Strateji sənədin bölgələrdə müzakirəsi davam edir
Sabirabadda pambıqçılıq müşavirəsi
Dünən Sabirabad rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı regional müşavirə keçirildi.
Prezident İlham Əliyevin sədrliyi ilə 2026-cı il 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə təşkil edilmiş müşavirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, pambıqçılıq sahəsi üzrə ixtisaslaşmış Neftçala, Salyan, Biləsuvar, İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağdam, Tərtər, Bərdə, Goranboy, Yevlax, Kürdəmir, Sabirabad, Saatlı, Zərdab rayonlarından fermer və sahibkarlar iştirak etdilər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirdi ki, dövlət başçısının tapşırığına əsasən iyunun 12-dən başlayaraq 13 iqtisadi zona üzrə bu proqramın geniş müzakirələri aparıldı. Müzakirələrə ümumilikdə 4 565 nəfər qatıldı, aqrar sektorda fəaliyyət göstərən fermerlər və sahibkarlar Azərbaycan Respublikası Prezidentinin çağırışını dəstəklədiklərini bildirərək mühüm təşəbbüslərlə çıxış etdilər. Prezident Administrasiyasının rəsmisi qeyd etdi ki, Dövlət Proqramında prioritet istiqamətlərdən biri olan pambıqçılıqda dövlət başçısının tapşırıqlarına uyğun olaraq son illərdə həyata keçirilən sistemli tədbirlər pambıq istehsalının artmasına, məhsuldarlığın yüksəlməsinə və kənd yerlərində məşğulluğun genişlənməsinə şərait yaradıb. Vurğulandı ki, yeni Dövlət Proqramı pambıqçılığın intensiv inkişafını, müasir suvarma və aqrotexniki texnologiyaların tətbiqini, həmçinin emal sənayesinin gücləndirilməsini nəzərdə tutur. Bildirildi ki, proqramın uğurlu icrası pambıqçılığın iqtisadi səmərəliliyini artıracaq, ixrac imkanlarını genişləndirəcək və qeyri-neft sektorunun inkişafına əlavə töhfə verəcək.
Daha sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov pambıqçılıq sahəsində mövcud vəziyyət, inkişaf meyilləri və qarşıda duran əsas vəzifələr barədə məlumat verdi. Nazir bu sahənin potensialından daha səmərəli istifadə olunmasının, məhsuldarlığın yüksəldilməsinin və istehsal prosesində müasir yanaşmaların tətbiqinin vacibliyini qeyd etdi. Həmçinin pambıqçılıqda mövcud çağırışlar, resurs təminatının yaxşılaşdırılması və emal imkanlarının genişləndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər diqqətə çatdırdı. Məcnun Məmmədov əlavə etdi ki, yeni Dövlət Proqramında pambıqçılığın klaster prinsipi əsasında inkişafı, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, texnika təminatının yaxşılaşdırılması və emal sənayesinin gücləndirilməsi əsas prioritetlər kimi müəyyən olunub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov pambıqçılığın dayanıqlı inkişafında su təminatının həlledici rol oynadığını vurğuladı. Bildirildi ki, son illərdə ölkədə suvarma infrastrukturunun modernləşdirilməsi, yeni su mənbələrinin yaradılması və magistral kanalların yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilir. Qeyd olundu ki, Şirvan və Qarabağ suvarma kanalları da daxil olmaqla icra olunan layihələr pambıqçılıq üzrə ixtisaslaşmış rayonlarda su təminatının yaxşılaşdırılmasına və məhsuldarlığın artırılmasına xidmət edəcək. Zaur Mikayılov, həmçinin su ehtiyatlarından səmərəli istifadənin vacibliyini qeyd edərək müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsinin əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırdı.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli dedi ki, pambıqçılıq ölkənin qeyri-neft iqtisadiyyatının inkişafında, ixrac potensialının artırılmasında və regionlarda iqtisadi fəallığın genişlənməsində mühüm rol oynayır. Qeyd olundu ki, Dövlət Proqramında pambıqçılığın yalnız xammal istehsalı istiqamətində deyil, həm də emal sənayesi ilə inteqrasiya olunmuş şəkildə inkişaf etdirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Səməd Bəşirli vurğuladı ki, yeni iplik, parça və tekstil istehsalı müəssisələrinin yaradılması əlavə dəyər zəncirinin genişlənməsinə, yeni iş yerlərinin açılmasına və ixrac gəlirlərinin artmasına imkan verəcək. Bildirildi ki, dövlət tərəfindən tətbiq olunacaq dəstək mexanizmləri və investisiya təşviqləri sahənin rəqabət qabiliyyətinin yüksəldilməsinə və özəl sektorun bu istiqamətdə fəallığının daha da artırılmasına xidmət edəcək.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda aqrar sahədə əldə olunan nəticələr, pambıqçılığın inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. Bildirildi ki, dövlət dəstəyi, müasir aqrotexniki yanaşmalar və suvarma infrastrukturunun təkmilləşdirilməsi hesabına Sabirabad rayonunda kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafı istiqamətində müəyyən edilmiş hədəflərə nail olunması üçün bütün imkanlar səfərbər ediləcək.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun pambıqçılıq sahəsində ölkənin qabaqcıl bölgələrindən biri olduğunu, 2025-ci ildə əldə edilən yüksək məhsuldarlıq göstəricilərinin fermerlərin zəhməti və dövlət dəstəyinin nəticəsi olduğunu qeyd etdi. O söylədi ki, pambıqçılığın inkişafı həm kənd təsərrüfatının, həm də emal sənayesinin inkişafına mühüm töhfə verir və cari ildə də yüksək nəticələrin əldə olunacağı gözlənilir. İcra başçıları qarşıya qoyulan hədəflərə nail olunması və pambıqçılığın daha da inkişaf etdirilməsi istiqamətində bütün mövcud imkanların səfərbər ediləcəyini bildirdilər. Müşavirədə iştirak edən fermerlər və sahibkarlar, pambıq şirkətlərinin nümayəndələri cari ildə pambıq istehsalına hazırlıq, qarşıda duran vəzifələr, pambıqçılığın inkişafı və hədəflərlə bağlı fikirlərini bölüşdülər. Çıxışlarda pambıq istehsalında məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi, suvarma təminatının yaxşılaşdırılması və dövlət dəstəyi mexanizmlərinin əhəmiyyəti vurğulandı, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür ifadə olundu.
Müşavirənin yekununda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev qeyd etdi ki, pambıqçılığın inkişafı üzrə müəyyən edilən prioritetlərin icrası kompleks və əlaqələndirilmiş yanaşma tələb edir. O dedi ki, qarşıdakı dövrdə əsas diqqət məhsuldarlığın artırılmasına, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsinə, texnika təminatının yaxşılaşdırılmasına və emal sənayesinin inkişafına yönəldiləcək. Zeynal Nağdəliyev dövlət başçısının müəyyən etdiyi vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsinin vacibliyini vurğulayaraq yerli icra hakimiyyəti orqanlarını, fermerləri və sahibkarları bu prosesdə fəal iştirak etməyə çağırdı. Bildirildi ki, müşavirə zamanı səsləndirilən təkliflər ümumiləşdirilərək Dövlət Proqramının icrası çərçivəsində nəzərə alınacaq və aqrar sahənin dayanıqlı inkişafının təmin olunması istiqamətində zəruri tədbirlər davam etdiriləcək.
***
Müşavirə çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov XQ-nin suallarını cavablandırdı:
– Müasir istixanaların qurulması istiqamətində hansı yeni yanaşmalar tətbiq olunur?
– Müasir istixanaların qurulması istiqamətində əsas məqsəd və yanaşma ondan ibarətdir ki, bu təsərrüfatların daha səmərəli və planlı şəkildə yerləşdirilməsi təmin olunsun. Həmin çərçivədə istixanaların aqropark zonalarında, sənaye zonalarında və digər uyğun aqrar ərazilərdə təşkili nəzərdə tutulur. Bu yanaşma həm istehsal imkanlarının artırılmasına, həm də fermer və sahibkarların fəaliyyətinin daha əlverişli şəraitdə qurulmasına imkan yaradacaq. Dövlət tərəfindən zəruri infrastrukturun yaradılması da diqqət mərkəzindədir. Ərazilərdə kommunal xidmətlərin, enerji təminatının, su xətlərinin və digər texniki infrastrukturun qurulması nəzərdə tutulur. Məqsəd müasir texnologiyalara əsaslanan istixana təsərrüfatlarının inkişafı üçün əlverişli mühit formalaşdırmaqdır. Təşviq sertifikatı əldə edən istixana təsərrüfatları üçün mühüm güzəştlər gözlənilir. Belə təsərrüfatlar növbəti 7 il ərzində ölkəyə idxal edəcəkləri avadanlıqlara, texniki qurğulara və istehsal materiallarına görə gömrük rüsumlarından və əlavə dəyər vergisindən azad olunacaqlar. Bununla yanaşı, növbəti yeddi il ərzində müxtəlif vergi güzəştlərinin tətbiqi də planlaşdırılır. Bu imkanlar sahibkarların investisiya imkanlarını artıracaq, istehsal xərclərinin azalmasına və istixana sektorunun daha sürətli inkişafına şərait yaradacaq. Eyni zamanda, istixanaların genişləndirilməsi və fəaliyyətinin daha effektiv idarə olunması məqsədilə uçot sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. Elektron kənd təsərrüfatı sistemi çərçivəsində bu sahənin tam uçota alınması, təsərrüfatların fəaliyyətinin izlənilməsi və idarəetmənin daha çevik həyata keçirilməsi təmin ediləcək.
Dövlət proqramlarına qoşulan istixana fermerləri müxtəlif əlavə dəstək mexanizmlərindən faydalana biləcəklər. Bu istiqamətlərdən biri kimi enerji təminatının yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır. Belə ki, qazdan elektrik enerjisi əldə olunması mexanizmi üzrə müvafiq avadanlıqların dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Bu mexanizm istixana təsərrüfatlarının enerji xərclərinin optimallaşdırılmasına, istehsal proseslərinin daha dayanıqlı qurulmasına və müasir texnologiyaların tətbiqinə əlavə imkan yaradacaq.
– Azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üzrə hansı layihələr həyata keçiriləcək?
– Qarabağ və Şərqi Zəngəzurda Dövlət proqramlarına uyğun olaraq kənd təsərrüfatının inkişafı istiqamətində mühüm layihələrin həyata keçirilməsi planlaşdırılır. Əsas hədəflər sırasında müasir suvarma sistemlərinin genişləndirilməsi, intensiv bağçılığın inkişaf etdirilməsi və yeni müasir bağların salınması dayanır. Qeyd edək ki, artıq bu istiqamətdə iki müsabiqə başa çatıb və azad edilmiş ərazilər üzrə 5 min hektardan çox müasir bağların salınması ilə bağlı müraciətlər daxil olub. Bu layihələr üzrə investorlar və sahibkarlarla müqavilələr bağlanıb. İstixana komplekslərinin yaradılması da azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafının əsas istiqamətlərindən biri hesab olunur. Azərbaycanda ilk böyük istixana komplekslərindən birinin məhz bu ərazilərdə, Araz Vadisi İqtisadi Zonası ərazisində, 230 hektar sahədə inşa olunması nəzərdə tutulur.
Bu layihə yerli istehsalın artırılması, müasir aqrar texnologiyaların tətbiqi və kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azad edilmiş ərazilərdə torpaq sahələrinin konsolidasiyasının həyata keçirilməsi nəzərdə tutulur. Bu proses torpaq resurslarından daha səmərəli istifadə etməyə, iri təsərrüfatların yaradılmasına və müasir aqrar layihələrin daha effektiv şəkildə reallaşdırılmasına imkan verəcək. Beləliklə, həyata keçirilən tədbirlər kənd təsərrüfatında yeni istehsal modelinin formalaşdırılmasına, innovativ yanaşmaların tətbiqinə və azad edilmiş ərazilərin iqtisadi potensialının daha geniş şəkildə istifadəsinə xidmət edəcək.
Nurlan ABDALOV
XQ
Sabirabad







