“Stalin – İzm” İrəvan Teatrı səhnəsində

post-img

Bu günlərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında görkəmli sənətkar, Xalq yazıçısı Elçinin “Stalin” siyasi farsı əsasında Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin quruluşunda qeyri-səlis məntiq sistemi ilə hazırlanan “Stalin – İzm” tamaşasına ictimai baxış keçirildi.

Millət vəkili Günay Əfəndiyeva, Humay Əfəndiyeva, sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə, Xalq artisti, professor Bəsti Cəfərova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyeva və digər ictimaiyyət nümayəndələri iştirak etdilər. İctimai baxışdan sonra tamaşa ətrafında müzakirə keçirilmiş, müzakirədə mütəxəssislər tamaşanın uğurlu cəhətləri barədə müsbət fikirlər söyləmişlər.

Dünya dramaturgiyasında İosif Stalinin hakimiyyəti, fəaliyyəti və ömrünün son dövrü ilə bağlı çoxsaylı əsərlər yazılmışdır. Elçinin “Stalin” əsərində isə diqqət tarixi şəxsiyyətin bioqrafiyasından daha çox onun yaratdığı ideoloji sistemin mahiyyətinə diqqət yönəldilir. Tamaşada bir şəxsin taleyi fonunda bütöv bir dövrün düşüncə mexanizmi, qorxu və itaət üzərində qurulan siyasi sistemin insan həyatında yaratdığı mənəvi fəsadlar araşdırılır.

Rəmzlər, priyomlar, teatr ifadə vasitələrindən gen-bol istifadə metodologiyası, yeni oyun üslubu, təfəkkürü motivasiya edən yaradıcılıq postulatı, fərqli prinsiplərlə yoğrulan duyğuların, hisslərin hərəkət mexanizmi, ənənəvi teatr sisteminə adekvat olmayan konseptual yaradıcılıq dəst-xətti aktyorların zehnini itiləyir, hər kəlmədə yeni müstəviyə istiqamətləndirir.

Əsərdə obrazları olmayan, lakin müəllif ideyasına əsasən işarələri görünən, iştirakçılara əlavə olunan yeni personajların canlı şəkil alması tamaşaya zəngin çalarlar gətirdi. Müəllifin fikir fəlsəfəsinin geniş icmalının konturlarına bir neçə qütbdən istiqamətlər açıldı. Əsərdə yalnız müəllif tərəfindən verilmiş konkret personajların deyil, məhz ölüm hökmünü icra edən bir cəllad maşınının öz cəngində məhv etdiyi nurlu şəxsiyyətlərin, işıqlı ideyaların obrazları öz təzahürünü tapdı. Tamaşanın geniş miqyasda həm fikir-ideya məcmusu, həm də bütün teatr ifadə vasitələrinin orijinal görkəm alan ecazkar təzahüründə, əlvan rəngarəngliklə işıq selinin bütün tamaşa boyu hər personaja fokuslandıqca onun əhvalına, ovqatına xas rənglərlə obrazlı ifadədə hərəkət mexanizmi ilə ayrıca bir tamaşa ekvivalentinə çevrilir. Dekorların personajlar tipində obrazlarla paralel hərəkəti konsepsiyanın bədii ifadəsinin qeyri-səlis daşıyıcısıdır.

Böyük bir ölkəni bütün ruhu ilə psixoloji sarsıntılarla çulğadığı, tərəddüdlərlə dolu bir rejim altına salmış, xəstə ideologiyaya qurban verən “lider”in – özünə belə inanmayan, hər şeyə və hər kəsə şübhə ilə baxan, həbsxana qanunları ilə düşünən və ölkəni, cəmiyyəti həmin qanunlarla idarə edən Stalinin süjet istiqamətində aparılan gedişata əlavələr olaraq çoxsaylı təsəvvür predmetləri ilə zənginləşdirilməsi oyunun qeyri-səlis funksionallığını, disipativ özünütəşkilini bifurkasiya nöqtəsindən sonrakı yeni məkana daşıyan işıq sellərinin nəhayətsizliyinə qovuşdurur.

İnsan taleyinə biganə yanaşan, hətta daha dəhşətli aqressiya ilə münasibət göstərən, özünü həmişə haqlı sayan, cəmiyyətə özünü müqəddəslik rəmzi kimi tanıtmağa çalışan “lider” bir an içində ölüm cəzası verən şüurunun paralelində anasının müxtəlif vəziyyətlərdə (ana sevgisi ilə, övlad xilaskarlığı ilə, öyüdverici tərzdə, insanlığa çağıran hisslərlə, qəzəbə qarşı yumşaq duyğularla və s.) qeybdən gələn səsi ilə yanaşı, ölkənin ən ucqar nöqtəsində baş verən hər hansı bir cəza mexanizminin qan tökən səhnəciyi canlandırır. Eyni zamanda, sevgilisi Olqa Aleksandrovskaya ilə əylənmə prosesi, paraleldə tabeçiliyində süründürdüyü məmurların miskin və xidmətə vadar aşağılayıcı vəziyyətləri, istədiyi kimi onların taleyi ilə oynadığı anlar, ölüm hökmünə qurban etdiklərinin – Mikayıl Müşfiqin, Əhməd Cavadın ah-naləli iniltiləri, Sibirin həbs düşərgələrində can çəkən insanların, o cümlədən Hüseyn Cavidin, Şükriyyə xanımın acı taleyini canlandıran təzahürlər, hər an ölüm qorxusu altında yaşatdığı Səməd Vurğunun, Üzeyir Hacıbəylinin həyat faciələri, Mustafa Kamal Atatürkün milli ideoloji məfkurəsinə qarşı aqressiv mənfur “pantürkizm” qondarması, türk bayrağının Qara dənizi coşduran nəğməkar hayqırtısına qarşı kəskin mövqe və sair bu kimi neçə-neçə hadisələrlə zənginləşən epizodlar bir-birinə mane olmadan və hətta biri digərini əsaslandıran ştrixlərlə cərəyan edir.

Əlbəttə ki, bu proses müəllifin Stalin personajı tipində və onun ideoloji düsturunda formalaşdırdığı dramaturji materialdan irəli gələn, “həbsxana cəmiyyəti” strukturunda böyük bir ölkənin idarə edilməsinə ömrünü vermiş bir əmri-qəzəbin, qaniçən vandalın həyat hekayəsini eskizləyən tablosunda orijinal formada qurduğu səhnə-oyun üslubunda – Elçin teatrı strukturunda səciyyələnən düşüncələrin rejissor təxəyyülü ilə paralelləşən duyğusal hisslər məcmusudur.

Səhnə əsərində Stalin repressiyalarının qurbanı olmuş milli ruhun yaşaması uğrunda mübarizə aparan insanların mənəvi müqaviməti və totalitar ideologiyanın doğurduğu faciələr paralel dramaturji xətt kimi inkişaf edir. Hadisələrin inkişaf xətti həm tarixi yaddaşı, həm də insan vicdanının sarsılmazlığını ön plana çıxarır.

Əsərin səhnə həlli müəllif dramaturgiyasının poetik xüsusiyyətləri ilə rejissor təxəyyülünün sintezindən yaranmışdır. Paradoksal siyasi-faciəvi fars üslubunda qurulan tamaşa hakimiyyətlə insan taleyi arasındakı ziddiyyətləri kəskin bədii vasitələrlə təqdim edir. Tamaşada “Qeyri-səlis məntiq”in və “Qeyri-səlis çoxluqlar” nəzəriyyəsinin estetik imkanları teatr dilinə tətbiq edilməklə yeni bədii ifadə vasitələri formalaşdırır.

Tamaşada Xalq artisti Sabir Məmmədov, Əməkdar artist Esmiralda Şahbazova, aktyorlar Səmayə Nəbiyeva, Elnarə Heydərova, Əmrulla Nurullayev, Niyaməddin Səfərəliyev, Bəhruz Hikmətli, Sevinc Bəxtiyar, Ramil Məmmədov, Rövşən Cəfərov, Samir Əliyev, Güney Əliyeva, Sevinc Hüseynova, Ruhiyyə Orucova, Pərvin Dadaşova, Naibə Nemətova, Xədicə Məmmədova, Zəki Fətəliyev, Anar Həşimov, Ramin Həsənov iştirak edirlər.

Yaxın günlərdə “Stalin – İzm” tamaşasının premyerası olacaq.

Mehparə ƏLİYEVA
XQ



Mədəniyyət