Qərbi Azərbaycana qayıdış tarixi ədalətin tələbidir

post-img

Dünən Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirildi. Toplantıda doğma torpaqlarından didərgin salınmış soydaşlarımızın pozulmuş hüquqlarının bərpası, qayıdış prosesinin siyasi, diplomatik və hüquqi tərəfləri ətraflı şəkildə təhlil edildi.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirdi ki, Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarının şərti kimi Qərbi Azərbaycan qaçqınlarının da öz ata-baba yurdlarına qayıtması məsələsinə aydınlıq gətirilməlidir. Bizim istər beynəlxalq təşkilatlara, istər Ermənistan rəhbərliyinə etdiyimiz müraciətlər hələ də cavabsız qalır.

Əziz Ələkbərli bu yaxınlarda Ermənistandakı 201 azərbaycanlı qəbiristanlığı üzərində apardıqları monitorinqin nəticələrinə də toxundu. Bildirdi ki, həmin qəbiristanlıqların 12-si üzərindən asfalt yollar çəkilib, 16-nın yerində yaşayış evləri tikilib, 56-sı əkin sahəsinə çevrilib, 6-sı erməni qəbiristanlığı kimi istifadə olunub, 67-si vandalizmə məruz qalıb, digərlərinin ərazilərində isə müxtəlif tikinti və təsərrüfat işləri aparılıb.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “Qaçqınlığın tarixi aspektləri (1828–1991-ci illər)” mövzusunda çıxış edərək Qərbi azərbaycanlıların deportasiyasından və bu prosesin nəticələrindən bəhs etdi. Bildirdi ki, Ermənistanın məktəb dərsliklərində azərbaycanlılara qarşı etnik nifrət və aşağılayıcı ifadələr aşılanır ki, bu da beynəlxalq konvensiyaların kobud şəkildə pozulması deməkdir.

Hüquq elmləri doktoru, professor Zahid Cəfərov “Qayıdışın hüquqi aspektləri” mövzusunda məruzə edərək beynəlxalq hüququn qayıdış hüququnu tanıyan norma və prinsiplərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Professorun sözlərinə görə, 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsi bu hüququn əsas dayaqlarından hesab olunur. Bu norma dövlətlərin vətəndaşlıq, yaşayış və geri dönüş hüququ ilə bağlı öhdəliklərini hüquqi müstəvidə müəyyənləşdirir.

Zahid Cəfərov çıxışında irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi ilə bağlı 1965-ci il Beynəlxalq Konvensiyaya istinad etdi. Bildirdi ki, həmin sənəd yalnız ayrı-seçkiliyin qadağan edilməsini deyil, eyni zamanda vətəndaşlıq hüquqlarının qorunmasını və insanların hüquqi statusunun bərpasını da ehtiva edir. Bu yanaşma qayıdış hüququnun təkcə siyasi deyil, həm də hüquqi və institusional çərçivədə qiymətləndirilməsinin vacibliyini göstərir.

Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, sosiologiya elmləri üzrə fəlsəfə doktoru Əfqan Vəliyev qayıdış məsələsinin ictimai rəydə yeri və bu istiqamətdə aparılan maarifləndirmə işlərindən danışdı. Əlavə etdi ki, insanların doğma yurdlarına qayıtmaq arzusu onların kimlik, yaddaş və mənəvi bağlılıq hissləri ilə sıx bağlıdır. Buna görə də bu istiqamətdə aparılan işlər kompleks yanaşma tələb edir və uzunmüddətli proses kimi dəyərləndirilməlidir.

Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Rizvan Nəbiyev isə vurğuladı ki, artıq qayıdışın hüquqi baxımdan həlli istiqamətində BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasında çoxsaylı sənədlər yayılıb, parlament diplomatiyası, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində müvafiq sənədlər qəbul olunub.

Qərbi azərbaycanlıların deportasiyasından sonra və Ermənistan müstəqillik əldə etdikdən sonra onlara vətəndaşlıq hüququ verilib. 1998-ci ildə "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanun qəbul edilərkən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə, Azərbaycan vətəndaşlığını alan və 1988–1992-ci illərdə ölkəyə qaçqın kimi gələn şəxslərin öz tarixi torpaqlarına qayıtmaq hüququ qorunub saxlanılıb.

Məsələnin mürəkkəb tərəflərindən biri Ermənistan cəmiyyətində qayıdacaq azərbaycanlıların təhlükəsiz yaşayışının təmin edilməsidir. Çünki uzun illər azərbaycanlılara qarşı düşmən obrazı formalaşdırılıb və aparılan araşdırmalar bunun əsas səbəblərindən birinin Ermənistanın təhsil sistemində istifadə olunan dərsliklər olduğunu göstərir. Həmin dərsliklərdə uzun müddət kollektiv düşmən obrazının yaradılması bu gün də öz təsirini göstərməkdədir

Fidan ƏLİYEVA
XQ

Sosial həyat