Ana dili milli kimliyimizin aynası, əbədi varlığımızdır

post-img

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində Elm və Təhsil Nazirliyi, AMEA və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Ana dili: kimlik və gələcək” mövzusunda respublika konfransı keçirilib.

Açılış mərasimində iştirakçıları salamlayan və məclisin işinə uğur arzulayan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, ana dilimizin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir alim, müəllim və tədqiqatçının zəruri vətəndaşlıq borcudur. Ana dilini sevən və dərindən bilən müəllimlərin isə milli dəyərlərə bağlı, vətənpərvər vətəndaş yetişdirməkdə rolu daha böyükdür. ADPU-da tədris və tərbiyənin aparıcı yönünü bu tələbin yüksək səviyyədə cavablandırılması təşkil edir.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan dilinin saflığının qorunmasında nitq mədəniyyətinin xüsusi rolunu vurğulayıb, bütün sahələrində ədəbi dil normalarına riayət edilməsinin vacibliyini qeyd edib. O, AMEA-da müstəqillik dövrünün prinsipləri əsasında Azərbaycan dilinin qrammatikasının yeni konseptual model üzrə hazırlanması istiqamətində işlərin davam etdirildiyini söyləyib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov ana dilinin dövlətçilik, milli kimlik və mədəni təhlükəsizlik baxımından strateji önəmini xatırladaraq qeyd edib ki, bu, yalnız dil məsələsi deyil, həm də məfkurəvi özünüdərk, mənəvi dəyərlərin yaşadılması və cəmiyyətin gələcəyi ilə bağlı ümummilli mübarizədir.

ADPU-nun prorektoru, professor Mahirə Hüseynova isə Azərbaycan dilinin milli kimliyin formalaşmasında mühüm rolundan danışıb, dilçilik sahəsində mövcud məsələlərin həllində gənc tədqiqatçıların elmi fəaliyyətinin əhəmiyyətindən söz açıb.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ana dilinin qorunması, inkişaf etdirilməsi və beynəlxalq müstəvidə təbliği istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin tələblərinə diqqət yetirilib. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər Azərbaycan dilinin saflığının qorunmasına, norma və qaydalarına riayət olunmasına, eləcə də rəqəmsal mühitdə mövqeyinin gücləndirilməsinə xidmət edir.

Konfrans panel müzakirələrində ana dilinin milli kimliyin formalaşmasındakı rolu, ümummilli ünsiyyət vasitəsinin qorunması və zənginləşdirilməsinin aktual məsələləri və rəqəmsal keçid dövründə dövlət dilinin nüfuzunun və işləkliyinin yüksəldilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

T.RÜSTƏMLİ
XQ



Sosial həyat