AYİB-in kommunal modernləşdirməyə dəstəyi

post-img

Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıq 1992-ci ildən – ölkənin müstəqillikdən sonra beynəlxalq maliyyə institutlarına inteqrasiyası dövründən başlayır və çoxşaxəli inkişaf gündəliyini əhatə edir. Bank Azərbaycanda həm dövlət, həm də xüsusilə özəl sektorun maliyyələşdirilməsində aktiv rol oynayan əsas tərəfdaşlardan biridir.

Əməkdaşlığın strukturunda prioritet istiqamət özəl sektorun inkişafıdır. AYİB-in strategiyası bazar iqtisadiyyatının dərinləşdirilməsi, rəqabət mühitinin gücləndirilməsi və qeyri-neft sektorunun genişləndirilməsinə fokuslanır. Bu çərçivədə bank yerli maliyyə institutları vasitəsilə kiçik və orta biznesə kredit xətləri açır, texniki dəstək proqramları həyata keçirir və korporativ idarəetmə standartlarının tətbiqini təşviq edir.

Enerji sektoru əməkdaşlığın digər sütunlarından biridir. AYİB-in Azərbaycanda enerji səmərəliliyinin artırılması və bərpaolunan enerji layihələrinin maliyyələşdirilməsində iştirak edir. Bankın dəstəyi ilə külək və günəş enerjisi üzrə layihələrin hazırlanması, həmçinin enerji infrastrukturunun modernləşdirilməsi istiqamətində işlər görülür. Bu yanaşma ölkənin enerji balansının şaxələndirilməsi və karbon emissiyalarının azaldılması hədəfləri ilə uzlaşır.

Nəqliyyat və infrastruktur layihələri də əməkdaşlığın mühüm komponentidir. AYİB regional logistika əlaqələrinin gücləndirilməsi məqsədilə avtomobil yolları, liman infrastrukturu və şəhər nəqliyyatı layihələrinə investisiya qoyur. Bu layihələr Azərbaycanın tranzit ölkə kimi rolunun möhkəmlənməsinə xidmət edir, xüsusilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı kimi platformalarla sinerji yaradır. Bank, həmçinin “yaşıl şəhərlər” təşəbbüsü çərçivəsində Azərbaycanın bəzi şəhərlərində ekoloji dayanıqlı layihələri dəstəkləyir. Bu layihələr tullantıların idarə olunması, su təchizatı sistemlərinin yenilənməsi və şəhər mühitinin yaxşılaşdırılmasını əhatə edir.

Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıq son illərdə daha institusional və nəticəyönümlü mərhələyə daxil olub. Bu çərçivədə maliyyə naziri Sahil Babayev ölkəmizdə səfərdə olan AYİB-in Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elizabetta Falçettinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə tərəflər mövcud əməkdaşlıq portfelini və genişlənmə perspektivlərini detallı şəkildə nəzərdən keçiriblər. Xüsusilə AYİB-in 2025–2030-cu illəri əhatə edən ölkə strategiyası çərçivəsində iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun gücləndirilməsi, yaşıl keçid və regional əlaqəliliyin artırılması prioritet kimi təsdiqlənib. Nazir qeyd edib ki, bu əməkdaşlıq Azərbaycanın dayanıqlı sosial-iqtisadi inkişafında sistemli rol oynayır.

Faktiki göstəricilər əməkdaşlığın miqyasını aydın göstərir. İndiyədək AYİB tərəfindən Azərbaycanda 202 layihə üzrə 3,7 milyard avrodan çox investisiya qoyulub. Hazırda bankın ölkə üzrə portfeli təxminən 898 milyon avro təşkil edir və bunun əsas hissəsi özəl sektor layihələrinə yönəlib. İnfrastruktur istiqamətində konkret layihələr də müzakirə olunub. Xüsusilə Gəncə şəhərində həyata keçirilən su təchizatı və kanalizasiya layihəsinin strateji əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, Şəki şəhəri üzrə su təchizatı və tullantı su layihəsi, eləcə də Böyük Bakı–Abşeron Su Proqramı çərçivəsində nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər yeni layihələrin seçimi zamanı borc dayanıqlılığı, institusional icra potensialı və risklərin balanslı bölgüsünün əsas qiymətləndirmə meyarları olduğunu vurğulayıblar. Bununla yanaşı, kredit, qrant və texniki yardım alətlərinin kombinasiyalı tətbiqinin layihələrin effektivliyini artırdığı qeyd olunub.

Yeri gəlmişkən, AYİB Azərbaycanın regionlarında kommunal infrastrukturun modernləşdirilməsi istiqamətində fəaliyyətini genişləndirir. Bu çərçivədə bank Şəki şəhəri və ətraf yaşayış məntəqələrində su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması məqsədilə Azərbaycana 91 milyon avroya qədər suveren kreditin ayrılmasını təsdiqləyib. Layihə Şəki şəhəri ilə yanaşı, Oxud, Kiş və Qoxmuq kəndlərini əhatə edir. Planlaşdırılan tədbirlər su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması, yağış sularının idarə olunması sistemlərinin yaradılması və çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə bloklarının inşasını əhatə edir.

Ümumi dəyəri 95 milyon avro olan layihə iki mərhələdə maliyyələşdiriləcək: ilkin olaraq 57 milyon avro, daha sonra isə 34 milyon avro kredit ayrılması nəzərdə tutulur. Bundan əlavə, Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit Tərəfdaşlığı (E5P) çərçivəsində 4 milyon avroya qədər qrantın cəlb edilməsi planlaşdırılır. Bu struktur kredit və qrant alətlərinin kombinasiyalı tətbiqi ilə layihənin maliyyə dayanıqlığını gücləndirir.

Layihə Şəki şəhərində və ona yaxın Oxud, Kiş və Qoxmuq kəndlərində fasiləsiz su təchizatı və çirkab sularının idarə olunması xidmətlərinin təmin edilməsinə, eləcə də daşqın risklərinin azaldılması məqsədilə yağış sularının idarə olunması infrastrukturunun genişləndirilməsinə yönəlmiş müasir və dayanıqlı sistemlərin qurulmasını dəstəkləyəcək. Gözlənilir ki, layihə təmizlənməmiş çirkab sularından yaranan çirklənmə və emissiyaların azalmasına, səth sularının keyfiyyətinin yaxşılaşmasına və iqlim dəyişikliklərinin təsirlərinə qarşı dayanıqlılığın artırılmasına əhəmiyyətli töhfə verəcək.

Layihə çərçivəsində su sektorunda institusional potensialın gücləndirilməsi, qısamüddətli təlim proqramlarının təşkili, rəqəmsal həllərin tətbiqi və kibertəhlükəsizlik imkanlarının artırılması da nəzərdə tutulur. Bu yanaşma xidmətlərin uzunmüddətli dayanıqlılığını təmin etməyə hesablanıb. Layihə Paris İqlim Sazişinin həm emissiyaların azaldılması, həm də iqlim dəyişikliklərinə uyğunlaşma hədəflərinə uyğun hesab olunur və AYİB tərəfindən ayrılan vəsaitin 100 faizi “yaşıl maliyyə” kimi təsnif edilib.

Musa BAĞIRLI
XQ

İqtisadiyyat