Şəmkir rayonu meyvə-tərəvəz ixracının önündə gedir

post-img

Ölkəmizin qərb bölgəsində yerləşən Şəmkir rayonu əlverişli iqlimi, münbit torpaqları və su ehtiyatlarının zənginliyi ilə seçilir. Bu amillər isə rayonda kənd təsərrüfatının, xüsusən də bitkiçiliyin, demək olar ki, bütün növləri ilə məşğul olmağa imkan verir. Son 3 ildə kənd təsərrüfatı məhsullarının həcminə görə lider olan Şəmkirdə ötən il 880,2 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ümumi respublika göstəricisinin 6,64 faizini təşkil edir. 

Dövlət tərəfindən aqrar sektorda tətbiq olunan güzəştlər, müxtəlif istiqamətli subsidiya mexanizmləri son illər Şəmkirli fermerlərin meyvəçiliyə marağını xeyli artırıb. Bunun da nəticəsində yeni intensiv meyvə bağlarının sahəsi əhəmiyyətli dərəcədə genişlənib. Rayonda mövcud 6 min 57 hektar meyvə və giləmeyvə bağlarından 123 min 546 ton məhsul yığılıb. 

Şəmkir rayonunda istehsal olunan kənd təsərrüfatı məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici bazarlara da ixrac edilir. 2025-ci ildə 16 min 147 ton pomidor, 4 min 655 ton göyərti, 9 min 593 ton xurma, 600 ton ərik, 112 ton gilas, 122 ton alça, 195 ton nektarin, 714 ton şaftalı, 90 ton xiyar və 647 ton moruq xarici bazarlara ixrac edilib. Bu isə ölkəyə valyuta daxilolmalarının artmasına mühüm töhfə verib. 

XQ

İqtisadiyyat