Borçalı ruhunun ölməz şeiriyyəti

post-img

Valeh Hacılar – 75

Duyğulu insanlar yaşadıqları torpağın ruhunu sözə çevirir, zamanın yaddaşında silinməz izlər buraxırlar. Zəkalı insanlar isə sözün əməl olmasına can atır, həyata yeni naxış vururlar. Valeh Hacılar da belə duyğulu və zəkalı şəxsiyyətlərdən idi. O, elm və poeziyanı qovuşduran nadir bir mənəviyyat adamı, Borçalının ruhunu sözə, düşüncəsini isə şeiriyyətə çevirən ziyalı idi.

Onun adı çəkiləndə sazın kövrək səsi, el məclislərinin işığı və Tbilisi auditoriyalarının mənəvi ab-havası xatırlanır. Çünki o, yalnız alim və müəllim deyildi, həm də xalq yaddaşını yaşadan, sözlə keçmişlə gələcək arasında körpü quran bir ziyalı idi.

Borçalının Darvaz kəndində dünyaya gəlmişdi. Bu kənd yaddaşında təkcə doğulduğu yer kimi yox, sazın, sözün və el ruhunun birləşdiyi bir məkan kimi qalmışdı. Uşaqlıqdan eşitdiyi bayatılar, nağıllar və aşıq havaları düşüncəsində sadəcə xatirəyə yox, bütöv bir dünyagörüşünə çevrilmişdi. Ona görə də folklor onun üçün kitab səhifələrində donmuş mətn deyil, yaşayan yaddaş idi.

Orta təhsilini doğma kənddə başa vurduqdan sonra onun həyat yolunu Bakı mühiti formalaşdırdı. M.F.Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnstitutunda keçən tələbəlik illəri intellektual dünyasını genişləndirdi, elmi düşüncəsinə istiqamət və sistem qazandırdı. Bakı V.Hacılara böyük ədəbiyyat mühitini, elmi axtarışın məsuliyyətini tanıtdı. Lakin bu inkişaf onu heç vaxt doğma köklərindən uzaq salmadı. Əksinə, zaman keçdikcə, Borçalıya bağlılığı dərinləşdi. Harada olursa-olsun, daxilində həmişə Borçalının saz səsini, dağ nəfəsini və el yaddaşını yaşatdı. Çünki Borçalı yalnız doğulduğu məkan deyildi, o, düşüncəsinin qaynağı, yaradıcılığının ruhu və ömrünün mənəvi yaddaşı idi.

1973-cü ildən etibarən Tbilisi Dövlət Pedaqoji Universitetində başlayan pedaqoji fəaliyyət həyatında yeni bir mərhələ açdı. Bu yol sadəcə müəllim kürsüsünə aparan yol deyildi. Bu, sözün işığında xalq yaddaşını qorumağa, milli ruhu yaşatmağa aparan bir ömür missiyası idi. O, hər dəfə auditoriyanın qapısını açanda özü ilə birlikdə zamanın dərin qatlarından gələn bir mədəniyyət nəfəsi gətirirdi. Dərsləri də adi dərs deyildi. Auditoriya bəzən ədəbi məclisə, bəzən də milli yaddaşın səssiz məbədinə çevrilirdi. Tələbələr burada yalnız dilin qaydalarını və ədəbiyyatın nəzəriyyəsini öyrənmirdilər. Onlar həm də sözün mənəvi gücünü, milli kimliyin dərin qatlarını və insanın öz kökünə bağlı qalmasını dərk edirdilər. Bəli, ədəbiyyat onun təqdimatında quru mətn deyildi, o, yaşayan bir ruh idi.

Şairlərin misraları səsində yeni nəfəs alır, yazıçıların yaratdığı obrazlar tələbələrin düşüncəsində yenidən doğulurdu. O, hər əsərdə xalqın taleyini, hər misrada bir millətin duyğusunu göstərməyi bacarırdı.

Orbeliani adına Tiflis Pedaqoji Universitetinin Azərbaycan bölməsinə rəhbərlik etməklə V.Hacılar yad dillərin içində ana dilimizin varlığını qoruyur, onu yaşadır, ucaldırdı. Eyni zamanda, bir dil körpüsü idi O! Digər müəlliflərlə birlikdə “Azərbaycanca–gürcücə lüğət”, “Gürcücə–azərbaycanca danışıq kitabçası” hazırlamışdı. Bundan əlavə, bir çox şairlərin şeirlərini, yazıçıların əsərlərini ana dilimizə çevirərək sözün sərhədsizliyini sübut edirdi. Beləcə, başqa xalqların içində də öz xalqının imzasını yaşadır, onu qoruyub ucaldırdı. Bu xidmətlər həm ona, həm də mənsub olduğu xalqa böyük bir başucalığı gətirirdi. Ümumilikdə isə Valeh müəllim, bu gün çox aktual olan azərbaycançılıq ideyasının vətən hüdudlarından kənarda ən sadiq daşıyıcılarından və fəal təmsilçilərindən biri idi.

Onu da qeyd edək ki, onun sayəsində tələbələrində elm təkcə bilik deyil, həm də məsuliyyət, yaddaş və milli irsə sədaqət kimi formalaşırdı.

***

Tbilisi Dövlət Pedaqoji Universitetində başlayan pedaqoji fəaliyyəti, zaman keçdikcə, elmi və mənəvi məktəbə çevrildi. V. Hacıların elmi yaradıcılığının əsas istiqamətlərindən biri Azərbaycan–gürcü ədəbi əlaqələrinin araşdırılması idi. 1984-cü ildə müdafiə etdiyi “Azərbaycan dilində şeir qoşan gürcü aşıqları” mövzusunda namizədlik dissertasiyası bu istiqamətdə mühüm elmi hadisəyə çevrildi. Bu əsərdə sazın dili ilə qurulan dostluğun, poeziyanın yaratdığı yaxınlığın və ortaq mədəni yaddaşın dərin qatları üzə çıxarılmışdı. Bu araşdırması ilə göstərirdi ki, eyni dağların küləyini dinləyən xalqların ruhu da bir-birinə yaxın olur. Çünki sözün kökü də, nəfəsi də eyni torpağın içindən keçir.

1993-cü ildə müdafiə etdiyi doktorluq dissertasiyası isə folklora həsr olunmuşdu. “Azərbaycan folklorunun səciyyəvi xüsusiyyətləri (Gürcüstandakı türkdilli folklor örnəkləri əsasında)” adlı bu fundamental əsər yalnız akademik araşdırma deyildi; bu, zamanın dərinliklərində itib-getmək təhlükəsi ilə üz-üzə qalan bir yaddaşın yenidən dirçəldilməsi idi. Alim Borçalının sazlı-sözlü dünyasını, Qarapapaq ruhunun yaddaşını və türkdilli xalq təfəkkürünün zənginliyini elmi düşüncənin işığında yenidən canlandırmışdı.

Əslində, Gürcüstan arxivlərində keçən illər ömrünün ən zəhmətli dövrlərindən idi. Toz basmış sənədlərin arasında xalqın unudulmuş taleləri yatırdı. İllərin susqunluğu altında qalan həmin yaddaşı yenidən danışdırırdı. Saralmış səhifələrdən keçmişin nəfəsi yüksəlir, qədim adlar, unudulmuş hadisələr və xalqın mədəni izi yenidən gün işığına çıxarılırdı.

Sonda alim miflərdən bayatılara, nağıllardan dastanlara, tapmacalardan atalar sözlərinə və lətifələrə qədər toplayaraq sistemləşdirdi, onları nəşr etdirərək əbədiləşdirdi və gələcək nəsillərə qiymətli miras kimi ötürdü. Bu, yalnız elmi fəaliyyət deyildi, bu, zamanın unutdurmağa çalışdığı yaddaşı xalqın özünə qaytarmaq idi.

“Folklorumuzun üfüqləri”, “Azərbaycan folkloru örnəkləri”, “Qarapapaq Mehralı bəy tarixi həqiqətlərdə”, “Kəndim Lecbəddindi, özüm İbrahim...” kimi əsərlər həmin yorulmaz axtarışların və mənəvi bağlılığın bəhrəsi idi. Bu kitabların hər səhifəsində xalqın nəfəsi, hər sətirində Borçalının ruhu yaşayırdı. Onun qələmində folklor sadəcə tədqiqat obyekti deyil, nəfəs alan, yaşayan bir həyat idi. Ən böyük xidmətlərindən biri isə bəlkə də məhz bu həqiqətdə gizlənirdi: o, xalq yaddaşını yalnız kitablara köçürməklə kifayətlənmədi, onu insan ruhunda yaşatmağı bacardı. bölgənin qəhrəmanlarını araşdırıb ortaya çıxarmaqla həm də bu coğrafiya üçün yeni bir tarix yazdı.

Onun ən mühüm xidmətlərindən biri də “Ulu baban kim olub?” kitablar silsiləsinin hazırlanması idi. Bu silsilə Borçalı kəndlərinin tarixini, nəsil şəcərələrini və demoqrafik quruluşunu arxiv sənədləri əsasında sistemli şəkildə təqdim edərək milli yaddaşın qorunmasına böyük töhfə vermişdir. Layihə sayəsində yüzlərlə ailənin, nəslin və kəndin keçmişi yenidən gün işığına çıxarılmış, yaddaşın itmiş qatları yenidən bərpa olunmuşdur.

Valeh Hacılar yalnız alim və folklorşünas deyildi. O, Azərbaycan və Gürcüstan arasında görünməz bir mənəvi körpü yaradan, xalq yaddaşını elmi düşüncə ilə birləşdirən və Borçalının ruhunu gələcək nəsillərə daşıyan böyük bir ziyalı idi. Onun ömrü elmə, sözə və milli yaddaşa sədaqətlə yazılmış bir həyat kitabı kimi Azərbaycan mədəni düşüncə tarixində öz işıqlı yerini bu gün də qoruyur.

***

Valeh Hacıların yaradıcılıq dünyasında poeziya ayrıca bir ruh qatıdır. Şeirlərində süni bədii quruluşdan çox yaşanmış hisslərin təbii axını duyulur; söz sanki düşünülərək deyil, yaşanaraq doğulur. İnsan ağrısı, ayrılıq, yurd sevgisi və folklorun kövrək nəfəsi onun poetik düşüncəsində vahid bir ahəngə çevrilir.

Onun poeziyasında sadə görünən misraların arxasında dərin fəlsəfi qatlar və zamanın görünməz izləri dayanır. Bu sadəlik səthilik deyil, həyatın öz təbii nəfəsidir. Onun şeirlərində yaddaşın sükutu, keçmişin izi və insan ruhunun ani işıqlanması bir arada hiss olunur.

…Hələ eşidilmir sözümüz, baba,
Hələ yuxudayıq özümüz, baba.
Elə yumulub ki, gözümüz, baba,
Nə illah edirik, aça bilmirik.

Bu misralar təkcə poetik müraciət deyil, bir xalqın iç sükutunun və oyana bilməyən yaddaşının ifadəsidir. Burada fərdi duyğu kollektiv ruhla birləşir.

Onun poeziyasında Vətən sevgisi və millət duyğusu şüar kimi deyil, yaşantının içindən süzülərək, səmimi və sakit bir dillə ifadə olunur. Eyni zamanda, şairin poeziya dilinin xalq danışıq dilinə yaxınlığı, ifadə tərzindəki ritmiklik və bayağı pafosdan uzaqlıq bu şeirləri məcmu halda “səmimiyyət poeziyası” adlandırmağa tam haqq verir.

O dağlarda çiçək zərif, qar gözəl,
O düzlərdə bağça dolu bir gözəl,
Qardaş şirin, dost vəfalı, yar gözəl,
Məhəbbəti dəryalardan dərindi.

Bu şeirində isə insan ruhunun, ideyasının və təsirinin tam sönmədiyini, sözü və xatirəsinin yaşadığını göstərir.

Nə qədər yansaq da, külə dönsək də,
Hardasa, kül altda közümüz qalar.

Tərcümə fəaliyyəti də onun yaradıcılığının mühüm hissəsidir. Gürcü, rus, Ukrayna və abxaz poeziyasından etdiyi tərcümələrdə o, sözün formasını deyil, ruhunu oxucuya çatdırmağa çalışırdı. İctimai fəaliyyəti isə xüsusilə diqqətəlayiqdir. Gürcüstanda Azərbaycan Ziyalılar Birliyinin ilk sədri kimi o, diaspor mühitində milli yaddaşın qorunması və mədəni özünüdərk prosesinin gücləndirilməsi istiqamətində mühüm rol oynamışdır.

Valeh Hacılar 2010-cu ildə ruhu uçmuş cismi ata yurdu Darvazda torpağa tapşırıldı, amma onun adı borçalılıların yaddaşında özünə əbədi yer etdi. Bu gün O, sözün yaddaşa, yaddaşın mədəniyyətə, mədəniyyətin isə zamana qalib gəldiyi bir dəyərə çevrilib.

Pünhan ƏFƏNDİYEV
XQ

Mədəniyyət