Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Havanın temperaturunun yüksəlməsi və çirklənmə dərəcəsinin artması it dişləməsi hallarının çoxalmasına səbəb ola bilər. "The Guardian" qəzetinin Harvard Tibb Məktəbinin yeni tədqiqatına istinadən yaydığı məlumata görə, alimlər ABŞ-nin 8 iri şəhərində 2009–2019-cu illəri əhatə edən rəsmi statistikanı təhlil ediblər.
Tədqiqat nəticəsində məlum olub ki, ultrabənövşəyi şüalanmanın yüksək olduğu günlərdə heyvanların aqressivlik nümayiş etdirməsi halları 11 faiz, isti hava şəraitində 4 faiz, ozon qatının konsentrasiyasının artdığı günlərdə isə 3 faiz çoxalıb. Yağıntılı günlərdə isə əksinə, it dişləməsi hallarının sayında azalma müşahidə olunub.
Mütəxəssislər yüksək temperatur və aqressiv davranış arasındakı bu asılılığın təkcə heyvanlara aid olmadığını, bənzər reaksiyaların insanlarda da elmi şəkildə sənədləşdirildiyini qeyd edirlər. Bununla belə, hesabatda vurğulanır ki, isti hava yeganə aqressiya faktoru deyil; təhlil edilən sənədlərdə heyvanların cinsi, cinsi yetkinlik statusu, eləcə də hadisənin başvermə səbəbləri barədə əlavə təfərrüatlar əksini tapmayıb.
Ə.Arzu
XQ

