Tərcümə sənətinin ustad tərcümanı

post-img

Tofiq Rüstəmov – 90

Azərbaycan mətbuatının tanınmış simalarından biri, dərin analitik təfəkkürə malik publisist, nüfuzlu ziyalı, tərcüməçi, Əməkdar jurnalist, professor Tofiq Rüstəmovun bu il 90-cı ildönümüdür. Sözə məsuliyyətlə yanaşan, publisistikanı düşüncə və mövqeyin platforması kimi dəyərləndirən, zəngin yaradıcılığı ilə milli mətbuat tariximizdə özünəməxsus iz qoyan Tofiq Rüstəmov “Xalq qəzeti”nin baş redaktoru olduğu illərdə ölkəmizdə gedən ictimai-siyasi proseslərin operativ şəkildə işıqlandırılmasına, mətbuatın cəmiyyət həyatındakı rolunun möhkəmlənməsinə böyük önəm vermişdir. Onun bədii-publisistik irsində xüsusi yer tutan “Molla Nur” əsərinin tərcüməsi isə müəllifin həyat müşahidələrinin, ictimai proseslərə həssas münasibətinin və insan xarakterlərinə dərindən nüfuz etmək bacarığının bariz nümunəsidir.

Bu il “Molla Nur”un 190, onun tərcüməçisi, professor Tofiq Rüstəmovun isə 90 yaşı tamam olur. Yubiley ərəfəsində povestin ikinci nəşri oxuculara dəyərli hədiyyədir.

MOLLA NUR
(olmuş əhvalat)

O vaxt idi ki, Hindustan padşahı əyləşib, məclisində ali ziyafət var idi; neçə şahzadələr, neçə pəhləvanlar, neçə vəzirlər, neçə üləmalar dəsti-rast dəsti-rastdan, dəstiçəp dəsti-çəpdən əyləiqib məşğul idilər.

Çax daşı, çaxmaq daşı,

Allah versin yağışı!

Nəqarət.

Axşam azanı həzin-həzin səslənir, elə bil ötüb keçən günəşli gün üçün matəm qurulub.

– Dərbənd yaman istidir, adamın nəfəsi kəsilir! Qasım, bir dama qalx, gör dağların o tayında günəş necə batır: məğrib qızarırmı, göyün üzünə bulud gəlirmi?

– Xeyr, əmi! Məğrib bacımın gözlərindən də mavidir. Günəş onun yaxasındakı qızılgül2 kimi bərq vura-vura batdı, bircə şöləsi də sönmədi – dumandan əsər-əlamət yoxdur.

Gecə ulduzlu yelpiyini səmaya sərdi. Hər yan qaranlıqdır. – Qasım, bir dama qalx, gör təzə ayın üzündə şeh damlası seçilirmi, mərcanın bağrına qısılan mirvari kimi ay da gecənin qoynuna sığınıbmı?

– Xeyr, əmi! Ay dumduru səmanın mavi ənginliklərində üzür, dənizə göz yaşları yox, iti oxlar səpələyir! Damlar Muğan düzü kimi qupqurudur, orada oynaşan əqrəblər sabah da bürkü olacağını xəbər verir!

Qoca əmi mürgüləyə-mürgüləyə:

– Yağışsız müsibət çəkirik, – deyir. Şəhər isə haçandı ki, şirin yuxudadır. Qədim barıların arasından yalnız bir-birini haylayan keşikçilərin səsi gəlir, bir də dənizin xəfif ləpələri sahili yalayır... Düşünə bilərdiniz ki, mərhumların ruhu ölüm dünyası ilə dərdləşir, çünki hayana üz çevirsən qəbiristan mənzərəsi ilə rastlaşırsan!

Dəniz qırağı sanki od tutub yanır. Qaranquşların şən civiltisi məscidin minarəsində azan verən mollanı qabaqladı; amma molla da gecikən quşlardan deyil; o, başını ovucları arasına alıb günbəzin dövrəsinə dolana-dolana səsinə güc verir: “Oyanın, ey allahın mömin bəndələri! Oyanın, qalxın ayağa! Çünki ibadət yuxudan əfzəldir”. – Qasım, bir dama çıx, gör Ləzgistan dağlarından duman gəlirmi? Dəniz qaralırmı, ağyallı təpədeyən daşların üstündən çapıb keçirmi?

– Xeyr, əmi! Dağlar ilahidən qızılı rəngə boyanıb; dəniz güzgü kimi parıldayır. Narınqaladakı bayraq şux gözəlin qamətini qucan çadra kimi ağaca dolanıb qalıb. Bircə ləpə də inci dənələrinə dönüb sahilə səpələnmir; xəfif yel də olsa əsib yolda toz qoparmır. Dənizin ağuşunda dinclik, torpağın qoynunda sakitlik, göyün üzündə aydınlıq qərar tutub!

Qoca əmi qəm dəryasına qərq oldu. O, dəstəmaz alıb namaz qılmaq üçün yastı dama çıxdı, xalçanı yumşaq qırın üstünə sərib diz üstə oturdu və çoxdan əzbərlədiyi namazı qurtarandan sonra ürəyinin ən dərin guşələrindən qopub gələn atəşin sözlərlə bir də dua elədi.

– Bismillahil-rəhmanir-rəhim! – O, qəmgin nəzərlərlə yan yörəsinə göz gəzdirib dedi. – Sözümü mərhəmətli və rəhmli allahın adı ilə başlayıram. Ey bahar buludları, ey dənizimizin övladları! Neçin sirtlərin başında halay vurub dərələrdə gizlənirsiniz? Yoxsa ləzgi qaçaqları kimi sıldırım qayalarda qənimət axtarmaq, zirvələrin şiş uclarında mürgü vurmaq eşqinə düşmüsünüz? Neçin biçənəklərimizin rütubətini sorub ağına–bozuna baxmadan çılpaq qayalara əndərirsiniz, incilərinizi keçilməz meşələrin qıvrım hörüklərinə səpirsiniz, dağ çaylarını köpüb partlayanacan içirirsiniz? Onlar da dərələrimizə hücum çəkib gah sahilləri viran qoyur, gah da öz qurbanlarının gəmirilmiş sümüklərinə oxşayan daş-çınqılla doldurur. Nankor övladlar! Görün ananız torpağın dodaqları necə cadar-cadar olub... o, susuzluqdan yanır, təşnəsini söndürmək istəyir! Görün balaca qardaşlarınız, yazıq sünbüllər küləksiz də necə titrəyib əsir, adicə çəyirtkənin ağırlığına davam gətirməyib qırılır, boyunlarını uzadıb havadakı rütubəti udmaq istəyir, amma qızmar günəşin şöləsinə tuş olur, o da közərmiş dəryaz kimi hamısını biçib tökür. Quraqlıq, arxların suyuna qənim kəsilib, indi orada bildirçinlər yuva qurur, hörümçək bütün şırımlara, tor çəkib. Qızmar külək gül-çiçəyin ətrini vaxtsız-vədəsiz uçurub, yarpaqlarını çölün düzünə yayıb. Ağaclar quruyub əldən gedir, ot-ələf yanıb külə dönür, boyaqotu saralıb–solur. Camışlar nohur qırağında buynuz–buynuza gəlir; ac atlar dırnaqları ilə üryan torpağı eşir; oğul-uşaq çeşmə başında bir damcı su üstündə dava-qırğına çıxır... Pərvərdigara, bizim axırımız necə olacaq! Quraqlıq aclığın anası, aclıq da azar-bezarın atası, qada-qırğının qardaşıdır! Dağların küləyi, sərin külək! Allahın nemətini qanadlarına alıb bizə gətir. Buludlar! Göylərin südünü yerə sağın, tufan qoparın, torpağın sinəsindəki qara ləkələri yuyub təmizləyin, quraqlığı yox eləyin. – Oxlarınızı günahkarların bağrına sancın, günahsızları sevindirin... axı bu dünyada hamı günahkar deyil. Qoynunuzda təkcə ildırımlar yatmayıb: orada təravət gətirən yağış da var; təkcə qorxu deyil, ümid də var. Gömgöy buludlar, mələklərin qanadları! Bizə sərinlik bəxş edin, üst-başınızdakı şeh damcılarını çırpın. Ah, uçun gəlin, tələsin! Gözümüzü yolda qoymayın.

Buludlar isə gəlmir, yalvar-yaxara məhəl qoymur. Dərbənd yaman istidir, adamın nəfəsi kəsilir. Quraqlıq hər yanı yandırıb, yaxır. Özü də haçan-haçan, mayın gurhagurunda; elə bir vaxtda ki, Ladoqa buzları gündə üç dəfə Peterburq körpülərini uçurmağa çalışır, alabəzək qayıqları soyuq ağuşunda sıxıb-sıxçalayır, paytaxt camaatını üşütmə və zökəmə düçar edir; elə bir vaxtda ki, kübar cəmiyyətin gözəlləri pambıq gücünə özlərinə döş-baş düzəldir, zərif biçimli paltarlarını geyib sərin toz udmaq üçün dəstə-dəstə Nevski prospektinə axışırlar; elə bir vaxtda ki, Şimal Palmirası ancaq Lapinanın sehri ilə açılan çiçəkləri görür, ancaq dibçək güllərinin ətrini duyur, – sözün qısası, elə bir gözəl vaxtda ki, ömrünü başa vuran bəyaz qış yerini yaşıl qışa verir, Laplandiyadan əsən xəfif şimal nəsimi hələ adamın yanağından çox burnunun ucunu qızardır və kiçik buxarı, bu rus günəşi, gəzintidən sonra üşüyən lütfkar xanımı da, tənhalıqdan büzüşən, lakin özünə toxtaq verən dul qadını da isidir. Bəli, Peterburqda hələ də odunun bahalığından giley-güzar eşidildiyi bir vaxtda Dərbənddə biçin dərdi çəkirdilər.

Beş həftədir Cənubi Dağıstan torpaqlarına bir gilə yaqış düşməyib, isti yerlərdə isə vay o gündən ki, yaz ola, özü də quraqlıq ola. O, otlaq və biçənəkləri yandırıb-yaxır, bütün canlıları bugünkü və sabahkı azuqədən məhrum edir. Başqa vilayətlərdən taxıl gətirilməsi çox çətin olan, yaxud heç mümkün olmayan bir diyarda isə aclıq qıtlığın labüd varisidir. Asiya adamı ta qədimdən gələn günü axşam edərək, sırağagün nələr olduğunu heç yada salmır, birigün nələr olacağının qayğısına belə qalmır; o necə gəldi yaşayır, çünki tənbəldir, əhli-kefdir, ən çox da bundan ləzzət alır. Amma yatıb yuxusunda görmədiyi fəlakət birdən-birə başının üstünü alanda, “sabah” dönüb “bu gün” olanda, o, hövlnak yuxudan oyanır, para axtarmaq əvəzinə gözünün qorasını sıxır ki, pulu-pənəsi yoxdur, deyinməyə başlayır ki, heç kəs ona əl tutmur; iş görməli ikən hay-küy salır, təhlükəyə inanmayıb onu necə azaltmışdısa, indi vahiməyə düşüb bir o qədər artırır.

(ardı var)

 

Sosial həyat