Qubada güclü yağışların fəsadları aradan qaldırılır

post-img

Bu il aprelin ortalarında ölkəmizin şimal bölgəsinə, eləcə də Quba rayonu ərazisinə yağan aramsız yağıntıların fəsadlarının aradan qaldırılması, sakinlərin sosial vəziyyətinin diqqətdə saxlanılması üçün zəruri addımlar atılır.

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 42-ci kilometrində torpaq sürüşməsindən sonra, çəkilən yeni alternativ yolun tikintisi ilə tanış olan rayon rəhbərliyi, işlərin daha sürətli və keyfiyyətli aparılması üçün icraçılarla səmimi söhbət etmiş, fikir mübadiləsi aparmışdır.

Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mövcud çətinliklərə baxmayaraq, Qonaqkənd qəsəbəsinə 12 tondan artıq ərzaq və gündəlik tələbat məhsulları çatdırılıb. Rayon rəhbərliyi ərzağın və gündəlik tələbat məhsullarının birbaşa sakinlərə çatdırılmasında iştirak etmişdir.

Qəsəbə sakinləri ilə görüş zamanı onların gündəlik qayğıları dinlənilmiş, problemlərin həlli üçün tapşırıqlar verilmişdir. Ərzaq mağazasında təminatın vəziyyəti, qiymətlərin sabitliyi və insanların ehtiyaclarının qarşılanması ilə bağlı məsələlər də diqqətlə araşdırılmışdır.

Sakinlər görüş zamanı görülən işlərə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

XQ

Sosial həyat