Əsgər anası

post-img

Sən oğlunu ilk dəfə qucağına alanda, yəqin ki, onun bir gün Vətənin taleyinə yazılacağını düşünmürdün.

Sənin üçün o, sadəcə, oğlun idi.. Güləndə dünyanı işıqlandıran, xəstələnəndə gecəni səhərə qədər səni yatmağa qoymayan, məktəbə gedəndə arxasınca baxıb kövrəldiyin balaca oğlun... İllər keçdi. Boyu uzandı, səsi dəyişdi, çiyinləri genişləndi, kişiləşdi« Amma sən onu həmişə həmin uşaq kimi gördün. Hətta hərbi forma geyinəndə də. Çünki ana ürəyi oğlunu böyüməyə qoymur...

Sonra bir gün Vətən çağırdı. Sən isə ürəyinin yarısını o forma ilə birlikdə yola saldın. Heç kim bilmədi. Heç kim görmədi. Amma o gün evə qayıdanda boş qalan otağa baxıb sakitcə ağlayan sən oldun. Telefon zənginin səsini eşidəndə ürəyi yerindən qopan sən oldun. Gecələr hamı yatandan sonra dua edən də sən oldun.

Çox şey danışıldı. Silahlardan danışıldı. Döyüşlərdən danışıldı. Qələbələrdən danışıldı. Amma o günlərdə milyonlarla dua arasında ən güclüsü sənin duan idi, Əsgər anası. Çünki sən Allahdan özün üçün heç nə istəmirdin. Nə var-dövlət, nə rahat həyat, nə də xoş günlər. Sən yalnız bir səs gözləyirdin: “Ana, mən yaxşıyam...”

Və sonra müharibə bitdi. Qələbə gəldi. Azərbaycanın üçrəngli bayrağı illər boyu həsrətində olduğumuz torpaqlarda dalğalandı. Şuşada azan səsi eşidildi. Xankəndidə də Azərbaycan bayrağı ucaldı. Laçın yolunda, Kəlbəcərin dağlarında, Ağdamın viran qalmış küçələrinə yenidən həyat gəldi.

Hamımız sevindik. Hamımız qürurlandıq. Amma o qələbənin içində elə analar vardı ki, göz yaşlarını sevincdən yox, həsrətdən silirdilər. Çünki hər qələbənin bir əvəzi olur. Biz o dəyəri oğullarımızla ödədik.

Bu torpağın altında indi elə igidlər yatır ki, onların hər biri bir ananın ürəyindən qopmuş parçadır. Onlar şəhid oldular. Amma sən yaxşı bilirsən ki, əsgər anası, şəhid olan təkcə oğul olmur. Onunla birlikdə bir ananın ömrünün bir hissəsi də torpağa tapşırılır. O gündən sonra heç nə əvvəlki kimi olmur. Süfrədə bir boş yer qalır. Bayramlarda bir nəfər çatışmır. Qapı açılanda gözlərin yenə ora dikilir. Ağıl hər şeyi qəbul edir, amma ürək yox...

Bu gün Ordumuzun günüdür. Hamı əsgərlərdən danışacaq. Hamı əsgərlərdən danışacaq. Mən isə bir anlıq onların arxasında dayanan anaları xatırlamaq istədim. Çünki bu ölkənin qələbəsində sənin də payın var, Əsgər anası!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Hamlet QASIMOV,

XQ-nin bölgə müxbiri

Əməkdar jurnalist

Sosial həyat