“Şəmkir Aqropark” ölkədə intensiv bağçılığın inkişafına mühüm töhfələr verir

post-img

“Şəmkir Aqropark” MMC Cənubi Qafqazda aqropark formatlı ilk kənd təsərrüfatı layihəsidir. Müəssisənin logistika mərkəzinin təməli ölkə Prezidenti İlham Əliyevin 2014-cü ilin noyabrın 15-də Şəmkir rayonuna səfəri çərçivəsində qoyulub. 2017-ci il avqustun 20-də isə dövlət başçısının iştirakı ilə aqroparkın açılışı olub.

Aqroparkın əsas staretji məqsədləri kənd təsərrüfatının inkişafı üzrə dövlət siyasətinin dəstəklənməsi, sektorun iştirakçıları üçün elmi-texniki və biznes mərkəzinə çevrilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılmasıdır. Parkın fəaliyyətinin əsasını sahibkarlara müasir texnologiyalar təklif etmək, istehlakçıları keyfiyyətli və ekoloji təmiz məhsullarla təmin etmək, eyni zamanda, kənd təsərrüfatı sahəsində innovativ xidmətlər təklif etməklə qeyri-neft sektorunun inkişafını və respublikanın ixrac potensialını artırmaqdan ibarətdir. 

“Şəmkir Aqropark”ın istifadəsində əkin sahələri ilə yanaşı, maşın-tarktor parkı, saxlanma kameraları, su anbarı, nasosxana, logistika mərkəzi, müxtəlif təyinatlı anbarlar və çeişidləmə sahələri, inzibati binalar və digər infrastruktur obeyktləri var. Ötən müddətdə aqroparkın ərazisində, ümumilikdə, 166 hektar sahədə meyvə bağları salınıb. Bunların da 37 hektarı ənənəvi üsulla salınmış 5-8 yaşlı armud, ərik, gilas, şaftalı, heyva və gavalıdan ibarət qarışıq bağlar, 129 hektarı isə 2025-ci ildə salınmış intensiv xurma və badam bağlarıdır. Həmin bağların suvarma suyuna olan tələbatı Şəmkirçay su anbarı və Kür çayına yaxın ərazidə yerləşən 6 ədəd subartezian quyusu vasitəsilə ödənilir. Sözügedən mənbələr mövcud bağların suvarma suyuna olan tələbatının mövsüm zamanı 15-20 faizini ödəyir.

İndi burada rəhbərlikdən tutumuş sıravi işçiyə kimi hamı ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın ölkənin aqrar sektorunun inkişafında yeni bir mərhələnin başlanğıcı olacağına inanır. Məhz bunun nəticəsidir ki, “Şəmkir Aqropark” MMC də ümumi inkişafa töhfə vermək üçün bir sıra təşəbbüslərlə çıxış etmək niyyətindədir. Bunun üçün isə imkanlar olduqca genişdir. Belə ki, 166 hektar meyvə bağlarından əlavə müəssisənin istifadəsində əkinə yararlı daha 343,58 hektar torpaq sahəsi var. Aqroparkın rəhbərliyi həmin torpaq sahəsində intensiv tipli yeni meyvə bağlarının salınması ilə bağlı investisiya layihəsi də hazırlayıb. 

Layihəyə əsasən, “Şəmkir Aqropark”ın təsərrüfat fəaliyyətinin genişləndirilməsi, istehsal həcminin artırılması və ixrac potensialının artırılması məqsədilə 344,58 hektar sahədə şaftalı-nektarin, ərik, xurma, gilas və badam bağlarının salınması, damcı suvarma sisteminin qurulması, bununla da, müəssisənin meyvə bağlarının ümumi sahəsinin 519,58 hektara çatdırılması planlaşdırılmışdır. Yeni salınacaq bağlarda orta illik məhsul istehsalının 3 min 942 ton olacağı proqnozlaşdırılır.

 “Şəmkir Aqropark” MMC-nin direktoru Etibar Yolçuyev bizimlə söhbət əsnasında təsərrüfatını inkişaf etdirmək üçün üzləşdikləri müəyyən çətinlikləri dilə gətirsə də, onların da yaxın zamanlarda aradan qaldırılacağna inandığını söylədi. O dedi:– Kənd təsərrüfatının, xüsusilə bağçılıq sahəsinin inkişafında su resurslarının həyati əhəmiyyəti vardır. Yuxarıda qeyd etdiyim səbəblərdən aqroparkın ərazisindəki meyvə bağlarının suvarılmasında bir sıra problemlər mövcuddur. Tərəfimizdən aparılmış araşdırma nəticəsində aqroparkda mövcud olan və salınması planlaşdırılan yeni meyvə bağlarının suvarma suyu ilə təminatı üçün strateji əhəmiyyətli mənbə kimi Maşın Kanalı hesab edilmişdir. Müvafiq layihə institutu tərəfindən aparılmış araşdırmaya əsasən, məlum olub ki, bağları Maşın Kanal vasitəsilə su ilə təmin etmək üçün diametri 500 mm, uzunluğu 9 kilometr olan təzyiqli boru kəmərinin tikintisinə ehtiyac  var.

Aparılmış qiymətləndirməyə əsasən, layihənin reallaşdırılması üçün 10,26 milyon manat vəsaitin tələb olunduğu dəqiqləşib. Həmin vəsaitin 6,12 milyon manatının “Şəmkir Aqropark” MMC tərəfindən, 4,14 milyon manatının isə Dövlət Proqramı vasitəsilə maliyyələşdirilməsi təklif olunur. Layihənin icrası nəticəsində Maşın Kanaldan 9 kilometr uzunluğunda təzyiqli boru xəttinin çəkilməsi ilə yanaşı, kanalın üzərində suyun götürülməsi üçün hər biri 100-110 litr su/saniyə məhsuldarlığa malik, iki aqreqatlı su nasos stansiyasının inşası da həyata keçiriləcək. Layihə icra olunduqdan sonra yeni salınacaq meyvə bağlarında 91 daimi və 120 mövsümü iş yerinin açılması mümkün olacaq. Bu isə yerli əhalinin məşğulluq məsələlərinin həllində mühüm rol oynayacaq.

Mirbağır YAQUBZADƏ

XQ

İqtisadiyyat