Arxeoloqlar eramızın 79-cu ilində Vezuvi püskürməsi zamanı həlak olmuş Pompey sakinlərindən birinin həyatının son anlarını ilk dəfə süni intellekt vasitəsilə rəqəmsal şəkildə canlandırıblar. Tədqiqat qədim fəlakətin insan talelərinə necə təsir etdiyini daha aydın göstərən mühüm nümunə hesab olunur.
Hazırlanan rekonstruksiyada kişi dağıntılarla örtülmüş küçə boyunca qaçarkən təsvir edilir. O, başı üzərində bişmiş gildən hazırlanmış iri və dayaz qab – həvəngdəstənin kasasına bənzər bir əşya tutur. Görünür, bu qabı qalxan kimi istifadə edərək səmadan yağan vulkan daşlarından qorunmağa çalışıb. Arxa planda isə Vezuvi vulkanının püskürməsi görünür.
Rəqəmsal portret skelet qalıqları, arxeoloji materiallar və müasir təsvir emalı texnologiyalarının birləşdirilməsi ilə hazırlanıb. Bu yanaşma alimlərə minilliklər əvvəl yaşamış insanların son davranışlarını elmi əsaslarla modelləşdirməyə imkan verir.
Kişinin sümük qalıqları şəhər divarlarından kənarda, Porta Stabiya nekropolu yaxınlığında aparılan qazıntılar zamanı aşkar edilib. Tədqiqatçılar hesab edirlər ki, o da bir çox digər sakinlər kimi püskürmənin ilk saatlarında şəhəri tərk edib sahilə çatmağa çalışıb. Lakin qaçış zamanı güclü vulkan dağıntıları altında qalıb.
Ən diqqətçəkən detal odur ki, skelet tapılarkən kişinin əlləri hələ də həmin gil qabı sıxırdı. Arxeoloqların fikrincə, o, qaçarkən başını lapilli adlanan xırda vulkan daşlarından qorumağa çalışıb. Ancaq bu improvizə edilmiş müdafiə vasitəsi onu daha iri qaya parçasının ölümcül zərbəsindən xilas edə bilməyib.
Qədim Roma müəllifi Pliniy də öz qeydlərində sakinlərin kül və daş yağışı zamanı müxtəlif əşyalardan sipər kimi istifadə etdiklərini yazırdı. Yeni tapıntı həmin təsvirlərin real tarixi əsaslara malik olduğunu göstərir.
Mərhumun yanında şəxsi əşyalar da tapılıb: kiçik yağ lampası, on bürünc sikkə və sol əlində daşıdığı dəmir üzük. Lampanın zəif görünüş şəraitində ona yol göstərmək üçün istifadə edildiyi ehtimal olunur.
Yaxınlıqda daha bir gənc şəxsin skeleti də aşkar edilib. Tədqiqatçılar hesab edirlər ki, o, bir neçə saat sonra şəhər qapılarından kənara püskürən piroklastik axın – yəni qızmar qaz, kül və daş qarışığı tərəfindən aparılıb.
Bu tapıntı bir daha göstərir ki, Pompey yalnız qədim şəhər deyil, həm də insan iradəsi, qorxu və yaşamaq uğrunda son mübarizənin daşlaşmış yaddaşıdır.
Hazırladı:
S.ELAY
XQ


