İqtisadi münasibətlərin şəffaflığı, investisiya mühitinin etibarlılığı və mülkiyyət hüquqlarının qorunması baxımından düzgün qiymətləndirmə meyarları dövlətin strateji sütunlarını möhkəmləndirir. Azərbaycan Qiymətləndiricilər Palatası qısa müddətdə bu sektorun inkişafına önəmli addımlar atıb. Mühüm dəyişikliklərin fonunda qurumun qarşısında duran vəzifələr, gələcək hədəflər və peşənin inkişaf perspektivləri barədə Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Ayan Qəmbərova ilə həmsöhbət olduq.
– “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulundan sonra Azərbaycanda qiymətləndirmə sektorunda hansı əsas dəyişikliklər baş verib?
– Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, o cümlədən iqtisadi sahədə sürətli inkişaf gedir. Azərbaycan regionun lider dövləti olmaqla yanaşı, dünyanın nüfuzlu ölkələrindən birinə çevrilir və çox böyük beynəlxalq layihələrə töhfələr verir. Təbii ki, bu inkişaf strategiyası iqtisadi sistemin əsas istiqamətlərindən biri kimi ekosistemin ayrılmaz tərkib hissəsi olan qiymətləndirmə sahəsini də prosesdən kənarda qoymur.
Yeni qanunun qəbulunu qiymətləndirmə fəaliyyətinin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar. Uzun illər ərzində ölkədə qiymətləndirmə fəaliyyəti həyata keçirilsə də, sahənin daha müasir hüquqi bazaya, vahid peşə standartlarına və beynəlxalq təcrübəyə uyğun institusional idarəetmə mexanizmlərinə, bir az da sadə ifadə edəsi olsaq tənzimləməyə ehtiyacı var idi. Yeni qanun bu istiqamətdə mühüm boşluqları aradan qaldırdı.
Ən mühüm üstünlüklərdən biri isə qiymətləndirmə fəaliyyətinə ictimai etimadın artırılmasıdır. Çünki qiymətləndirmə hesabatları bank kreditlərindən investisiya layihələrinə, məhkəmə mübahisələrindən özəlləşdirmə proseslərinə qədər bir çox sahədə qərarların əsasını təşkil edir.
– Azərbaycan Qiymətləndiricilər Palatası qısa müddətdə sektorun əsas oyunçusuna çevrilib. Hazırda Palatanın fəaliyyətində hansı istiqamətlər aparıcı hesab olunur?
– Palatanın əsas missiyası qiymətləndirmə peşəsinin davamlı inkişafını təmin etmək, xidmət keyfiyyətini yüksəltmək, beynəlxalq əlaqələri inkişaf etdirərək təcrübə mübadiləsini inkişaf etdirərək beynəlxalq standartlara uyğun peşəkar mühit formalaşdırmaqdır.
Bu məqsədlə fəaliyyətimizin əsas istiqamətlərindən biri peşə standartlarının tətbiqi və metodoloji bazanın təkmilləşdirilməsidir. Qiymətləndirmə hesabatlarının keyfiyyətinin yüksəldilməsi, vahid yanaşmaların formalaşdırılması və beynəlxalq metodologiyaların tətbiqi prioritetlərimiz sırasındadır.
Digər mühüm istiqamət insan resurslarından düzgün istifadəni təmin etməklə peşəkarlığın təmin olunması, insan kapitalının inkişafıdır. Bununla yanaşı, dövlət qurumları, maliyyə institutları, investorlar, bir çox bazar iştirakçıları və vətəndaşlar arasında qiymətləndirmə xidmətlərinə etimadın möhkəmləndirilməsi də əsas məqsədlərimizdən biridir.
– Hazırda qiymətləndirmə bazarının qarşısında duran əsas problemlər hansılardır?
– İnkişaf edən hər bir peşə sahəsində olduğu kimi, qiymətləndirmə sektorunun da müəyyən çağırışları mövcuddur. İlk növbədə, metodoloji yanaşmaların daha da təkmilləşdirilməsi və bazar iştirakçıları arasında vahid praktikanın tam formalaşdırılması vacib məsələlərdəndir.
Hesab edirik ki, hüquqi bazanın təkmilləşdirilməsi, peşəkar inkişaf proqramlarının genişləndirilməsi və müasir texnologiyaların tətbiqi mövcud çağırışların mərhələli şəkildə həllinə imkan verəcək.
– Son illərdə rəqəmsallaşma iqtisadiyyatın bütün sahələrinə təsir göstərir. Bu proses qiymətləndirmə fəaliyyətində hansı dəyişikliklər yaradır?
– Rəqəmsallaşma qiymətləndirmə fəaliyyətinin daha operativ, dəqiq və şəffaf həyata keçirilməsi üçün yeni imkanlar yaradır. Elektron məlumat bazalarının genişlənməsi, coğrafi informasiya sistemlərinin tətbiqi, böyük məlumatların emalı və süni intellekt texnologiyalarının inkişafı qiymətləndirmə proseslərinin səmərəliliyini artırmağa xidmət edəcək. Palata yeni formalaşmış bir strukturdur, mövcud maliyyə imkanlarımız hələ ki, bu istiqamətdə operativ addımlar atmağa imkan vermir, amma biz bu sahənin də ümumi prioritetlərimiz daxilində inkişafında maraqlıyıq.
Bununla belə, texnologiyalar tam olaraq peşəkar qiymətləndiricinin rolunu əvəz etmir. Qiymətləndirmə yalnız məlumatların emalı deyil, bazar tendensiyalarının təhlili, risklərin qiymətləndirilməsi və peşəkar mühakimənin tətbiqini tələb edən fəaliyyətdir.
– Qiymətləndirmə fəaliyyəti investisiya mühitinin formalaşmasında hansı rol oynayır?
– Qiymətləndirmə investisiya qərarlarının qəbulunda əsas informasiya mənbələrindən biridir. Hər bir investor aktivin real bazar dəyərini, potensial gəlirliliyini və risklərini düzgün müəyyən etməyə çalışır. Obyektiv qiymətləndirmə olmadan sağlam investisiya qərarlarının qəbul edilməsi çətinləşir.
Məhz buna görə inkişaf etmiş ölkələrdə qiymətləndirmə institutu maliyyə sisteminin əsas elementlərindən biri hesab edilir. Kreditləşmə, investisiya layihələri, korporativ birləşmələr, satınalmalar və özəlləşdirmə prosesləri zamanı qiymətləndirmə hesabatları mühüm rol oynayır.
Azərbaycanda sahibkarlığın inkişafı, qeyri-neft sektorunun genişlənməsi və xarici investisiyaların təşviqi qiymətləndirmə xidmətlərinə tələbatın daha da artmasına səbəb olur.
– Qiymətləndiricilik fəaliyyətinin gələcəyini necə görürsünüz?
– Qiymətləndirici peşəsinin gələcək perspektivlərini kifayət qədər müsbət qiymətləndiririk. İqtisadi münasibətlərin mürəkkəbləşməsi və yeni aktiv növlərinin meydana çıxması peşəkar qiymətləndirməyə tələbatı artırır.
Bu gün qiymətləndirmə yalnız daşınmaz əmlakla məhdudlaşmır. Bizneslərin, sənaye müəssisələrinin, maliyyə alətlərinin, intellektual mülkiyyət obyektlərinin və digər aktivlərin qiymətləndirilməsi üzrə yeni istiqamətlər formalaşır.
Palata olaraq universitetlərlə əməkdaşlığa, maarifləndirmə tədbirlərinə və təcrübə proqramlarına xüsusi diqqət yetiririk. Məqsədimiz yüksək peşə hazırlığına malik, beynəlxalq səviyyədə rəqabətqabiliyyətli yeni qiymətləndiricilər nəslinin formalaşdırılmasına töhfə verməkdir.
– Yaxın və ortamüddətli hədəfləriniz barədə nə deyə bilərsiniz?
– Sektorun gələcəyinə nikbin baxırıq. Son illərdə yaradılmış hüquqi və institusional baza davamlı inkişaf üçün möhkəm zəmin formalaşdırıb. Yaxın dövr üçün əsas hədəflərimiz beynəlxalq standartların tətbiqinin genişləndirilməsi, peşəkar hazırlığın gücləndirilməsi, rəqəmsal həllərin inkişafı və bazarda keyfiyyət göstəricilərinin yüksəldilməsidir.
İnanırıq ki, həyata keçirilən islahatlar nəticəsində Azərbaycan qiymətləndirmə sektoru regionun qabaqcıl peşəkar ekosistemlərindən birinə çevriləcək və bu proses ölkənin investisiya mühitinin yaxşılaşmasına, iqtisadi inkişafın sürətlənməsinə və mülkiyyət münasibətlərində şəffaflığın güclənməsinə mühüm töhfə verəcək.
Söhbəti yazdı:
Musa BAĞIRLI
XQ


