Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qalapaqos adalarının dərinliklərində elmə məlum olmayan, cəmi qolf topu ölçüsündə mikroskopik bir ahtapot növü aşkarlanıb. "Popular Science" nəşrinin yaydığı məlumata görə, "Microeledone galapagensis" adı verilən bu unikal dəniz canlısı okeanın 1,7 kilometr dərinliyində, Darvin adası yaxınlığında qeydə alınıb. Heyrətamiz məqam ondan ibarətdir ki, canlının tamamilə yeni bir növ olduğunu rəsmən təsdiqləmək üçün alimlərə ilk qarşılaşmadan sonra uzun illər lazım gəlib.
Mavi ahtapot ilk dəfə hələ 2015-ci ildə "E/V Nautilus" elmi gəmisinin rəhbərliyi ilə keçirilən dərin dəniz ekspedisiyası zamanı vizual obyektivə tuş gəlib. Bioloqlar məsafədən idarə olunan sualtı aparatı okean dibi boyunca hərəkət etdirərkən, sualtı dağın yamacında parlaq mavi rəngli kiçik bir canlının olduğunu fərq ediblər. Tədqiqatın həmmüəllifləri həmin an qeyri-adi bir kəşflə üz-üzə olduqlarını anlasalar da, dəniz bioloqu Melissa Voaytın rəhbərliyi altında aparılan genom və morfologiya analizləri yalnız illər sonra öz bəhrəsini verib. Bu tapıntı, Voaytın 40 ildən artıq davam edən elmi karyerasında rəsmən təsvir etdiyi ilk ahtapot növü olub.
Bu kəşf Qalapaqos adalarının dərin dəniz ekosistemlərinin hələ də nə dərəcədə az öyrənildiyini növbəti dəfə sübut edir. Alimlər bildirirlər ki, belə ekstremal dərinliklərdə tədqiqatlar yalnız yüksək texnologiyalı sualtı robotlar və xüsusi kameralar vasitəsilə mümkündür. Yeni növün cırtdan ölçüləri və heyrətamiz mavi rəngi isə onu digər dərinlik sakinlərindən dərhal fərqləndirməyə və okeanoloqların diqqətini cəlb etməyə imkan yaradıb.
Ə.Arzu
XQ

