Sumqayıt səhnəsindən dünyaya boylanan sənət həqiqətləri

post-img

Mədəniyyətin ayrılmaz tərkib hissəsi olan teatrlar xalqların tarixi yaddaşını, mənəvi dünyasını və adət-ənənələrini yaşadan, təbliğ edən cazibədar bir sahədir. Kökü qədim xalq tamaşalarından su içən Azərbaycan peşəkar teatr sənətinin təşəkkülünün əsr yarımdan artıq tarixi var. Bəs bu gün teatrlarımızın “nəbz”i necə vurur, səhnə sənətinin mövcud vəziyyəti günümüzün tələblərinə cavab verə bilirmi?

Bəri başdan deyək ki, bu məsələ mədəniyyətin inkişafına böyük önəm verən ölkə rəhbərliyinin daimi diqqətindədir. Cari ilin əvvəlində Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyası təsdiq edilib. Bu sənəd qlobal və ölkədaxili çağırışlar nəzərə alınmaqla, Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin yaradılması, inkişafı və 2040-cı ilədək digər mədəniyyətlərlə təmaslarının genişləndirilməsi üçün dövlət siyasətinin istiqamətlərini müəyyən edən strateji yol xəritəsidir.

Təbii ki, konsepsiya teatr sahəsinin reallıq və perspektivlərini də geniş şəkildə ehtiva edir. Paytaxtla bərabər, regionlarda teatr infrastrukturunun müasirləşdirilməsi, yerli yaradıcı potensialın dəstəklənməsi, bir sözlə, teatr həyatının daha da canlandırılması hədəflənir. Buraya, həmçinin teatrda rəqəmsallaşma, müasir səhnə texnologiyalarının tətbiqi, tamaşaların bütün sosial qruplar üçün əlçatanlığına nail olunması daxildir.

Konsepsiyadan irəli gələn vəzifələr Sumqayıt Dövlət Dram Teatrının da gündəmindədir. Bu teatr Azərbaycanın öncül səhnə sənəti ocaqlarından biridir və cəmiyyət arasında mənəvi-əxlaqi dəyərləri layiqincə təbliğ edir, insanların estetik zövqünün formalaşmasına töhfələr verir.

Sumqayıtlılar inişil martın 14-də gənclik şəhəri teatrının 55 illiyinin təntənə ilə qeyd edilməsini yaxşı xatırlayırlar. Bu yubiley həm də Sumqayıtın 75 illiyinə təsadüf etdiyi üçün truppa Firudin Məhərrəmlinin quruluşunda dramaturq Əli Əmirlinin “Sevgilim Sumqayıt” lirik-psixoloji pyesini səhnədə böyük uğurla canlandırdı. Sonda şəhər rəhbərliyi, nazirliyin nümayəndələri, ziyalılar yubiley münasibətilə kollektivi təbrik etdilər. Unudulmaz bir gün oldu.

Bu gün Sumqayıt teatrında həm ənənələrin yaşadılması, həm də inklüziv inkişaf modelinə keçidlə bağlı hansı konkret addımlar atılır və ya atılmalıdır? Teatrın direktoru Samir Şəfiyevlə bu suallar ətrafında söhbətləşdik, fikir mübadiləsi apardıq.

Samir müəllim mərhum kinoaktyor, “Əhməd haradadır” (Əhməd) və “Uşaqlığın son gecəsi” (Rüstəm) bədii filmlərnin baş qəhrəmanı kimi daha çox tanınan Əməkdar artist Səyavuş Şəfiyevin və onun bacısı - Əməkdar mədəniyyət işçisi, Heydər Əliyev Sarayının baş rejissoru olmuş Gülçöhrə Şəfiyevanın nəslindəndir. O, 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rejissorluq fakültəsini bitirib. Xalq artisti Azərpaşa Nemətovdan və bir çox digər görkəmli sənətkarlardan dərs alıb. Bu teatrda rejissor assistenti və rejissor kimi fəaliyyət göstərib. Sonra Sumqayıtın ayrı-ayrı mədəniyyət müəssisələrinə rəhbərlik edib. 2024-cü ildən Sumqayıt teatrının direktorudur.

– Samir müəllim, bildiyimiz kimi, Sumqayıtda peşəkar teatr 1968-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılıb və Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı kimi fəaliyyətə başlayıb. O dövrə qısa nəzər salsaq, nələri qeyd etmək olar?

– Əlbəttə, bu, mədəniyyət adına şərəfli bir tarixdir. Səhnə pərdəsini 1969-cu il mart ayının 14-də milli dramaturgiyamızın banisi M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissor Cənnət Səlimova) məzhəkəsi ilə açan teatr, ertəsi gün tamaşaçılarını ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic” tragikomediyası ilə sevindirib. 1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə Sumqayıt Dövlət Dram teatrı statusu alıb. Bir-birinin ardınca bu teatra işləməyə gələn Xalq artistləri Barat Şəkinskaya, Rza Əfqanlı, Əliağa Ağayev, Məlik Dadaşov, Əməkdar artistlər Sadıq Həsənzadə və Məmmədcəfər Cəfərov gənc aktyorlara səhnə sirlərini öyrətməklə yanaşı, sanballı tamaşaların hazırlanmasında əllərindən gələni əsirgəməyiblər. “Toy” (S.Rəhman), “Müsibəti Fəxrəddin” (N.B.Vəzirov), “Maskarad” (M.Lermantov), “Arvadımın əri” və “Elbrus evlənir” (G.Xuqayev), “Tribunal” (A.Makayonak), “Solğun çiçəklər” (C.Cabbarlı), “Skapenin kələkləri” (Molyer) və s. məhz həmin illərin məhsuludur.

– Teatrınız ölkəmizdə və dünyada da varlığını duydura bilib. Uğurlarınız isə layiqincə dəyərləndirilib.

– Elədir. 1981-ci ildə Moskvada keçirilən Ümumittifaq teatr festivalında Nəriman Həsənzadənin “Bütün Şərq bilsin” əsərinin tamaşası ilə çıxış edən Sumqayıt teatrı və N.Nərimanovun obrazını yaradan Xalq artisti Məlik Dadaşov festivalın yüksək dərəcəli diplomlarına layiq görülüblər. O zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyev tamaşaya baxdıqdan sonra səhnəyə qalxaraq dərin bilikli bir teatrşünas kimi əsər haqqında müsbət fikirlərini bildirib və yaradıcı heyətə təbriklərini çatdıraraq yeni uğurlar diləyib. Bununla bağlı xatırə şəklini qiymətli yadigar kimi qoruyub saxlayırıq.

Yeri gəlmişkən, 2003-cü il aprel ayının 3-də Sumqayıt şəhərinə gələn Ümummilli liderimiz şəhərin fəalları qarşısındakı çıxışında da teatrın işini yüksək qiymətləndirib. Ulu öndərin verdiyi dəyərdən fərəhlənən kollektiv yeni tamaşalar üzərində daha böyük həvəslə işləyib. Bir-birinin ardınca hazırlanan M.Mayomenin “Lotoreya”, M.F.Axundovun “Hekayəti xırs quldurbasan”, N.Hikmətin “Bayramın birinci günü”, Ç.Aytmatovun “Ümid sahili”, H.Cavidin “Ana”, A.Babayevin “Xilaskar” tamaşaları məhz həmin dövrün məhsullarıdır.

Sumqayıt teatrının uğurlarında tanınmış rejissorların böyük zəhməti olub. Onlar fərqli dram əsərlərini səhnələşdirərək, tamaşaçı rəğbəti qazandırıblar. Tanınmış sənətkarlar Afaq Bəşirqızı, Valeh Kərimov, Əli Nur (bir müddət teatrın direktoru da olub), Vaqif Əliyev, Məzahir Süleymanov, Sabir Məmmədov və başqaları burada sanballı aktyor ansamblı yaradıblar. Dramatik və komik obrazları ilə tamaşaçı rəğbəti qazanmış Xalq artisti Valeh Kərimov, Əməkdar artist Növrəstə Haşımova və digərləri bu gün də teatrla sıx əlaqə saxlayır, sənətə xidmət edirlər. Elə bu yaxınlarda Valeh Kərimovun quruluşunda və baş rolda ifası ilə tatar dramaturqu Tufan Minnullinin “Sonuncu qonaq” tamaşası teatrsevərlərə təqdim olunub. Gənc istedadlı aktyorlar nəsli estafeti davam etdirir.

– Amma əyalət mühitindən dünya arenasına doğru inamla irəliləyən teatrın uzun illər öz binası olmayıb...

– Təəssüf ki, elə olub. Teatr kimya zavoduna aid olan bu binada 40 il kirayənişin kimi fəaliyyət göstərib. Nəhayət, 2008-ci ildə Prezident İlham Əliyevin tapşırığı ilə teatrın 40 illik yubileyində bina teatrın balansına keçirilib. Yaradıcı heyət bu qərarı böyük sevinclə qarşılayıb. 2016-cı ildə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun dəstəyi ilə bina əsaslı təmir olunaraq yenidən qurulub. Dövlət başçımız həmin il Sumqayıta səfəri zamanı teatra da baş çəkərək, görülən işlərlə tanış olub. Artıq 10 ildir ki, yaradıcı heyət normal şəraitdə səhnə əsərləri hazırlayıb təqdim edir və sumqayıtlılar tamaşaları hər cür rahatlıqla izləyə bilirlər.

– Qastrollar, yaradıcılıq ezamiyyətləri də teatrın heyətinə stimul verirmi?

– Əlbəttə. Hər bir yaradıcı kollektiv, hər bir truppa üçün qastrol çox vacibdir. Kollektivimiz vaxtaşırı səfərlərdə olur. Sumqayıt teatrı xarici ölkələrdə Azərbaycanı həmişə layiqincə təmsil edib. Onu da deyim ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə teatrların regionlara ardıcıl qastrol səfərləri olur. Bu ünvanlara Bakı, Gəncə, Mingəçevir, Naxçıvan səhnələri daxildir.

Aktyor və rejissorlarımız 1990-cı ildən bu günə kimi Azərbaycan Teatr Xadimləri İttifaqının Mədəniyyət Nazirliyi ilə birgə davamlı olaraq keçirdiyi “Mono-tamaşalar” festivallarında da mütəmadi olaraq çıxış edib, mükafatlara, diplom və fəxri fərmanlara layiq görülüblər.

– Sumqayıt səhnəsində oynanılan əsərlərin tamaşaçı axını “şkala”sı hansı aralıqda tərəddüd edir?

– Mən buna axın deməzdim, amma maraq yüksəkdir. Əslində, Sumqayıt öz teatral mühiti olan şəhərdir. Yerli sənətsevərlər çox zövqlü tamaşaçılardır. Sadəcə, hazırkı texnologoyalar, onlayn internet şəbəkələri səbəbi ilə teatra üz tutanların sayı bir qədər azalıb. Bu da bilet satışı ilə bağlı müəyyən çətinliklər yaradır. Desəm ki, biz hər tamaşaya kütləvi surətdə xeyli bilet satırıq, düz olmaz. Amma daha çox tamaşaçı cəlb etmək üçün çalışırıq. Son vaxtlar teatrın sosial şəbəkə səhifələri, həmçinin yerli saytlar və şəhərin elektron monitorları vasitəsilə yeni səhnə əsərlərimizlə bağlı ictimaiyyəti məlumatlandırırıq.

Böyüklərlə yanaşı, məktəblilər, daha kiçik yaşlı uşaqlar hər zaman teatrımıza həvəslə gələrək tamaşaları izləyirlər. Biz də onların maraqlarını nəzərə alır və hər mövsümdə 1-2 yeni uşaq tamaşası hazırlayırıq.

– Teatra gənc kadrların cəlb edilməsi barədə nə deyə bilərsiniz?

– Bu məsələ Sumqayıt teatrı üçün də aktualdır. Teatrımız Bakının yaxınlığında yerləşən, mən deyərdim ki, paytaxt səviyyəsində olan mədəniyyət ocağıdır. Azərbaycanın aparıcı teatrlarında çalışan aktyorların böyük bir qismi Sumqayıt teatrında yetişənlərdir. Bu teatr, demək olar ki, bir baza rolunu oynayıb. Ancaq bütün teatrlar kimi, Sumqayıt Dövlət Dram Teatrının da gənc kadrlara ehtiyacı var.

2 ilə yaxındır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrini teatra cəlb etmişik. Əsasən yerli kadrlara üstünlük verməyə çalışırıq. Hazırda ADMİU-da aktyorluq ixtisası üzrə təhsil alan 4-5 sumqayıtlı gənc bizim hədəfimizdədir. Bu barədə Mədəniyyət Nazirliyinə də məlumat vermişik. Həmin gənclər hazırlanan 4 tamaşanın 3-də rol alırlar. Bizim də istəyimiz odur ki, həmin tələbələri öz heyətimizə cəlb edək və teatrın gənclər heyətini daha da gücləndirək...

Teatrın yaradıcılıq şöbəsinin müdiri, Xalq artisti Firudin Məhərrəmov yaradıcı heyətin uğurlarını qeyd etməklə bərabər, qayğılarını da dilə gətirdi.

Əsl teatr fədaisi olan Firudin müəllim ADMİU-da Xalq artisti Mehdi Məmmədovun kursunda təhsil alıb. Hələ o vaxtlar bir neçə tamaşaya quruluş verib və fərqlənib. “Mono-tamaşalar” festivallarının laureatı və diplomçusu olub. O, həmçinin 4 pyesin tərcüməçisi, 5 pyesin isə müəllifidir. Uzun illərdir ki, taleyini Sumqayıt teatrı ilə bağlayıb. Burada məhsuldar çalışmaqla yanaşı, Azərbaycanın bir çox teatrları ilə də yaradıcılıq əlaqələri saxlayıb. Akademik Milli Dram, Musiqili Komediya Teatrında, İrəvan, Mingəçevir, Füzuli, Lənkəran, Şuşa, Qazax teatrlarında tamaşalar hazırlayıb. 2011-ci ildə isə onun quruluşunda M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” əsəri oynanılmaqla Nyu-Yorkda Azərbaycan teatrının əsası qoyulub. Firudin Məhərrəmov iki dəfə “Qızıl dərviş” mükafatı alıb. Prezident mükafatçısıdır. Ötən il Teatr Xadimləri İttifaqının qızıl medalına layiq görülüb. Ona ilk sualımız ictimaiyyətin teatra münasibəti barədə oldu.

– Firudin müəllim, uzun illərdir ki, bu teatrın rejissoru sahəsinə rəhbərlik edirsiniz. Görkəmli rejissorlar Nəsir Sadıqzadə, Ağakişi Kazımov, Vaqif Şərifov, Mərahim Fərzəlibəyov, Oruc Qurbanov, Yusif Əkbərov, Ağalar İdrisoğlunun burada yaratdıqları ənənələri layiqincə davam və inkişaf etdirirsiniz. Bəzən deyirlər ki, teatra maraq azalıb, mədəniyyətin bu sahəsi artıq əvvəlki təsir gücünə malik deyil. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

– Bu yanaşma ilə razı deyiləm. Teatr canlı sənət növüdür və onun gücü birbaşa tamaşaçı ilə qurulan ünsiyyətdədir. Əgər bu ünsiyyət düzgün qurulursa, teatrın yaşaması və inkişafı da daimidir. Bu gün bunu sübut edən tamaşalarımız və həmin tamaşalara maraqla baxan, emosional reaksiya verən tamaşaçılarımız var. Hazırda teatrımızın repertuarında böyüklər üçün 25, uşaq və yeniyetmələr üçün isə 10 tamaşa yer alır. Bu əsərlər tamaşaçı sınağından uğurla keçib və müsbət rəylər qazanıb. Hətta bir qismi beynəlxalq festivallarda nümayiş olunaraq yüksək qiymətləndirilib.

Balanslaşdırılmış repertuar siyasətinə ciddi riayət edilməsi də əsas şərtdir. Bizim teatrın “güzgü”sünə baxsaq, klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqlarının çeşidli pyeslərini görərik. Mövcud olduğu yarım əsrdən artıq müddətdə teatrımız Azərbaycan və dünya klassiklərinin 250-dən artıq əsərini uğurla tamaşaya hazırlamışdır.

– Bəs, cari problemlər nədən ibarətdir?

– Teatrın fəaliyyətinə təsir edən obyektiv çətinliklər yox deyil. Xüsusilə, maddi-texniki bazanın məhdudluğu inkişaf prosesinə təsirsiz ötüşmür. Dekorasiyaları sürətlə dəyişmək, səhnədə dinamik hərəkət effektləri yaratmaq üçün fırlanan səhnə texnikasının daha da müasirləşdirilməsi, əlbəsə (geyim) təminatı və daha zəngin işıq effektlərinə ehtiyac var. Bundan başqa, il ərzində yeni tamaşaların hazırlanması, binanın kommunal xərcləri, reklam və PR fəaliyyəti kimi istiqamətlər teatr üçün ciddi maliyyə yükü yaradır. Bu səbəbdən repertuarın davamlı işləməsi və tamaşaçı axınının sabit saxlanılması zəruridir.

Sovet dövründə teatrların bütün tamaşa xərcləri dövlət tərəfindən qarşılanırdı. İndi isə sistem dəyişib və teatrlar öz xərclərini əsasən özləri qarşılamağa çalışır. Bir çox ölkələrdə isə teatrlara dövlət dəstəyi – tamaşa və kommunal xərclərin qarşılanması – hələ də tətbiq olunur və bu, onların fəaliyyətini xeyli asanlaşdırır.

Bu gün əsas çətinliklərdən biri bilet satışıdır. Məsələ tamaşalara marağın olmaması deyil, daha çox bu prosesin sistemli şəkildə təşkil edilməməsidir. Əlbəttə, teatra getmək könüllülük məsələsidir, amma burada təşkilatçılıq da lazımdır. Baxın, Sumqayıtda 40-dan çox məktəb fəaliyyət göstərir, lakin təhsil ocaqlarının, şagirdlərin teatrla əlaqəsi, demək olar ki, sistemli şəkildə qurulmayıb, ya da müntəzəm deyil. Əgər uşaq və yeniyetmələr teatrdan uzaq düşərlərsə, bu, onların mədəni zövqünün və dünyagörüşünün inkişafına mənfi təsir edər, natamamlıq kompleksi yaradar.

– Bildiyimiz qədəri ilə Sumqayıt Dövlət Dram Teatrı 34 ildir ki, 2-ci dərəcə kateqoriyası ilə fəaliyyət göstərir...

– Təəssüf ki, belədir. Teatrımız 57 illik zəngin tarixi olan sənət ocağıdır və bu müddət ərzində həm rəngarəng repertuarı, həm də yaradıcı kollektivin gücü ilə Azərbaycan teatr məkanında özünəməxsus mövqe formalaşdırıb. Buna baxmayaraq, hələ də 2-ci dərəcə kateqoriyasına aidik. Bu isə mədəniyyət müəssisələri praktikasında olduqca nadir hallarda rast gəlinən haldır. Əvvəlki dövrlərdə, xüsusilə, teatrın 40 illik yubiley zamanı bu məsələ ilə bağlı müsbət fikirlər səsləndirilmiş və yaxın zamanda həll ediləcəyi bildirilmişdi. İnanırıq ki, tezliklə Sumqayıt teatrı layiq olduğu 1-ci kateqoriya statusunu əldə edəcək. Bu, həm kollektivimizin motivasiyasına, həm də ümumi yaradıcılıq mühitinə çox müsbət təsir göstərəcək.

– Sumqayıt teatrının aktyor və aktrisalarını tez-tez teleseriallarda görmək mümkündür. Bu mənada, teatr onlara necə şərait yaradır?

– Azərbaycanda aktyoruna ən çox şərait yaradan, bəlkə də elə bizim teatrdır. Mən özüm vaxtilə serial sahəsində çalışmışam. Daha dəqiq desəm, serialların ssenari qrupunda yer almışam. Ona görə proseslərə yaxşı bələdəm. Biz aktyorların film və serial çəkilişlərində iştirakını qətiyyən məhdudlaşdırmırıq. Ancaq gərək teatrın da iş prosesi pozulmasın. Bəzən özümüz zəng edib çəkiliş qrupu ilə danışırıq ki, planı elə quraq, bu işlər teatrın məşqlərinə mane olmasın. Bu məsələdə aktyorun qarşısını kəsmək düzgün deyil. Onun çörəyinə bais olmaq olmaz.

– Dediyiniz kimi, çətinliklər var, amma buna baxmayaraq, Sumqayıt teatrının kollektivi yaradıcılıq fəaliyyətini əzmlə davam etdirir, yeni layihələr həyata keçirir...

– Bəli, ötən il start verdiyimiz “Heç kəs yaddan çıxmır, heç nə unudulmur” layihəsi çərçivəsində Vətən uğrunda şəhid olmuş qəhrəmanlara həsr edilən tamaşaların hazırlanmasına başlanılıb. Daha öncə Zəfər Gününə həsr olunan “Missiya” tamaşasının uğurlu səhnə təqdimatı olmuşdu. Bu layihənin ilk işi isə Birinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş, Alban kilsəsində 5 gün təkbaşına düşmənə qarşı vuruşmuş və ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülmüş Natiq Qasımovun həyatına həsr olunan “Ölməz” tamaşasıdır. Tamaşanın müəllifi Elşən Sərxanoğlu, quruluşçu rejissoru mənəm. Qəhrəmanın obrazını isə istedadlı aktyorumuz Elay Xasıyev canlandırır.

Tamaşa indiyədək Sumqayıt səhnəsində dəfələrlə nümayiş olunub və böyük maraqla qarşılanıb. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Mingəçevir şəhərində də oynanılıb. Tamaşadan sonra mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxışında əsərin ölkənin bütün bölgələrində və türkdilli ölkələrdə göstərilməsinin vacibliyini vurğulayıb.

Bu layihə teatrımız üçün həm yaradıcılıq, həm də mənəvi baxımdan mühüm hadisədir. Növbəti tamaşaların da üstümüzdə haqqı olan digər şəhidlərimizə həsr olunması planlaşdırılır.

– Yaradıcı kollektivinizə çətin və şərəfli işində yeni uğurlar arzulayırıq. Qoy, əyalət mühitindən başlayaraq dünya arenasına gedib çatan səsiniz, sorağınız daha gur eşidilsin!

Əli NƏCƏFXANLI
XQ









Sosial həyat