Dənizçilik təkcə peşə deyil, həm də məsuliyyət, cəsarət və fədakarlıq məktəbidir. Minilliklər boyu xalqları, ölkələri və qitələri bir-birinə bağlayan dəniz yolları bəşər sivilizasiyasının inkişafında mühüm rol oynayıb. Bu yolların təhlükəsizliyini təmin edən, beynəlxalq ticarətin fasiləsiz fəaliyyətinə töhfə verən dənizçilər isə hər zaman xüsusi hörmət və ehtirama layiq görülüblər. Məhz buna görə də iyunun 25-i həm dünyada, həm də Azərbaycanda dənizçilərin əməyinə verilən yüksək dəyərin ifadəsi kimi qeyd olunur.
Bu əlamətdar günün Azərbaycan üçün xüsusi məna daşımasının başlıca səbəblərindən biri Prezident İlham Əliyevin dəniz nəqliyyatı işçilərinin fəaliyyətinə göstərdiyi yüksək diqqət və qayğıdır. Dövlət başçısının 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə hər il iyunun 25-i ölkəmizdə rəsmi olaraq “Dənizçi Günü” peşə bayramı elan edilib. Sərəncamda qeyd olunur ki, hər il iyun ayının 25-i “Dənizçi günü” peşə bayramı kimi qeyd edilsin. Bu qərar Azərbaycanın dənizçilik ənənələrinə, dəniz nəqliyyatı sahəsində çalışan insanların əməyinə verilən yüksək qiymətin bariz ifadəsi kimi tarixə düşüb.
Təsadüfi deyil ki, həmin dövrdə Prezident İlham Əliyev dəniz nəqliyyatının inkişafında xidmətləri olan bir qrup işçinin təltif edilməsi ilə bağlı da sərəncamlar imzalayıb. Bu addımlar dövlətin dənizçilik sahəsinə və bu sahədə çalışan insanlara xüsusi diqqətinin göstəricisi olub.
Azərbaycan qədim dənizçilik ənənələrinə malik ölkələr sırasındadır. Xəzər dənizi əsrlər boyu xalqımızın iqtisadi və sosial həyatında mühüm yer tutub. XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin sürətli inkişafı Xəzərdə gəmiçiliyin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Dünyada ilk neftdaşıyan barjın və ilk tankerlərdən birinin məhz Xəzər hövzəsində istismar edilməsi Azərbaycan dənizçiliyinin tarixində mühüm səhifələrdən hesab olunur. Azərbaycan gəmiçiliyinin təşkilatlanmış əsasının 1858-ci ildə “Qafqaz və Merkuri” Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulması isə ölkəmizin bu sahədə zəngin irsə malik olduğunu təsdiqləyir.
Müstəqillik illərində, xüsusilə də Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın dəniz nəqliyyatı sahəsində mühüm uğurlar əldə olunub. Xəzər hövzəsinin ən böyük ticarət donanmalarından birinin formalaşdırılması, gəmi parkının yenilənməsi, dənizçilik infrastrukturunun müasirləşdirilməsi və beynəlxalq standartlara uyğun kadr hazırlığının təşkili bu istiqamətdə həyata keçirilən siyasətin mühüm nəticələridir.
Bu gün Azərbaycan dənizçiləri yalnız Xəzər hövzəsində deyil, beynəlxalq sularda da ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, beynəlxalq yükdaşımaların artması və ölkəmizin mühüm tranzit mərkəzinə çevrilməsi dəniz nəqliyyatının strateji əhəmiyyətini daha da artırır. Bu nailiyyətlərin əldə olunmasında minlərlə Azərbaycan dənizçisinin peşəkarlığı və zəhməti mühüm rol oynayır.
Artıq on ildən çoxdur ki, ölkəmizdə Dənizçi Günü dövlət səviyyəsində qeyd olunur. Bu tarix münasibətilə dəniz nəqliyyatı işçilərinin peşəkar fəaliyyəti yüksək qiymətləndirilir, onların xidmətləri ictimaiyyətə təqdim edilir, dənizçilik ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Dənizlər sərhəd tanımadığı kimi, dənizçi əməyinin də dəyəri zaman və məkan çərçivəsinə sığmır. Bu peşə sahibləri ölkələrin iqtisadi qüdrətinin artmasına, beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə və xalqlar arasında əlaqələrin genişlənməsinə xidmət göstərirlər. İyunun 25-i isə həmin fədakar insanların əməyinə ehtiramın, dövlət qayğısının və cəmiyyət minnətdarlığının təntənəsidir.
Bu gün Azərbaycan dənizçiləri zəngin ənənələrə söykənərək müasir inkişaf yolunda inamla irəliləyir, ölkəmizin dənizçilik şöhrətini yeni uğurlarla zənginləşdirirlər. Dənizlərin qoynunda Vətənə xidmət edən bütün dənizçilərimizi peşə bayramı münasibətilə təbrik edir, onlara səfərlərində uğurlar, sakit sular və yeni nailiyyətlər arzulayırıq.
Nurəngiz Adilqızı
XQ

