Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin Antalya vilayətində yerləşən və Likya sivilizasiyasının ən mühüm mərkəzlərindən biri hesab olunan Olimp antik şəhərində əsilzadə bir qadına məxsus monumental türbə aşkarlanıb. "Anadolu" agentliyinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin "Gələcəyə miras" layihəsinə istinadən yaydığı məlumata görə, arxeoloji qazıntılar zamanı tapılan bu unikal memarlıq abidəsinin hündürlüyü təxminən 10 metrə çatır. Pamukkale Universitetinin əməkdaşı, arxeoloji ekspedisiyanın rəhbəri Göyçən Qurtuluş Özdaşqın bildirib ki, bu tapıntı bölgədə indiyədək məlum olan üçüncü monumental qəbir bəsitidir.
Üzərində qədim ov səhnələri, həmçinin qələbə ilahəsi Nika və sevgi tanrısı Erosun təsvirləri həkk olunmuş sarkofaqın Olimp şəhərinin ən nüfuzlu və zəngin aristokrat ailələrindən birinə məxsus olduğu müəyyən edilib. Roma dövründə bu növ mürəkkəb təsvirlər güc, sərvət və ölümsüzlük rəmzi hesab olunurdu. Eyni zamanda, sarkofaqın Afyonkarahisar bölgəsindən gətirilmiş yüksək keyfiyyətli mərmərdən hazırlanması da dəfn olunan şəxsin yüksək sosial statusundan xəbər verir.
Arxeoloqların sözlərinə görə, qədim dövrlərdə dağıntılara məruz qalan sarkofaqın alt hissəsi təxminən 50 parçaya bölünüb. Hazırda mütəxəssislər bu fraqmentləri cərrahi dəqiqliklə birləşdirmək üçün bərpa işlərinə başlayıblar. Qeyd olunub ki, ötən il ərazidə tapılan və 722 hissəyə parçalanan digər iki sarkofaq da analoji üsulla tam bərpa edilərək ziyarətçilərin ixtiyarına verilib. Alimlər restavrasiya prosesi başa çatdıqdan sonra bu yeni tarixi abidənin də yaxın zamanlarda muzey eksponatı kimi təqdim olunacağını bildirirlər.
Ə.Arzu
XQ

