Qrup mərhələsinin həlledici görüşləri başladı

post-img

DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunun son oyun günü 23 iyun axşam və 24 iyun gecə və səhər keçirilən gərgin qarşılaşmalarla başa çatdı və növbəti mərhələyə vəsiqə qazanan yeni komandalar bəlli oldu. Turnirin bu həlledici günündə K və L qruplarında yer alan komandalar son dərəcə gərgin mübarizə apardılar.

Xəbər verdiyimiz kimi, K qrupunda Portuqaliya – Özbəkistan qarşılaşmasında Avropa təmsilçisi asiyalı rəqibini böyük hesabla məğlub etdi – 5:0. Bu oyunda Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo 6 fərqli Dünya Çempionatında qol vuran ilk futbolçu kimi tarixə düşdü. Ronaldo matçın 6-cı dəqiqəsində hesabı açmaqla futbol tarixində ardıcıl 6 mundialda (2006, 2010, 2014, 2018, 2022, 2026) qol vuran ilk və yeganə oyunçu oldu.

Hücumçu vurduğu dublla mundiallardakı ümumi qol sayını 10-a çatdırdı. Beləliklə, o, əfsanəvi Eysebionun (9 qol) rekordunu qıraraq Portuqaliya millisi ilə Dünya çempionatlarında ən çox qol vuran futbolçu titulunu qazandı.

Matçı 41 yaş 138 günlüyündə keçirən Ronaldo Dünya çempionatları tarixində 1 matçda 1-dən çox qol vuran ən yaşlı oyunçu kimi də rekordlar kitabına düşdü.

Ronaldo həmçinin Kamerun əfsanəsi Roje Milladan (1994-cü ildə 42 yaş 39 gün) sonra mundiallar tarixində qol vuran ikinci ən yaşlı futbolçu oldu.

Kriştiano bu qollarla Portuqaliya millisi adından Dünya çempionatlarında həm qol vuran ən gənc oyunçu (2006-cı ildə), həm də ən yaşlı oyunçu (2026-cı ildə) rekordunu eyni anda özündə birləşdirdi.

L qrupunda İngiltərə – Qana matçı hücum ssenariləri ilə zəngin olsa da, qapılara qol vurulmadı və komandalar xalları yarı böldülər–0:0. Bu qrupun favoriti hesab olunan İngiltərə millisi Qananın sıx və intizamlı müdafiə səddini yara bilmədi. Qanalı futbolçuların fədakar oyunu ingilislərə turnirdəki ilk xal itkisini yaşatdı.

Həmin qrupda Panama – Xorvatiya qarşılaşmasında xorvatlar minimal hesabla qalib gələrək qrupdakı mövqelərini möhkəmləndirdilər. Matçda yeganə qolu xorvatiyalı hücumçu Ante Budimir 54-cü dəqiqədə vurdu. İkinci hissənin əvvəlində (46-cı dəqiqədə) meydana daxil olan Budimir komanda yoldaşı Josip Stanişiçin sağ cinahdan ötürdüyü dəqiq asmanı qapının uzaq küncündə tamamlayaraq Xorvatiyaya 1:0 hesablı vacib qələbəni qazandırdı. Xorvatiyaya 0:1 hesabı ilə uduzan Panama millisi, bu nəticə ilə qrup mərhələsinin bitməsinə bir tur qalmış turnirlə rəsmən vidalaşan komandalardan biri oldu.

K qrupunda Kolumbiya – Konqo DR görüşündə Cənubi amerikalılar çətinliklə də olsa qələbəni təmin etdi – 1:0. Qələbə qolunu 76-cı dəqiqədə Daniel Munyos vurub.

Xuan Fernando Kinteronun ötürməsindən sonra rəqib müdafiəçilərin arasından boşluğa sızan Crystal Palace klubunun cinah müdafiəçisi Munyos rikoşetlə tamamlanan zərbə ilə topu qapının yaxın küncünə göndərərək turnirdəki özünün ikinci qoluna imza atdı. Bu qol Kolumbiyaya Guadalajara stadionunda çətin qələbə qazandırdı və onları vaxtından əvvəl pley-off mərhələsinə daşıdı.

Qrup mərhələsinin 2-ci turunun oyunların tamamlanması ilə Meksika, ABŞ, Almaniya, Argentina, Fransa və Norveçdən sonra Kolumbiya da rəsmən pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirdi. DÇ-da qrup mərhələsinin 3-cü və sonuncu turunun oyunları davam edir.

B qrupunda dünən axşam İsveçrə – Kanada matçı Vankuver şəhərindəki BC Place Vancouver stadionunda Bakı vaxtı ilə 23:00-da, Bosniya və Herseqovina – Qətər görüşü ABŞ-ın Sietl şəhərində Lumen Field stadionunda, C qrupunda saat 02:00-da, Şotlandiya – Braziliya qarşılaşması ABŞ-ın Mayami şəhərinin Hard Rock Stadiumda, Mərakeş – Haiti oyunu ABŞ-ın Atlanta Stadiumda, A qrupunda saat 05:00-da Çexiya – Meksika mübarizəsi paytaxt Mexikonun Estadio Azteca stadionunda, Cənubi Afrika – Cənubi Koreya matçı isə Meksikanın Estadio BBVA stadionunda keçirildi.

Qeyd edək ki, A qrupunda Meksika artıq pley-offa vəsiqəni təmin edib (6 xal). Lakin Çexiya ilə oyunda məğlub olmasalar, qrup liderliyini rəsmiləşdirəcəklər.

Cənubi Koreya (3 xal) CAR ilə matçda qələbə qazanarsa, birbaşa 2-ci yeri götürərək pley-offa gedəcək.

Çexiya və CAR (hərəsi 1 xal) mütləq qalib gəlməli və digər matçın nəticəsini gözləməlidirlər. Qələbə qazanan tərəf ən yaxşı üçüncülərdən biri olmaq üçün böyük şans əldə edəcək.

B qrupunda Kanada və İsveçrə hərəsi 4 xalla qrupun ilk iki pilləsini bölüşürlər. Onların şəxsi qarşılaşmasındakı heç-heçə hər iki komandanı birbaşa son 32-yə aparır. Qalib gələn isə qrup lideri olacaq.

Bosniya və Herseqovina ilə Qətər (hərəsi 1 xal) parallel matçda ölüm-dirim savaşına çıxır. Kim qalib gəlsə, xalını 4-ə yüksəldərək ən yaxşı üçüncülər sırasına girməyi (hətta Kanada–İsveçrə matçının nəticəsindən asılı olaraq 2-ci yeri) hədəfləyir.

C qrupunda Braziliya (4 xal) və Mərakeş (3 xal) üstün mövqedədir. Mərakeş artıq turnirdən kənarlaşdırılmış Haitini məğlub edib asanlıqla pley-offa adlamaq istəyir.

Şotlandiya (3 xal) Braziliya ilə qarşılaşır. Şotlandlar heç-heçə etsələr belə, 4 xalla qrupdan çıxmağı demək olar rəsmiləşdirirlər. Məğlub olsalar, digər qruplardakı üçüncü yerlərin xal durumunu gözləməli olacaqlar.

Qeyd edək ki, qrup mərhələsinin 3-cü turun oyunları iyunun 27-də başa çatacaq. İyunun 28-də 32/1 final görüşləri başlayacaq. Türkiyə, Haiti, Tunis, İordaniya və Panama Dünya çempionatı ilə rəsmən vidalaşıb. Ələnəcək daha 11 komandanın adına isə 3-cü turun qarşılaşmalarından sonra aydınlıq gələcək.

Q.YUSİFOĞLU
XQ









İdman