Milli Observatoriyanın təlim proqramları beynəlxalq səviyyədə akkreditasiya olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Böyük Britaniyanın The CPD Certification Service – CPD Sertifikatlaşdırma Xidməti tərəfindən beynəlxalq səviyyəli təlim qurumu kimi tanınaraq akkreditasiya olunub.

Milli Observatoriyanın 5 təlim proqramının (“Sorğuların təşkili” “MS Excel”, “İnsan Resurslarının İdarə Edilməsi”, “Natiqlik bacarığı”  və “Gender-əsaslı zorakılıqdan zərər çəkmiş şəxslər üçün keys-menecment”) beynəlxalq meyarlara uyğunluğu qiymətləndirilib və CPD standartlarına cavab verdiyi üçün təsdiq edilib. Xidmət həmin təlim proqramlarını öz rəsmi saytına yerləşdirib.

https://www.cpduk.co.uk/providers/national-observatory-on-labour-market-and-social-protection-affairs

Bu təlimlər iştirakçılara sorğu metodologiyası və məlumatların təhlili, verilənlərin idarə olunması və analitik hesabatların hazırlanması, HR proseslərinin müasir idarə olunması, effektiv ünsiyyət və ictimai çıxış bacarıqları, həmçinin həssas qruplarla iş və sosial müdafiə mexanizmlərinin tətbiqi üzrə bilik və bacarıqları qazandırır.

Milli Observatoriya tərəfindən keçirilən təlimləri uğurla başa vuran şəxslərə verilən sertifikatlar da beynəlxalq səviyyəli sertifikat olaraq tanınacaq. Bu akkreditasiya Milli Observatoriyanın təlimlərinin beynəlxalq səviyyədə tanınmasını təmin edir və iştirakçılara həm yerli, həm də qlobal əmək bazarında rəqabət üstünlüyü qazandırır.

Cari ilin sonuna kimi Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın daha bir neçə təliminin beynəlxalq səviyyədə akkreditasiya olunması nəzərdə tutulur.

Sosial həyat