“Məni bağışlayın, əllərim!..”

post-img

Bəzən sızıldayan əllərim, sanki, məndən mənə şikayət edir: bizə niyə rəhmin gəlmir, elə həmişə özünü düşünürsən. Axı, biz həyatda sənin dayağın, yaxın simsarın olmuşuq. İstəklərinə çatmağın üçün bacardığımızı əsirgəməmişik. “Qa” deyəndə çörək, “qu” deyəndə su vermişik. Sən ürəyindən keçənləri bizimlə kağıza köçürüb yaxın-uzaqlara çatdırmısan. Sənin sevincinə ortaq olmuşuq. Fərəhlənmişik ki, bu sevincdə bizim də payımız var...

Bax beləcə, əllərimin ağrı-acıya çevrilmiş umu-küsüsü gözü açılmış bulaq kimi qaynayır:

– Hər şeydən öncə, Uca Yaradana dua edəndə, günahlarının bağışlanmasını diləyəndə bizi göylərə qaldırırsan. Sanki sənın duaların ovcumuza yazılır və barmaqlarının ucundan səmaya uçub gedır...

Həyatda az-çox qazandığın uğurlara görə bizə təşəkkür etməlisən. Sən bizimlə ananın boynuna sarılmısan, onun doğma, işıqlı çöhrəsini öpmüsən. Sevdalı çağlarında sevgi məktubları yazmısan. Bax heç yadımızdan çıxmır, bir məhəbbət şeirini belə bitirmişdin:

...Hardasa küləklər saçını darar,
Mənim barmaqlarım ağlayar onda.

Kədər sənə güc, dünya dar gələndə, sakit bir yerə çəkilib için-için inləyəndə göz yaşlarını biz silmişik.

Nəvələrini qucaqlayanda, saçlarına sığal çəkəndə bizim də sevincimizin həddi-hüdudu olmayıb. Onların balaca toppuş əllərini ovucumuza alanda ürəyindən barmaqlarımıza axan həlimlik körpələrin üçün ən şirin nəvaziş olub.

Sən bizimlə dost əli sıxmısan, ona hər zaman arxa, dayaq, vəfalı olacağını çatdırmısan. Lazım gələndə bizimlə dostunu yıxıldığı yerdən qaldırıb, son gücünlə kürəyinə almısan... Axı dost hər zaman arxasınca gedə biləcəyin insandı. Dost səninlə sevinən, kədərinə ortaq olandı. Dost pas bağlamış ürəyin açarıdı... Dost güvəndiyin, arxalandığın dağdı....

Əkdiyin ağaclara, gül kollarına qayğını da bizim gücümüz, səyimizlə göstərmisən. Bu dünyada, bəlkə də, insan dostlarından çox ağac dostların var. Onları tez-tez yad edir, boylarına baxıb sevinir, hansınınsa bir budağı qırılanda ağrıyırsan...

Yadımızdadı, binanızın arxasındakı küçədə əkib-becərdiyin ağacdan yaz günü bir nənə yetişmiş tutları dərib nəvəsinə verəndə sən pəncərədən baxıb sevindin, hətta kövrəldın. Elə biz də çox sevindik. Axı, o ağacların böyüməsinə günlərlə əmək vermişik. Bu, bizim doğma torpaqda izimiz, onun gözəl olması üçün payımızdı. Deyirlər: əl çalışar – yer sevinər, yer barlanar – el sevinər. Hər kəsə əməli, xeyirxah işi ilə qiymət verilər. Bizim də az-çox bacardığımız budur...

Əllərimin umacağı belə-belə sonuclanır: “Biz hər zaman Səninləyik, sənin sevincinlə şadlanır, kədərinə qüssələnirik. Biz də ağrıyanda, sızlayanda sən də bizi düşün. Düşün ki, heç olmazsa, ömürlük kimə xidmət etdiyimizi sənin ürəyindən, gözlərindən oxuyaq”.

Nə deyim, ay əllərim, haqlısınız. Həqiqət önündə, doğru söz qarşısında insan boynu qıldan incədi. Mən də bu həqiqəti dilimə gətirib deyirəm:

“Məni bağışlayın, əllərim! Ayaqlarım məni yer üstündə saxlayan dayaqlarımdırsa, siz məni dünyaya qovuşduran arzularımın qoşa qanadlarısınız!”

Səməd MƏLİKZADƏ,
yazıçı-publisist

Sosial həyat