Misirin Turizm və Tarixi Abidələr Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tapıntı Nil deltasının şərq hissəsində yerləşən Tel-əl-Faraun arxeoloji sahəsində aşkar edilib.
Heykəlin qorunub saxlanılan hissəsinin hündürlüyü 2,2 metrə çatır, çəkisi isə 5–6 tondur. Heykəlin ayaqları və postamenti yoxdur. Alimlərin sözlərinə görə, o ehtimal ki, bir triadanın (üçlük heykəl qrupu) tərkib hissəsi olub. Qədim heykəlin ümumi vəziyyəti nisbətən pis qiymətləndirilir. Bununla belə, sağ qalan fraqmentlərə əsasən, arxeoloqlar bunun firon II Ramzesin heykəli olduğunu güman edirlər.
Aşkar edildikdən dərhal sonra, bərpa və konservasiya işlərinə mümkün qədər tez başlamaq üçün arxeoloqlar heykəli San-əl-Xaqar bölgəsindəki muzey anbarına aparıblar. Tarixi Abidələr üzrə Ali Şuranın Misir abidələri sektorunun rəhbəri Məhəmməd Əbdül-Badi deyib ki, heykəlin qeyri-adi tarixi var. Qədim dövrlərdə o, yerli dini kompleksin bir hissəsi olması üçün Per-Ramzes şəhərindən Tel-əl-Faraun ərazisinə köçürülüb.
Firon II Ramzes Qədim Misirin XIX sülaləsinin üçüncü hökmdarı olub. O, təxminən eramızdan əvvəl 1290-cı ildə 25 yaşında taxta çıxıb və genişmiqyaslı tikinti işləri ilə məşhurlaşıb. Hesab olunur ki, 67 illik hakimiyyəti dövründə o, digər fironlardan daha çox məbəd tikdirib. Günümüzə qədər gəlib çatan ən böyük tikililər arasında Abidos, Fiv və Edfuldakı məbədləri, eləcə də tikintisi 20 il davam edən Abu-Simbelin iki mağara məbədini qeyd etmək olar.
Hazırladı:
S.ELAY
XQ

