Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Müasir insanların neandertallardan və denisovlulardan miras aldığı genlər, bədən DNT viruslarına yoluxduqda qandakı virus yükünün artmasına səbəb olub. "Genome Biology and Evolution" elmi jurnalının yaydığı məlumata görə, genetiklər qədim immunitetin Epşteyn-Barr virusu kimi gizli və uzunmüddətli infeksiyalarla mübarizədə zəif olduğunu müəyyən ediblər. Afrika mənşəli olmayan müasir insanların genomunun təxminən 2%-ni neandertal DNT-si təşkil edir. Əvvəlki araşdırmalar bu qədim irsin bizi qrip və ya koronavirus kimi RNP viruslarından qorumaqda mühüm rol oynadığını göstərsə də, orqanizmdə ömürlük qalan DNT viruslarına qarşı təsiri indiyədək öyrənilməmişdi.
Tədqiqatçılar Böyük Britaniyanın "UK Biobank" genetik bankından yüz minlərlə insanın genom məlumatlarını və qan analizlərini müqayisə ediblər. Analiz nəticəsində qədim genlər ilə virus yükünün səviyyəsi arasında 18 sabit əlaqə aşkarlanıb ki, bunların da 12-si məhz Epşteyn-Barr virusu ilə bağlıdır. Aşkar edilmiş neandertal gen fraqmentlərinin əksəriyyəti immunitetin infeksiyaları tanımasını idarə edən baş histouyğunluq kompleksində (MHC) yerləşir. Məlum olub ki, demək olar ki, bütün hallarda bu qədim genin mövcudluğu qanda virus hissəciklərinin çoxalması ilə düz mütənasibdir.
Xüsusilə 17-ci xromosomda lokallaşan iki neandertal fraqmentinin, yoluxmuş hüceyrənin virusun çoxalmasının qarşısını almaq üçün fədakarlıqla "intihar etməsi" prosesini (piroptozu) pozduğu üzə çıxıb. Bu mexanizm işləmədikdə DNT virusları orqanizmdə daha rahat yuva qurur. Alimlər neandertal immunitetinin təkamül baxımından kəskin və mövsümi infeksiyalara qarşı uyğunlaşdığını, lakin gizli viruslar qarşısında zəif qaldığını bildirirlər. Tədqiqat həmçinin göstərib ki, 11 min il əvvəl Avropa sakinlərinin 43%-də olan bu zərərli neandertal geni, bəşəriyyətin oturaq həyata və kənd təsərrüfatına keçməsindən sonra təbii seçmə yolu ilə təmizlənməyə başlayıb və hazırda avropalıların cəmi 22%-ndə qalıb.
Ə.Arzu
XQ

