AFFA-nın prezidenti Rövşən Nəcəf 15 yaşadək futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatının ev sahibliyinin Azərbaycana həvalə edilməsinə dair FIFA Şurasının Bürosunun qərarı ilə bağlı fikirlərini bildirib: “FIFA Şurasının Bürosunun qərarı ilə ölkəmiz cari ilin oktyabrında 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatına və 2026-cı il Festivalına ev sahibliyi edəcək.
Bu qərar ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına göstərdiyi diqqət və qayğının, dövlətimizin uğurlu idman siyasətinin parlaq nəticəsidir. Turnirin keçirilməsinin beynəlxalq yarışların, böyük və mötəbər tədbirlərin təşkilində zəngin təcrübəyə malik Azərbaycana həvalə olunması ölkəmizin idman dövləti kimi güclü mövqeyinin təzahürüdür.
İlk dəfə təşkil olunacaq və yeni formatda keçiriləcək dünya çempionatının ev sahibliyi üçün Azərbaycanın seçilməsi eyni zamanda AFFA ilə FIFA arasında uğurlu əməkdaşlığın növbəti nümunəsidir. Bu xüsusda, AFFA-ya göstərilən etimada görə FIFA rəhbərliyinə təşəkkürümüzü bildiririk. Bu əlamətdar hadisə münasibətilə Azərbaycanın futbol ictimaiyyətini ürəkdən təbrik edirik”.
Qeyd edək ki, U-15-lərin dünya çempionatı 22-31 oktyabr 2026-cı il tarixlərində təşkil olunacaq.

