Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) media nümayəndələri ilə açıq dialoq formatında görüş təşkil edib.
XQ xəbər verir ki, görüşün əsas məqsədi ictimai məlumatlandırmanın daha çevik və düzgün aparılması, media ilə əməkdaşlığın genişləndirilməsi və tabeli tibb müəssisələrinin fəaliyyətinin kommunikasiya baxımından daha sistemli şəkildə qurulması olub.
Tədbirdə çıxış edən Zara İbrahimzadə tibb sahəsində kommunikasiya prosesinin yalnız informasiya ötürülməsi deyil, həm də ictimai etimadın formalaşmasına xidmət edən davamlı bir fəaliyyət olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsas məqsəd görülən işlərin və həyata keçirilən yeniliklərin cəmiyyətə vaxtında, aydın və düzgün şəkildə çatdırılmasıdır. O, “Bu gün görülən iş sabah nəticəsini verir” yanaşmasının qurumun kommunikasiya strategiyasında mühüm yer tutduğunu qeyd edib.
Daha sonra Rahim Hüseynov çıxış edərək tabeli tibb müəssisələrinin gündəlik fəaliyyəti və idarəetmə proseslərində koordinasiyanın vacibliyinə toxunub. O bildirib ki, media vasitəsilə gündəmə gətirilən mövzular bir çox hallarda real vəziyyətin qiymətləndirilməsinə və problemlərin daha aydın görünməsinə imkan yaradır. Onun fikrincə, vətəndaş müraciətlərinə daha operativ cavab verilməsi üçün mərkəzi idarəetmə ilə yerli tibb müəssisələri arasında əlaqələr gücləndirilməlidir.
Bahadur Rzayev isə media ilə davamlı dialoqun səhiyyə sistemində şəffaflıq və pasiyent yönümlü xidmətlərin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, vətəndaş müraciətləri və media sorğuları sistemdə mövcud olan çağırışların daha dərindən təhlilinə şərait yaradır. Onun sözlərinə görə, bu məsələlərə yanaşma yalnız ayrı-ayrı halların həlli ilə məhdudlaşmamalı, eyni zamanda sistemli həll mexanizmlərinin formalaşdırılmasına yönəlməlidir.
Görüşün sonunda jurnalistlərlə fikir mübadiləsi aparılıb, media sorğularının operativ cavablandırılması, tibb müəssisələri ilə bağlı məlumatların dəqiqləşdirilməsi və ictimai maraq doğuran mövzuların işıqlandırılması məsələləri müzakirə olunub. Bildirilib ki, bu formatda görüşlərin davamlı şəkildə keçirilməsi planlaşdırılır.





