İnsanın üzü bəzən sağlamlığı haqqında çox məlumat ver bilər. Alimlər üzdə yaranan dəyişikliklərin orqanizmdə gedən prosesləri göstərə biləcəyini ehtimal edirlər. Xüsusilə xərçəng xəstələrində üzün nə qədər sürətlə yaşlanması həyat proqnozu ilə bağlı məlumat verə bilər.
Yeni araşdırmada 2276 xərçəng xəstəsinin şəkilləri öyrənilib. Alimlər xüsusi kompüter proqramı vasitəsilə insanların bioloji yaşını və üzündəki dəyişikliklərin sürətini hesablayıblar. Bunun üçün eyni şəxsin fərqli vaxtlarda çəkilmiş iki fotosu müqayisə olunub.
Nəticələr göstərib ki, üzü daha sürətlə qocalan xəstələrdə ölüm riski daha yüksəkdir. Xüsusilə iki ildən dörd ilə qədər müddətdə bu dəyişikliklər daha aydın görünüb. Belə xəstələrin orta sağ qalma müddəti daha az olub.
Maraqlıdır ki, insanın pasport yaşı bu qədər dəqiq məlumat verməyib. Yəni neçə yaşında olmaqdan çox, orqanizmin necə qocalması daha vacib sayılır.
Alimlər düşünürlər ki, gələcəkdə adi tibbi şəkillər həkimlərə xəstənin vəziyyətini qiymətləndirməkdə və müalicəni planlaşdırmaqda kömək edə bilər.
Bu üsul hələ tam təsdiqlənməyib, amma göstərir ki, insan üzü sağlamlıq haqqında mühüm məlumat daşıya bilər.
Hazırladı:
S.ELAY
XQ

