Təbiətin mikroskopik radarları: Arılar

post-img

Bal arıları uzun illərdir yalnız bal istehsalı və bitkiləri tozlandırmaları ilə tanınırdı. Amma son elmi araşdırmalar göstərir ki, bu kiçik canlılar çox güclü qoxubilmə qabiliyyətinə malikdirlər. Onların qoxu sistemi o qədər həssasdır ki, insanın hiss edə bilmədiyi ən kiçik molekulyar dəyişiklikləri belə müəyyən edə bilir. Bu xüsusiyyət gələcəkdə həm tibbdə, həm də təhlükəsizlik sahəsində böyük rol oynaya bilər.

Alimlər müəyyən ediblər ki, arılar xərçəng xəstəliyini insan nəfəsindən aşkar edə bilirlər. Xərçəng hüceyrələri inkişaf edərkən bədəndə xüsusi kimyəvi maddələr yaranır və nəfəs vasitəsilə xaric olur. İnsan burnu bu qoxuları hiss etməsə də, arılar onları asanlıqla ayırd edə bilir. Təcrübələr göstərib ki, arılar sağlam insanın nəfəsi ilə ağciyər xərçəngi olan xəstənin nəfəsini yüksək dəqiqliklə fərqləndirirlər. Hətta xərçəngin müxtəlif növlərini də ayırmaq mümkündür. Bu isə gələcəkdə daha ucuz, sürətli və ağrısız diaqnostika üsullarının yaranmasına kömək edə bilər.

Arılar yalnız xəstəlikləri deyil, partlayıcı maddələri də müəyyən edə bilirlər. Alimlər qısa müddətli təlim vasitəsilə arılara TNT, dinamit və digər partlayıcıların qoxusunu öyrədə bilirlər. Arılar həmin qoxunu hiss etdikdə xüsusi reaksiya verirlər və bu reaksiyalar sensorlar vasitəsilə qeydə alınır. Bu üsul hava limanlarında, sərhəd-keçid məntəqələrində və minalanmış ərazilərdə təhlükəli maddələrin aşkarlanması üçün istifadə oluna bilər.

Mütəxəssislər hesab edirlər ki, insan texnologiyası nə qədər inkişaf etsə də, təbiət milyonlarla il əvvəl çox mükəmməl “canlı sensorlar” yaradıb. Bal arılarının bu qeyri-adi qabiliyyəti gələcəkdə həm insanların sağlamlığının qorunmasında, həm də təhlükəsizlik sistemlərində mühüm rol oynaya bilər.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı