Orta Dəhlizin əsası 2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın təşəbbüsü ilə qoyulub. Sonrakı illərdə marşruta Türkiyə ilə yanaşı, Ukrayna, Rumıniya, Polşa və digər ölkələr də qoşulub. Dəhliz Çindən başlayaraq Qazaxıstan ərazisindən keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxışı təmin edir. Orta Dəhliz Şərqlə Qərbi birləşdirən mühüm ticarət körpüsü funksiyasını yerinə yetirir.
Əslində, bu marşrutun formalaşması birdən-birə baş verməyib. Azərbaycan hələ 2000-ci illərin əvvəllərindən etibarən Şərq-Qərb nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, avtomobil yollarının və logistika infrastrukturunun müasirləşdirilməsi Orta Dəhlizin gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Məhz bu səbəbdən Azərbaycan hazırda marşrutun əsas həlqələrindən biri hesab olunur. Qars stansiyası Orta Dəhlizin qlobal nəqliyyat sisteminə inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Bakı və Tbilisidən gələn yüklər burada Avropanın dəmir yolu şəbəkəsinə birləşir. Məhz bu mərhələdən sonra marşrut Avropaya doğru açılır və yüklər beynəlxalq bazarlara çıxış imkanı qazanır.
Qarsdan yola çıxan yüklər ilkin mərhələdə Türkiyə ərazisi boyunca müxtəlif logistika mərkəzləri vasitəsilə yönləndirilir. Ankara əsas logistika qovşağı kimi çıxış edir, İstanbul isə Avropaya çıxışın başlıca qapısı funksiyasını yerinə yetirir. Mersin limanı isə Aralıq dənizi istiqamətində əlavə çıxış imkanı yaradır. İstanbul üzərindən daşınan yüklər Marmaray tuneli vasitəsilə Asiyadan Avropaya fasiləsiz şəkildə keçərək Orta Dəhlizin Avropa mərhələsinin başlanğıcını formalaşdırır.
Bu mərhələdə yüklər Balkan marşrutu üzrə hərəkət edərək əvvəlcə Bolqarıstan, daha sonra Rumıniya, Macarıstan və Slovakiya ərazilərindən keçməklə Mərkəzi Avropaya daxil olur. Buradan etibarən daşımalar daha geniş paylanma şəbəkəsinə inteqrasiya olunur və Almaniya, Polşa və Çexiya əsas logistika mərkəzləri kimi çıxış edir. Bu ölkələr Orta Dəhliz vasitəsilə Avropaya daxil olan yüklərin bölgü və yönləndirilməsində mühüm rol oynayır.
Daha sonra yüklər Qərbi Avropa istiqamətində hərəkət edərək Niderland, Belçika və Fransa kimi ölkələrə çatdırılır. Xüsusilə Rotterdam limanı vasitəsilə bu yüklər qlobal dəniz ticarət şəbəkəsinə qoşulur və ya birbaşa son istehlak bazarlarına yönləndirilir. Alternativ marşrut kimi, Orta Dəhliz Türkiyə üzərindən cənub istiqamətində də davam edə bilər. Bu halda yüklər İtaliya və İspaniya kimi ölkələrə yönləndirilərək Aralıq dənizi limanları vasitəsilə beynəlxalq bazarlara inteqrasiya olunur. Beləliklə, Orta Dəhliz Asiya ilə Avropa arasında sürətli, etibarlı və çoxşaxəli nəqliyyat bağlantısı yaradaraq qlobal ticarət sisteminin əsas logistika zəncirlərindən birinə çevrilir.
***
Orta Dəhlizin cəlbediciliyi əsasən onun sürət üstünlüyü ilə izah olunur. Çindən Avropaya Orta Dəhliz vasitəsilə quru yolla daşınan yüklər, təxminən bir ay yarım davam edən dəniz daşımaları ilə müqayisədə, 2–3 həftə ərzində ünvanına çatdırıla bilir. Bu, xüsusilə vaxt həssaslığı olan yüklər üçün Orta Dəhlizi daha rəqabətqabiliyyətli edir. Qeyd edək ki, bu il Astanada Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin iclası və ümumi yığıncağı keçirilərkən iştirakçı ölkələr 2026-cı il üçün müfəssəl fəaliyyət planını təsdiqləyiblər. Təsdiqlənmiş plan konteyner daşımalarının həcmlərinin artırılmasını, o cümlədən bu il Çindən Qazaxıstan vasitəsilə 600 konteyner qatarının tranzitini nəzərdə tutur. Eyni zamanda, Xəzər dənizinin limanları və terminalları arasında koordinasiya gücləndiriləcək və marşrutun əsas hissələrində texnoloji proseslər optimallaşdırılacaq.
Azərbaycanın Orta Dəhlizin inkişafında maraqlı olması bir sıra strateji amillərlə bağlıdır. İlk növbədə, bu marşrut ölkənin tranzit potensialını artırır və qeyri-neft sektorunun inkişafına xidmət edir. Nəqliyyat, logistika və xidmət sahələrinin genişlənməsi yeni gəlir mənbələrinin yaranmasına və iqtisadiyyatın şaxələndirilməsinə imkan verir. Eyni zamanda, tranzit daşımalarından əldə olunan gəlirlər dövlət büdcəsinə əlavə vəsait gətirir. Digər tərəfdən, Orta Dəhliz Azərbaycanın geosiyasi mövqeyini gücləndirir. Şərqlə Qərb arasında mühüm bağlantı nöqtəsinə çevrilən Azərbaycan həm regionda, həm də beynəlxalq müstəvidə strateji əhəmiyyətini artırır. Ölkənin etibarlı tərəfdaş imici və sabit siyasi mühiti beynəlxalq şirkətlər və dövlətlər üçün Azərbaycanı cəlbedici tranzit mərkəzinə çevirir.
Son illər ərzində Orta Dəhliz üzrə Azərbaycan ərazisindən həyata keçirilən yük daşımalarının həcmi təxminən 90 faiz yüksəlib. Daşınma müddəti isə nəzərəçarpacaq dərəcədə qısalıb. Mövcud proqnozlara əsasən, 2030-cu ilədək bu dəhlizin yükdaşıma potensialının 2021-ci illə müqayisədə təxminən üç dəfə artacağı, yüklərin tranzit vaxtının isə iki dəfə azalacağı gözlənilir.
Bundan başqa, ötən il 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə, Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsinə xidmət edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) əsasını qoyub. Bu təşəbbüsün Orta Dəhlizin mühüm seqmentlərindən birinə çevriləcəyi və Asiyanı Avropa ilə birləşdirən nəqliyyat əlaqələrini daha da gücləndirəcəyi gözlənilir. TRIPP-in beynəlxalq yükdaşımalarının tranzit imkanlarını genişləndirməsi, region ölkələrinin iqtisadi rifahına töhfə verməsi və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasını sürətləndirməsi perspektivləri yüksək qiymətləndirilir.
M.BAĞIRLI
XQ

