Fiziklər gözlə görünməyən kvant effektini su ilə modelləşdirdilər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Okinava Elm və Texnologiya İnstitutunun alimləri kvant fizikasının ən müəmmalı hadisələrindən birini adi suyun köməyi ilə vizuallaşdırmağın unikal üsulunu tapıblar. Onlar xüsusi su rezervuarında dalğa burulğanları yaradaraq, elementar zərrəciklərin mürəkkəb davranışını əks etdirən "Aharonov-Bohm" effektini modelləşdiriblər.

Kvant fizikasında bir zərrəcik hər hansı qüvvə sahəsi ilə birbaşa təmasda olmasa belə, onun təsirini hiss edib dəyişə bilir. 1959-cu ildə irəli sürülən bu nəzəriyyəni laboratoriyada sübut etmək mikroskopik miqyas səbəbindən son dərəcə çətin idi. Alimlər bu çətinliyi aradan qaldırmaq üçün fərqli yanaşma tətbiq ediblər: təcrübədə elektronlar qismində su dalğalarından, maqnit sahəsinin əvəzinə isə mərkəzdə yaradılmış su girdabından istifadə olunub.

Əks tərəflərdən gələn dalğalar girdabın ətrafında toqquşduqda suyun səthində mayenin tamamilə hərəkətsiz qaldığı xüsusi "düyün xətləri" peydə olub. Ən qəribəsi odur ki, bu həndəsi naxışlar mərkəzdəki su burulğanının tam əksi istiqamətinə fırlanıb. Riyazi hesablamalar bunun real fiziki fenomen olduğunu təsdiqləyib.

Suyun səthində yaranan bu vizual xətlər real kvant təcrübələrində gözlə görünməsi qeyri-mümkün olan gizli effektləri tədqiq etməyə imkan verir. Gələcəkdə eyni qabda onlarla belə burulğan yaratmaqla, ifrat keçiricilər kimi mürəkkəb materialların daxilində baş verən gizli kvant proseslərini adi gözlə izləmək mümkün olacaq.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Elm