Uduzan komandalar dərhal çempionatla vidalaşacaq, qalib kollektivlər isə yollarına davam edəcəklər.
Nə yaxşı ki, ağılagəlməz nəticələrlə zəngin olan yarış meydanında nəhəng komandalarla yanaşı, Kabo Verde, Kurasao, Kot d'İvuar milliləri də var. Təkcə Kabo Verdenin hazırkı Avropa çempionu, keçmiş dünya çempionu İspaniya ilə, sonra da ikiqat dünya çempionu Uruqvayla heç-heçə oynaması hələ uzun illər ərzində çox xatırlanacaq.
1986-cı ildə Meksikanın Puebla şəhərində Argentina – Uruqvay görüşündə (1:0) gördüyüm Maradona qələbə sevinci yaşayanda Messi hələ həyata göz açmamışdı. Təzəcə, iyunun 24-də 39 yaşı tamam olmuş “Leo” ləqəbli Lionel indi ilk iki oyunda Əlcəzair və Avstriya komandalarının qapısına vurduğu üst-üstə 5 qolla (müvafiq surətdə 3:0 və 2:0) həm ölkəsini vaxtından əvvəl növbəti mərhələyə yüksəltmiş, həm də Dieqonun layiqli davamçısı olduğunu bir daha var gücü ilə bütun dünyaya nümayiş etdirmişdir. Həqiqətən, əfsanədir!
Mundial–2026 həyəcanları davam edir. Ən şirin, eyni zamanda, ən dramatik oyunlar hələ irəlidədir.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

