Rustavidə müstəqillik günləri şənliyi

post-img

Mayın 24-də Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Gürcüstanın və Azərbaycanın Müstəqillik günlərinə həsr olunmuş tədbir keçirilib. Toplantıda mərkəzin müəllim və şagird heyəti, valideynlər, Rustavidə və yaxın ətrafda yaşayan ziyalılar iştirak ediblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə mərkəzin direktoru Raidə Dərziyeva açıb. “26 may və 28 may tarixləri gürcü və Azərbaycan xalqları üçün çox önəmli tarixlərdən biridir. Təntənəli şəkildə bayram kimi qeyd etdiyimiz bu iki gündə iki dost və qardaş xalq ilk dəfə tam müstəqil olaraq demokratik və azad respublika qurmuşlar. İnanırıq ki, 108 il öncə böyük itkilər və gərgin mübarizələr nəticəsində əldə olunmuş azadlığımız və müstəqilliyimiz dünya durduqca əbədi olacaqdır”, - deyə Raidə Dərziyeva bildirib.

Tədbirdə çıxış edən şair-publisist Rafiq Hümmət, Borçalıda yaşayan ziyalılardan Bəhram İsayev, Savalan Osmanlı, Mədinə Həsənova, Ülviyyə Veysəlova, Vüsalə Rəhimova, Alidə Kazımova, Svetlana İsayeva, Nurlana Məmmədova və başqaları çıxışlarında 26 may – Gürcüstanın, 28 may - Azərbaycan Respublikasının Müstəqillik günləri ilə bağlı ürək sözlərini söyləyib, təbriklərini çatdırıb.

Daha sonra mərkəzin şagirdləri tərəfindən musiqili-ədəbi kompozisiya təqdim olunub, gürcü və Azərbaycan dillərində şeirlər səsləndirilib, mahnılar ifa olunub. Şagirdlərin ifa etdikləri Azərbaycan və gürcü milli rəqsləri də iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Toplantı çay süfrəsi arxasında davam edib.

Paşa ƏMİRCANOV
XQ



Sosial həyat