Azərbaycan Namanqan Muğam Sənəti Festivalında

post-img

Özbəkistanın Namanqan şəhərində III beynəlxalq Muğam Sənəti Festivalı keçirilir.

Festivala UNESCO, ICESCO, Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Parlament Assambleyası, Türk Mədəniyyəti və İrsi Fondu və digər beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət nazirləri, xarici ölkələrin səfirləri, dünyanın 80 ölkəsindən gələn 250-dən çox mədəniyyət və incəsənət xadimi, beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət nazirləri və diplomatlar qatılıb.

Musiqi bayramında ölkəmizi Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Mədəniyyət Nazirliyinin nümayəndəsi Nəsibə Əsgərova, sənətşünaslıq üzrə fəlsəfə doktoru. Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, xanəndə Kamilə Nəbiyeva və müsiqiçilər daxildir. Azərbaycanın Əməkdar artisti, Özbəkistanın mədəniyyət səfiri, tarzən Sahib Paşazadə festivala qonaq kimi qatılıb.

Musiqi bayramıın açılışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev forumun UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş muğam sənətinin qorunması, öyrənilməsi və populyarlaşdırılması üçün mühüm beynəlxalq platformaya çevrildiyini qeyd edib. Prezident çıxışında muğamın təkcə musiqi janrı deyil, həm də millətin mənəvi irsinin mühüm bir hissəsi olduğunu vurğulayıb.

Prezident deyib: "Muğam millətin yaddaşıdır, xalqın ürəyidir və əsrlər boyu əks-səda verən ruhunun səsidir. Daşkənddə Dünya Muğam Mərkəzi statusu ala biləcək nadir Muğam Mərkəzinin yaradılmasını təklif edirəm. Onun rəhbərliyi altında Beynəlxalq Muğam Akademiyasının açılması planlaşdırılır. Burada özbək məktəbləri ilə yanaşı, Azərbaycan, ərəb, türk, fars, tacik, hind və digər Şərq klassik musiqi ənənələri də öyrəniləcək”.

Festival öz işini davam etdirir.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Namanqan

Mədəniyyət