Milli Kibertəhlükəsizlik Agentliyinin NİZAMNAMƏSİ

post-img

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 2 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (bundan sonra – Agentlik) ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmənin və nəzarətin (kritik informasiya infrastrukturlarına, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsinin) həyata keçirilməsini, həmçinin dayanıqlılığın artırılmasını, o cümlədən informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəlmiş hərəkətləri aşkarlamaq, araşdırmaq və qarşısını almaq üçün preventiv tədbirlər görülməsini (dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturları, eləcə də kritik informasiya infrastrukturları istisna olmaqla), mövcud və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, dövlət və qeyri-dövlət qurumlarının (bundan sonra – istifadəçilər) kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki dəstək göstərilməsini təmin edən (ali kateqoriya dövlət orqanlarına, mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə, habelə dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə aidiyyəti səlahiyyətli orqan vasitəsilə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə), habelə yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsinə qarşı tədbirlər görən və fərdi məlumatların mühafizəsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, həmçinin digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

1.5. Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları, loqotipi (emblemi) və blankları vardır.

1.6. Qanuna uyğun olaraq, Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.7. Agentliyin rəsmi adı aşağıdakı kimidir:

1.7.1. tam halda – “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs, qısaldılmış halda – MKA;

1.7.2. ingilis dilində tam halda – National Cybersecurity Agency, qısaldılmış halda – NCA.

1.8. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək;

2.1.2. müvafiq sahədə fəaliyyətin normativ hüquqi aktlara uyğun olaraq təşkilini, əlaqələndirilməsini, tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirmək;

2.1.3. kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətini koordinasiya (kritik informasiya infrastrukturlarına, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsini) etmək;

2.1.4. ölkə üzrə informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətlərin aşkarlanması, araşdırılması və qarşısının alınması üçün aidiyyəti qurumlarla birlikdə preventiv tədbirlər görmək;

2.1.5. informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadanlıqlarının və onların proqram təminatının, lokal və korporativ informasiya sistemlərinin və ehtiyatlarının təhlükəsizliyinə qarşı yönəldilmiş kiberhücumlar, kibertəhdidlər, baş vermiş kiberinsidentlər, qanunsuz müdaxilələr, ziyanverici proqramlar (bundan sonra – kibertəhlükələr) barədə dövlət orqanlarından (qurumlarından), sahəvi kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərindən, istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqları istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan və digər mənbələrdən daxil olan məlumatları toplamaq və təhlil etmək (kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə);

2.1.6. mövcud və yarana biləcək kibertəhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı həyata keçirmək, istifadəçilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki dəstək göstərilməsini təmin etmək (ali kateqoriya dövlət orqanlarına, mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə, habelə dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə aidiyyəti səlahiyyətli orqan vasitəsilə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə);

2.1.7. müvafiq sahə üzrə tövsiyələr vermək;

2.1.8. müvafiq sahə üzrə hazırlığı təmin etmək məqsədilə ölkədə və Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən digər aidiyyəti qurumlarla əməkdaşlıq etmək;

2.1.9. yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsi halları ilə bağlı qanunla müəyyən edilmiş tədbirlər görmək;

2.1.10. fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi və mühafizəsinin təmin edilməməsi halları ilə bağlı tədbirlər görmək;

2.1.11. müvafiq sahədə fəaliyyətin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, habelə innovativ ideya və layihələrin dəstəklənməsi məqsədilə aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər görmək;

2.1.12. müvafiq sahə üzrə dövlət–özəl tərəfdaşlığının inkişafı və təşviqi üçün tədbirlər görmək;

2.1.13. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Agentliyin vəzifələri və hüquqları

3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

3.1.3. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər vermək;

3.1.4. müvafiq sahədə qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə öz səlahiyyətləri çərçivəsində nəzarəti həyata keçirmək;

3.1.5. ölkədə ümumi kibertəhlükəsizlik vəziyyətini mütəmadi təhlil etmək, kibertəhlükəsizlik sahəsində ölkədə fəaliyyət göstərən informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyanı (kritik informasiya infrastrukturlarına, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsini) həyata keçirmək, istifadəçilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki dəstək göstərilməsini təmin etmək (ali kateqoriya dövlət orqanlarına, mühafizə olunan şəxslərə, qorunan və strateji obyektlərə, habelə dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə aidiyyəti səlahiyyətli orqan vasitəsilə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə);

3.1.6. ölkədə kibertəhlükəsizlik sahəsində koordinasiyanı (kritik informasiya infrastrukturlarına, dövlət orqanlarına (qurumlarına) məxsus olan informasiya infrastrukturlarına münasibətdə yalnız məlumat mübadiləsini) və preventiv tədbirlərin görülməsini, habelə kibertəhlükələr barədə məlumatların toplanılmasını və araşdırılmasını, eləcə də ölkə üzrə digər informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətlərin aşkarlanmasını, araşdırılmasını və qarşısının alınmasını təmin edən milli kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin fəaliyyətini təşkil etmək, milli və sahəvi kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri arasında vahid məlumatlandırma mexanizmlərini müəyyən etmək;

3.1.7. aidiyyəti qurumlardan, digər ölkələrin analoji qurumlarından, beynəlxalq təşkilatlardan, habelə fiziki və hüquqi şəxslərdən baş vermiş kibertəhlükələr və kiberinsidentlər barədə məlumatlar əldə etmək, toplamaq, həmçinin məlumatların tamlığını (dəqiq, səlis, aktual və bütöv olmasını) və əlçatanlığını (müraciətin, əldə etmənin, nəzarətdə saxlamanın mümkün olması) təmin etmək üçün tədbirlər görmək;

3.1.8. ümumi internet trafikində qlobal kiberhücumların qarşısını almaq məqsədilə telekommunikasiya operatoru və provayderi ilə birlikdə Nazirliklə razılaşdırılmış qabaqlayıcı tədbirlər həyata keçirmək;

3.1.9. istifadəçilərdən, proqram təminatı və texniki avadanlıqları istehsalçılarından, yerli və xarici ölkələrin kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərindən, xarici və digər mənbələrdən kibertəhlükələr və onların qarşısının alınması üçün tətbiq edilən proqram, texniki vasitələr haqqında daxil olan məlumatları toplamaq və təhlil etmək;

3.1.10. televiziya və radio yayımlarına, peyk sistemlərinin fəaliyyətinə maneə törətməyə yönəldilmiş kibertəhlükələrin müəyyən edilməsi ilə bağlı daxil olan müraciətləri araşdırmaq və müvafiq tədbirlər görmək;

3.1.11. kibertəhlükəsizliyin təmin edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və təhlili əsasında kibertəhlükələr, kibertəhlükəsizliyin təmin edilməsi üçün yararlı üsul və vasitələr, həmçinin açıq kodlu proqramlar barədə ölkə səviyyəsində məlumatlandırmanı (kritik informasiya infrastrukturunun təhlükəsizliyinə münasibətdə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqan vasitəsilə) həyata keçirmək, informasiya sistemlərinə və ehtiyatlarına qanunsuz müdaxilə hallarının qarşısının alınmasını təmin edən səmərəli proqramın, texniki vasitələrin seçilməsinə və tətbiqinə dair bülletenlər, tövsiyələr hazırlamaq;

3.1.12. istifadəçilərə qarşı kibertəhlükələrin qarşısının alınması, baş vermiş kiberhücumların mənbələrinin müəyyən edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə onlar barədə məlumatlar toplamaq və saxlamaq, həmin məlumatların normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada mühafizəsini təmin etmək;

3.1.13. ölkədə istifadəçilər tərəfindən geniş istifadə olunan proqram təminatlarını və texniki avadanlıqları təhlükəsizlik baxımından təhlil etmək, onlarda aşkar olunmuş zəifliklərin aradan qaldırılması ilə bağlı tövsiyələr vermək;

3.1.14. müvafiq sahədə baş verə biləcək kibertəhlükələrdən qorunmaq üçün tətbiq edilən texnoloji yeniliklər, yeni yaranan kibertəhlükələr və onların reallaşdırılması üsullarını və vasitələrini təhlil etmək;

3.1.15. kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahələri üzrə illik statistik hesabatlar hazırlamaq və özünün rəsmi internet informasiya ehtiyatında dərc etmək;

3.1.16. baş vermiş kibertəhlükələr barədə məlumatların operativ qəbulunu təşkil etmək və müvafiq tədbirlər görmək;

3.1.17. ölkədə kibertəhlükəsizliyin səviyyəsinin artırılması məqsədilə Nazirliyə təkliflər vermək;

3.1.18. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilmiş informasiyanın yayılmasının monitorinqini aparmaq, nəticələrinə dair aidiyyəti dövlət orqanlarını (qurumlarını) məlumatlandırmaq;

3.1.19. kiberhücumların qarşısının alınması məqsədilə internet informasiya ehtiyatlarının (dövlət orqanlarının (qurumlarının) internet informasiya ehtiyatları istisna olmaqla) fəaliyyətinin monitorinqini aparmaq;

3.1.20. yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət orqanlarından (qurumlarından) daxil olmuş məlumatlar əsasında müəyyən etmək, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə, habelə host provayderə yazılı xəbərdarlıq etmək və onlardan bu cür halların aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülməsini tələb etmək;

3.1.21. yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmasının həyata keçirilməsi ilə bağlı tədbirlər görmək və yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısını aparmaq, həmin siyahının host və internet provayderlər tərəfindən əldə edilməsinə və onun tətbiqinə riayət edilməsinə nəzarəti həyata keçirmək;

3.1.22. Azərbaycan Respublikasında lotereya təşkilatçısının və (və ya) idman mərc oyunları operatorunun məlumatı əsasında, telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkilinin və keçirilməsinin, qumar oyunlarında iştirak üçün bilet satışının təşkilinin və (və ya) satışının, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısını almaq üçün qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini təmin etmək;

3.1.23. “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsində nəzərdə tutulan məlumatlarla alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət orqanlarının (qurumlarının) tanış olmasına imkan yaratmadıqda, müvafiq satıcının ölkə ərazisində fəaliyyətinin məhdudlaşdırılmasını təmin etmək;

3.1.24. fərdi məlumatların qanunsuz toplanılması, işlənilməsi və mühafizəsinin təmin edilməməsi nəticəsində hüquqları pozulmuş subyektlərin şikayətlərinə baxmaq və onları araşdırmaq;

3.1.25. fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin (ali kateqoriya dövlət orqanlarının, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin və dövlət sirrinə aid edilən fərdi məlumatların informasiya ehtiyatları və sistemləri istisna olmaqla) dövlət qeydiyyatını və dövlət reyestrini (bundan sonra – dövlət reyestri) aparmaq;

3.1.26. inzibati xəta əlamətləri aşkar etdikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, eləcə də cinayət əlamətləri olduqda aidiyyəti üzrə dövlət orqanlarına (qurumlarına) məlumat vermək;

3.1.27. fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin (ali kateqoriya dövlət orqanlarının, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin və dövlət sirrinə aid edilən fərdi məlumatların informasiya ehtiyatları və sistemləri istisna olmaqla), habelə onların layihə sənədlərinin dövlət ekspertizasını təşkil etmək;

3.1.28. fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə məşğul olan dövlət orqanlarından (qurumlarından), hüquqi və fiziki şəxslərdən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hallarının aradan qaldırılmasını tələb etmək;

3.1.29. dövlət reyestrinə daxil edilmiş informasiya ehtiyatlarında və sistemlərində (ali kateqoriya dövlət orqanlarının, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin və dövlət sirrinə aid edilən fərdi məlumatların informasiya ehtiyatları və sistemləri istisna olmaqla) fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə məlumatların və onların işlənilmə üsullarının informasiya sisteminin bəyan olunmuş məqsədlərinə uyğunluğunu aidiyyəti dövlət orqanları ilə birlikdə yoxlamaq;

3.1.30. fərdi məlumatların mülkiyyətçi və operatorlarının sifarişlərinə əsasən fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin təşkilati və texniki cəhətdən normativ hüquqi aktların tələblərinə uyğun aparılmasının auditini həyata keçirmək;

3.1.31. fərdi məlumatların mülkiyyətçi və operatorlarının rəsmi müraciətinə əsasən, fərdi məlumatlar haqqında normativ hüquqi aktların tətbiqi ilə bağlı məsələləri izah etmək;

3.1.32. fərdi məlumatların mühafizəsi sahəsində mülkiyyətçi və operatorların öhdəlikləri ilə bağlı məlumatlılığın artırılması üçün tədbirlər həyata keçirmək;

3.1.33. fərdi məlumatların mühafizəsi sahəsində fərdi məlumat subyektlərinin hüquqları üzrə maarifləndirilməsini həyata keçirmək;

3.1.34. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 14.2-ci maddələrinə uyğun olaraq, internet informasiya ehtiyatları vasitəsilə yayımlanan kino, televiziya və videofilmlərin (o cümlədən animasiya filmlərinin), kompüter oyunlarının və digər elektron oyunların işarələnmədiyi, yaxud həmin Qanunun tələblərini pozmaqla işarələndiyi barədə məlumat əldə etdikdə, bu informasiya məhsullarının ekspertizasını təşkil etmək;

3.1.35. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.36. müvafiq sahədə elektron xidmətləri “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;

3.1.37. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.38. müvafiq sahədə dövlət–özəl tərəfdaşlığının inkişafı və təşviqi üçün tədbirlər görmək, habelə normativ hüquqi aktlara uyğun olaraq dövlət–özəl tərəfdaşlığı layihələrinin özəl investisiyaların cəlb edilməsi yolu ilə həyata keçirilməsi məqsədilə tədbirlər görmək;

3.1.39. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentlik əməkdaşlarının əlavə təhsilinin və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.40. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet informasiya ehtiyatının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin internet informasiya ehtiyatında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.41. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.42. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.43. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.44. strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.45. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.46. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və mövcud kadr potensialının artırılması, bu sahədə tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.47. müvafiq sahədə ixtisaslı kadrlara dair məlumat bazası formalaşdırmaq;

3.1.48. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin hazırlanması, qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

3.2.2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə Nazirliyə təkliflər vermək;

3.2.3. müvafiq sahədə proqram təminatı və texniki avadanlıq istehsalçıları ilə, eləcə də beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

3.2.4. informasiya sistemlərinə və şəbəkələrinə, kompüter avadanlıqlarına və onların proqram təminatına qarşı yönəldilmiş və ya yönəldilə biləcək kibertəhlükələr barədə sahəvi kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinə və informasiya infrastrukturu subyektlərinə müraciət etmək;

3.2.5. müvafiq sahədə Azərbaycan Respublikasında fəaliyyət göstərən kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərindən normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olaraq kibertəhlükələr və onların nəticələri barədə operativ məlumat almaq, o cümlədən real vaxt rejimində məlumat mübadiləsi aparmaq;

3.2.6. müvafiq sahədə fəaliyyət göstərən yerli və xarici ekspertləri cəlb etməklə, mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün təlimlər, seminarlar təşkil etmək, həmçinin onların tərtibi ilə bağlı təkliflər vermək və həyata keçirilməsində iştirak etmək;

3.2.7. müvafiq sahədə normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;

3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.9. vəzifələrinin icrası ilə əlaqədar dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, sahəvi kompüter insidentlərinə qarşı mübarizə mərkəzlərinə, hüquqi və fiziki şəxslərə, o cümlədən telekommunikasiya operatorlarına və provayderlərinə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.10. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.11. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.2.12. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.13. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.14. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

3.2.15. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.16. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Agentliyin idarə olunması

4.1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

4.2. Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.

4.3. Agentliyə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir. İdarə Heyətinin tərkibi 4 (dörd) üzvdən – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 3 (üç) müavinindən ibarətdir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

4.5. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:

4.5.1. Agentliyin fəaliyyətini təşkil etmək və onun fəaliyyətinə nəzarət etmək;

4.5.2. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin illik maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;

4.5.3. Agentliyin strateji məqsəd və planlarını müəyyən etmək, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün Nazirliyə təkliflər vermək;

4.5.4. Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiq edilməsi, o cümlədən Agentliyin əldə etdiyi vəsait hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi məqsədilə Nazirliyə təkliflər vermək;

4.5.5. Nazirliyin razılığı ilə Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak barədə, həmçinin Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;

4.5.6. Nazirliyin razılığı ilə Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;

4.5.7. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqların toqquşmasının istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək;

4.5.8. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;

4.5.9. Nazirliyin razılığı ilə Agentliyin kənar auditorunu təyin etmək və onun audit hesabatını qəbul etmək;

4.5.10. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;

4.5.11. Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə Nazirliyin razılığı ilə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

4.5.12. Nazirliyin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.5.13. Agentliyin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizi və daha az hissəsi məbləğində olan əqdin, eləcə də aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul etmək;

4.5.14. Agentliyin strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;

4.5.15. bu Nizamnamənin 3.1.41-ci yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

4.5.16. İdarə Heyəti üzvlərinin müraciətlərinə baxmaq və qərar qəbul etmək;

4.5.17. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;

4.5.18. Agentliyin fəaliyyəti ilə əlaqədar İdarə Heyəti sədrinin və ya təsisçinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.

4.6. İdarə Heyətinin sədri ayda azı 1 (bir) dəfə İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.

4.7. İdarə Heyətinin iclasının nəticəsi İdarə Heyəti üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir.

4.8. İdarə Heyətinin üzvlərinə, habelə İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə İdarə Heyətinin iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.9. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.10. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.

4.11. İdarə Heyətinin sədri:

4.11.1. Agentliyin cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

4.11.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclasların gündəliyini müəyyənləşdirir və iclaslara sədrlik edir;

4.11.3. öz təşəbbüsü, İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

4.11.4. öz təşəbbüsü ilə, habelə İdarə Heyətinin hər hansı bir üzvünün xahişi əsasında digər şəxsləri İdarə Heyətinin iclasında iştirak etməyə dəvət edir;

4.11.5. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.11.6. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.11.7. özünün və Agentliyin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.11.8. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edir;

4.11.9. Agentliyin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;

4.11.10. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;

4.11.11. Agentliyin əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;

4.11.12. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.11.13. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;

4.11.14. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;

4.11.15. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.11.16. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir.

4.12. İdarə Heyətinin üzvləri:

4.12.1. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

4.12.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

4.12.3. İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

4.12.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə onun iclaslarında baxmaq barədə təkliflər verirlər;

4.12.5. İdarə Heyətinin qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

4.13. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

5. Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Agentliyin nizamnamə fondunun məbləği 442 498,00 (dörd yüz qırx iki min dörd yüz doxsan səkkiz) manatdır.

5.2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Agentlik balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Agentlik qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə olunmuş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Agentliyin sərəncamında qalan vəsaitdən Nazirlik əməkdaşlarına əlavə mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.

5.5. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülür.

5.6. Agentliyin məhsullarının (malların, işlərin və xidmətlərin) qiymətləri dövlət tərəfindən tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir.

6. Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Agentliyin fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirirlər.

6.2. Agentliyin fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

7. Agentlikdə uçot və hesabat

7.1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

7.3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

7.4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

8. Agentliyin yenidən təşkili və ləğvi

Agentliyin yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Nizamnamə