Özbəkistanın Namanqan şəhərində keçirilən üçüncü beynəlxalq Muğam Sənəti Festivalı çərçivəsində Azərbaycan ifaçıları çıxış edib.
Festivalda UNESCO, ISESCO, Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Parlament Assambleyası, Türk Mədəniyyəti və İrsi Fondu və digər beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət nazirləri, xarici ölkələrin səfirləri, dünyanın 80 ölkəsindən gələn 250-dən çox mədəniyyət və incəsənət xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və diplomatlar iştirak edib.
Musiqi bayramında ölkəmizi Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Mədəniyyət nazirliyinin nümayəndəsi Nəsibə Əsgərova, sənətşünaslıq üzrə fəlsəfə doktoru. Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Azərbaycanın Xalq artisti, Mənsum İbrahimov, xanəndə Kamilə Nəbiyeva və müsiqiçilər daxildir.
Mənsum İbrahimov həm də festivalın nüfuzlu münsiflər heyətinin sədri kimi çıxış edir.
Azərbaycanın Əməkdar artisti, Özbəkistanın mədəniyyət səfiri, Bakıdakı Muğam Mərkəzinin direktoru tarzən Sahib Paşazadə festivala qonaq kimi qatılıb.
Konsertdə Nurəddin Tağıyev (kamança) və Teymur Cəbrayılovun (zərb alətləri) ifasında solo “Bayatı-Şiiraz” səslənib, “Muğan” qrupunun ifasında isə muğam və mahnılarımız ifa edilib. (Kamilə Nəbiyeva (xanəndə), Rəşad İbrahimov (tar), Elnur Mikayılov (kamança), Rafael Əsədov (balaban), Kamran Kərimov (nağara) və Əməkdar artist Xəyyam Quliyev (ud).
Azərbaycan ifaçılarının çıxışları alqışlarla qarşılanıb.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Namanqan

