EATDA və QS ali təhsil sahəsində əməkdaşlığı genişləndirir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Macarıstanın Budapeşt şəhərində keçirilən “QS Higher Ed: Europe 2026” sammiti çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) ilə “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə XQ-yə Agentlikdən məlumat verilib.

Bildirilib ki, Memorandum EATDA-nın direktoru Ülkər Səttarova və QS-in baş vitse-prezidenti Ben Sauter tərəfindən imzalanıb. Sənəd tərəflər arasında növbəti illər üzrə əməkdaşlığın prioritet istiqamətlərini müəyyən etməklə ali təhsil sahəsində birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.

Əməkdaşlığın əsas istiqamətlərindən biri “QS Future Skills” (“QS Gələcək Bacarıqlar”) layihəsinin həyata keçirilməsidir. Layihə çərçivəsində Azərbaycan universitetlərinin tələbə və məzunları üçün fərdi karyera trayektoriyalarının hazırlanması, təhsil proqramlarının müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması, gələcəyin peşə və bacarıqlarının müəyyənləşdirilməsi, eləcə də yeni ixtisas istiqamətlərinin proqnozlaşdırılması nəzərdə tutulur.

Anlaşma Memorandumunun ali təhsil müəssisələrinin beynəlxalq rəqabətqabiliyyətinin artırılmasına, əmək bazarının tələblərinə cavab verən insan kapitalının hazırlanmasına və universitetlərin qlobal təhsil məkanına inteqrasiyasının daha da gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.

N.Adilqızı
XQ

Təhsil