Bakıda sayca XI “Azərbaycan Beynəlxalq Sığorta Forumu” dünən öz işinə başlayıb. Sığortaçılar Assosiasiyasından verilən məlumata görə, Mərkəzi Bankın strateji dəstəyi ilə keçirilən forum bu gün də davam edəcək.
Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Azər Əmiraslanov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı, ASA-nın Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova və İcbari Sığorta Bürosunun İcraçı direktorunun müavini Seymur Mirzəyev çıxış ediblər.
Ənənəvi olaraq Azərbaycanda keçirilən forumda bu il 20-dən çox ölkədən (Qafqaz regionu, Orta Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələri) peşəkar sığorta, təkrarsığorta və broker şirkətlərinin top-menecerlərinin, o cümlədən dövlət rəsmiləri, millət vəkilləri, yerli sığortaçılar və aidiyyəti təşkilatlar rəsmiləri iştirak edirlər.
Ümumilikdə, 400-ə yaxın iştirakçısı olan forum çərçivəsində özəl pensiya sistemləri, təbii fəlakətlər fonunda təkrarsığorta, türk dövlətlərinin sığorta bazarının birgə inkişaf imkanları, həyat və sağlamlıq sığortaları, sığorta brokerliyində qlobal trendlər, sığorta sahəsində peşəkar təhsil və s. kimi mövzularda panel müzakirələrinin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Sığorta Forumu” artıq 11-ci dəfədir ki, ənənəvi olaraq ölkəmizdə keçirilən və Qafqaz regionunun ən mühüm qlobal sığorta əməkdaşlığı platformasıdır.
Forumda çıxış edən Əliyar Məmmədyarov son illərdə Azərbaycanda sığorta sektorunun inkişafı istiqamətində əldə olunan mühüm nailiyyətlərdən söz açıb. O bildirib ki, bu inkişafda sığorta şirkətlərinin xidmət çeşidlərinin genişlənməsi və xidmət keyfiyyətinin artması, əhalinin sığorta məlumatlığının yüksəlməsi, eləcə də Mərkəzi Bank tərəfindən həyata keçirilən sistemli islahatlar mühüm rol oynayıb.
Sədrin birinci müavini qeyd edib ki, sığorta bazarında aparılan təkmilləşmələr sektorun dayanıqlılığının möhkəmlənməsinə və inkişaf tempinin sürətlənməsinə mühüm töhfə verib: “Bu, son illərdə əsas maliyyə göstəricilərində müşahidə olunan müsbət dinamika ilə də təsdiqlənir. Belə ki, son 2 il ərzində sığorta haqları 23 faiz artaraq 1.5 milyard manata, sığorta ödənişləri isə 57 faiz artaraq 0.9 milyard manata çatmışdır. Eyni zamanda, sektorun aktivləri 18 faiz artaraq 2.1 milyard manat təşkil etmişdir”.
O əlavə edib ki, hazırda Mərkəzi Bank tərəfindən növbəti strateji dövrü əhatə edən yeni İnkişaf Strategiyası hazırlanır. Onun sözlərinə görə, növbəti strateji dövr ərzində risk əsaslı prudensial nəzarət modelinin tam şəkildə formalaşdırılması, reaktiv nəzarət modelindən proaktiv nəzarət modelinə keçid, xüsusi tənzimləmə rejiminin tətbiqinin genişləndirilməsi, alternativ sığorta məhsullarının (məsələn, takaful sığortası) tətbiqi, istehlakçı hüquqlarının daha etibarlı müdafiəsi və məmnuniyyətinin yüksəldilməsi, eləcə də rəqəmsal innovasiyaların genişləndirilməsi prioritetlər sırasında olacaqdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı bildirib ki, müasir dövrdə qlobal iqtisadiyyatın üzləşdiyi geosiyasi gərginliklər, iqlim dəyişiklikləri, rəqəmsal transformasiya və demoqrafik dəyişikliklər sığorta sektorunun rolunu daha da artırıb. O vurğulayıb ki, Azərbaycan Respublikasında həyata keçirilən ardıcıl iqtisadi islahatlar, xüsusilə də cənab Prezident tərəfindən “Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiqi maliyyə sektorunun modernləşdirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi və innovativ maliyyə həllərinin tətbiqinə təkan verməklə yanaşı, sığorta bazarının daha dayanıqlı və inklüziv inkişafı üçün yeni perspektivlər açıb.
Onun sözlərinə görə, son illər Azərbaycan sığorta bazarının nümayiş etdirdiyi dinamika sektorun əhəmiyyətli inkişaf potensialına malik olduğunu aydın şəkildə göstərir: “2022–2025-ci illər ərzində ölkədə toplanmış sığorta haqları 971 milyon manatdan 1,5 milyard manata yüksələrək təxminən 55 faiz artıb. Eyni dövrdə sığorta ödənişlərinin həcmi 433 milyon manatdan 921 milyon manata çataraq iki dəfədən çox artıb. Müsbət tendensiya adambaşına düşən sığorta haqlarında da özünü göstərir. Belə ki, bu göstərici 2022-ci ildə 95 manat olduğu halda, 2025-ci ildə 147 manata yüksəlib.
Bununla yanaşı, sığorta sektorunun iqtisadiyyatda rolunu əks etdirən penetrasiya səviyyəsi də artaraq 0,73 faizdən 1,17 faizə çatıb. O cümlədən 2022–2025-ci illər dövründə həyat və qeyri-həyat sığorta şirkətlərində aktivlərin rentabelliyi (ROA) fərqli dinamikalar nümayiş etdirib. Belə ki, həyat sığorta şirkətlərində ROA göstəricisi təxminən 8 faiz səviyyəsində sabit qalıb, qeyri-həyat sığorta şirkətlərində isə 4 faizdən 7 faizə qədər yüksəlib.
Onu da qeyd edək ki, 2025-ci ildə unikal sığorta müqaviləsi sahiblərinin (həyat və qeyri-həyat sığorta növləri üzrə) ümumi sayının yetkin əhali arasında payı 25 faiz təşkil edib. “Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində isə bu göstəricinin 32 faizə çatdırılması hədəflənib”.
Forumda çıxış edən ASA-nın Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova qeyd edib ki, son illərdə Azərbaycanın sığorta bazarı mühüm inkişaf yolu keçib.
– Bu gün qürurla deyə bilərik ki, son dörd ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə böyüyüb. Bu inkişaf dövlət tərəfindən müəyyən edilmiş strateji hədəflərə, Azərbaycan Respublikası Mərkəzi Bankının həyata keçirdiyi islahatlara və bazar iştirakçılarının birgə səylərinə əsaslanır.
Müşahidə Şurasının sədri bildirib ki, qlobal sığorta bazarında da əsas müzakirə mövzuları dəyişən risklər və bu risklərə uyğun yeni həllər ətrafında formalaşır: “Son illərdə təbii fəlakətlərin intensivliyinin artması, kiberrisklərin genişlənməsi və əhalinin yaşlanması sığorta sektorunun qarşısında yeni vəzifələr yaradır. Bu çağırışlar bizdən daha çevik olmağı, innovativ məhsullar yaratmağı və müştərilərin dəyişən ehtiyaclarına daha sürətli uyğunlaşmağı tələb edir.
Bu məqsədlə “2027–2030-cu illər üzrə Maliyyə İnklüzivliyinin Genişləndirilməsi Dövlət Proqramı” çərçivəsində sığorta sektorunun inkişafı üçün sığorta xidmətlərinin əlçatanlığının artırılması, rəqəmsal həllərin genişləndirilməsi, könüllü sığortaların inkişafı və maliyyə xidmətlərindən daha geniş istifadə imkanlarının yaradılması qarşıdakı dövr üçün əsas prioritetlər kimi müəyyən olunub”.
Musa BAĞIRLI
XQ

