Rəqəmsallaşma dövründə ana dilimizin saflığının qorunması daha önəmlidir

post-img

(əvvəli 24 iyun tarixli sayımızda)

Beynəlxalq terminlər və onların qarşılıqları Azərbaycan dilinin potensial imkanları ilə uzlaşdırılmalıdır

Cəmiyyətin düzgün termin seçiminə istiqamətləndirilməsi üçün hansı işlər görülür və Azərbaycan dilinin terminoloji bazasının zənginləşdirilməsi baxımından yeni terminlərin təsdiqi prosesi necə həyata keçirilir?

Akademik Nizami Cəfərov – Cəmiyyətin düzgün termin seçiminə yönəldilməsi və yeni terminlərin təsdiqi prosesinə gəldikdə isə bir qanunauyğunluğu qeyd etmək istərdim. Beynəlxalq termin daim öz qlobal statusunda və ali məqamında dayanır. Potensial olaraq beynəlxalq terminlər bütün dillərə aiddir. Ehtiyac yarandıqda biz istənilən beynəlxalq termini dilimizdə istifadə edə bilərik. Hatta bu gün beynəlxalq terminlər lüğəti hazırlamaq fikrinə düşsək, dilimizdə işlənib-işlənməməsindən asılı olmayaraq bütün beynəlxalq terminləri dilimizin vahidi kimi lüğətə daxil etmək olar. Əgər hər hansı bir termin dilimizdə işlənmirsə, bu, sadəcə, hazırda ona ehtiyacın olmaması ilə bağlıdır, lakin sabah bu ehtiyac yarana bilər. Odur ki, “bu beynəlxalq termin dilimizdə var, o biri isə yoxdur” deyə kəskin bölgü aparmaq doğru deyil.

Bu problem vaxtilə I Türkoloji Qurultayda da gündəmə gətirilmişdi. İndi 100 illiyini qeyd etdiyimiz qurultayda terminologiya sahəsində məruzə edən böyük alim, professor Bəkir Çobanzadə belə bir mülahizə irəli sürmüşdü: biz çalışmalıyıq ki, orta məktəblərin aşağı siniflərində milli terminləri (yəni o dövrün ifadəsi ilə desək, Azərbaycan dialektindəki sözləri) işlədək. Yuxarı siniflərə doğru getdikcə isə tədricən ümumtürk terminologiyasını, ali məktəblərdə isə artıq beynəlxalq terminləri dövriyyəyə daxil edək.

Göründüyü kimi, hələ o dövrdə belə böyük alimlər dərk edirdilər ki, hər bir dildə terminologiya milli və beynəlmiləl səviyyədə mövcud olmalıdır və bu, qaçılmazdır. Lakin bu paralellikdə, istər-istəməz, beynəlxalq termin qalib gəlir. Çünki biz daha yüksək intellektual səviyyəyə çatdıqca, elmin də qlobal xarakterini nəzərə alsaq, beynəlxalq terminlər üstünlük təşkil edir.

Elm beynəlxalq xarakter daşıyır. Ona görə də biz bu sahədə istər-istəməz, get-gedə beynəlmiləlləşməni əsas meyar kimi götürməliyik.

Professor Sayalı Sadıqova – Termin yaradıcılığı prosesinin düzgün tənzimlənməsi dilin zənginləşmə prosesini, gələcək inkişaf perspektivlərini müəyyənləşdirir. Müxtəlif sahələrə aid anlayış və məfhumları adlandırmaq üçün dilin milli bazası ilə yanaşı, digər dillərdən terminlərin alınması yolu ilə tələbatın ödənilməsi əksər dünya dilləri üçün xarakterik haldır. İqtisadiyyatın, texnikanın, siyasi həyatın mürəkkəbləşməsi ilə meydana gələn, insanların təfəkküründə sözlərlə işarələnən yeni anlayışların adları milli dillərdə olmadıqda onu digər dillərdən almaq zərurəti yaranır. Belə yeni anlayışları adlandıran terminlərin yaranması üçün isə Azərbaycan dilinin müraciət etdiyi 3 əsas baza mövcuddur. Bunlardan biri dilin öz lüğət tərkibi, ikincisi, ümumtürk, üçüncüsü isə Avropa dilləri bazasıdır. Anlayışların adlandırılmasında alınmalar dilin kasıblığına dəlalət etmir, əksinə, onun dil kontaktları hesabına zənginləşməsinin göstəricisi kimi çıxış edir. Belə qarşılıqlı təsirlər dilləri məhdud milli çərçivədən çıxarır, xalqlar arasında əlaqələri artırır. Dillər arasında qarşılıqlı əlaqə təbii haldır və bu proses xalqlar arasında iqtisadi, siyasi, mədəni və digər əlaqələr əsasında meydana çıxır. Dünyada elə bir dilə rast gəlinmir ki, ancaq öz potensialı hesabına yaranan sözlərdən ibarət olsun. Bu faktorun əsasında dünya dillərində “dil əlaqəsi ənənəsi” dayanır, bu da bütün dünya dillərində mövcuddur.

Azərbaycan dilinin terminologiyasına daxil olan alınma terminlər dilimizin qrammatik qanunlarına uyğunlaşdırılır. Elmin, texnologiyanın son illərdəki inkişafı ilə bağlı Avropa dillərindən keçən terminlər Azərbaycan dilinin normalarına uyğunlaşdırılır.

Professor Nadir Məmmədli – Düzgün termin seçiminə istiqamətlənmə və terminoloji vahidliyin təmin edilməsi məqsədilə institutumuzda bir sıra elmi və təşkilati tədbirlər həyata keçirilir. Əvvəla, yeni terminlərin müəyyənləşdirilməsi və normalaşdırılması prosesi Terminologiya şöbəsində müvafiq sahə mütəxəssisləri, dilçi alimlər və terminoloqların iştirakı ilə aparılır. Yeni anlayış və ya termin meydana çıxdıqda onun mənası, işlənmə sahəsi, beynəlxalq təcrübədəki vəziyyəti, Azərbaycan dilinin leksik və sözyaratma imkanlarına uyğunluğu araşdırılır. Bundan sonra terminin olduğu kimi qəbul edilməsi, uyğunlaşdırılması və ya milli qarşılığının yaradılması barədə təklif hazırlanır. İkinci mərhələdə, lazım gəldikdə, terminlər elmi müzakirəyə çıxarılır. Bu müzakirələrdə aidiyyəti sahə üzrə mütəxəssislərin rəyi öyrənilir, müxtəlif variantlar müqayisə edilir və ən məqsədəuyğun forma müəyyənləşdirilir. Çünki termin yalnız dil vahidi deyil, həm də konkret elm və ya peşə sahəsinin anlayış sisteminin tərkib hissəsidir.

Təcrübə göstərir ki, ən uğurlu terminlər həm elmi cəhətdən dəqiq, həm də sadə və anlaşıqlı olanlardır. Buna görə də terminologiya siyasətinin əsas məqsədi yalnız yeni terminin təsdiqi deyil, onların elmi əsaslı, sistemli və ictimai praktikada işlək olmasını təmin etməkdir.

Professor Tofiq Əbdülhəsənli – Elmi-texniki yeniliklərlə bağlı dilimizə daxil olan yeni terminlərin əksəriyyətinin xarici dillərdən birbaşa götürülməsi qlobal prosesdir. Bunun qarşısını almaq qeyri-mümkündür. Vaxtilə Azərbaycan dilinə yeni gələn terminlər, əsasən, rus dili vasitəsilə keçirdisə, müstəqillik dövründə bu proses istiqamətini dəyişmişdir. Hazırda daha çox ingilis dili vasitəsilə dilimizə yeni terminlər daxil olur. Bu prosesi qloballaşma dövrünün dil təzahürlərindən biri kimi səciyyələndirmək mümkündür. Virtuallaşma, sosial media Avropa mənşəli terminlərin dilimizə gəlişini aktivləşdirir. Elmi-texniki innovasiyalar, süni intellekt, rəqəmsallaşma isə bu prosesi daha da sürətləndirir. Yaşadığımız dövrdə texnologiyanın sürəti inkişafı nəticəsində dünya miqyasında yeni terminlər formalaşır və müxtəlif dillərə keçir. Ona görə də terminoloji mühiti konkret bir çərçivəyə salmaq qeyri-mümkündür.

Əgər dilimizə termin daxil olursa, ilk növbədə, dilimizin ümumi strukturuna uyğunlaşdırılmalı, leksik-qrammatik xüsusiyyətlərini qəbul etməlidir. Yəni kor-koranə bütün terminləri dilə tətbiq etmək olmaz. Belə olarsa, milli dilin saflığı pozular, ümumi terminyaratma prosesində xaotik vəziyyət baş verər. Bunun üçün nəzarət mexanizmi olmalıdır. Təəssüf ki, bəzi insanlar özlərini müasir göstərmək xətrinə dilə biganə yanaşır və hələ dilimizdə sabitləşməmiş, normaya salınmamış terminləri süni şəkildə ana dilimizdə işlədirlər. Bu isə sonradan qarşısıalınmaz prosesə çevrilir.

Müasir dünyanın sürətli inkişaf tələblərinə uyğun olaraq yaranan çoxsaylı terminlərin uyğunlaşdırılaraq gündəlik istifadəyə daxil edilməsi zamanı mövcud mexanizmlərlə dilimizin saflığı necə qorunur?

Akademik Nizami Cəfərov – Müasir dövrün digər bir özəlliyi də ondan ibarətdir ki, artıq cəmiyyətdə intellektual səviyyə ümumiləşib və ziyalılıq imkanı potensial olaraq bütün insanlara məxsusdur. Məhz bu səbəbdən, insanlar beynəlxalq terminlərdən fəal şəkildə istifadə etməyə çalışırlar. Çünki informasiya mənbələri, eləcə də mövcud kommunikasiya və informasiya sistemləri mahiyyəti etibarilə qlobal səciyyə daşıyır. Beləliklə, biz beynəlxalq aləmlə və bütövlükdə dünya birliyi ilə daha sıx bağlanır, qlobal terminologiyaya daha çox meyl edirik.

Ona görə də dilimizin saflığının qorunmasında hər iki istiqamət mütləq nəzərə alınmalıdır. Bir tərəfdən beynəlxalq terminlərin işlənməsi birinci şərt kimi qəbul edilməli, digər tərəfdən isə dildə onların milli qarşılıqlarının tapılmasına ciddi səy göstərilməlidir.

Professor Sayalı Sadıqova – Müasir dövrdə terminlərin bir dildən başqa dilə keçməsi prosesində səciyyəvi cəhət onların birbaşa ingilis dilindən qəbul edilməsidir. Elm və texnikanın sürətli inkişafı yeni terminlərin yaranmasına səbəb olur. Bu terminlərin müəyyən hissəsinin müxtəlif dillərdə qarşılıqları yaranır. Lakin mənbə dildən olduğu kimi alınaraq işlənən beynəlxalq terminlər üstünlük təşkil edir. Məsələn noutbuk, laptop, audiobuk, peycer, taymer, şreder, plotter, skayner, printer, tüner, toner və s. terminlər ingilis dilindən Azərbaycan dilinə keçmişdir. Məlumdur ki, cəmiyyət inkişaf etdikcə əldə edilən elmi-texniki nailiyyətlər, gündən-günə artan güclü informasiya axını, xalqlar və millətlərarası genişlənən beynəlxalq əlaqələr dil əlaqələrinin də qarşılıqlı inkişafını zəruriləşdirir.

Ayrı-ayrı dövlətlərin diplomatik əlaqələri məhdud region çərçivədə qapanıb qalmır, dünya miqyasına çıxır. Məhz bu səbəbdən beynəlxalq münasibətlər sistemində istifadə olunan ortaq terminlər sistemi yaranmışdır. Məsələn, sammit, lobbi, servitut, spiker, sekulyarizm, moderator, ombudsman və s.

Avropa mənşəli terminlərin dilimizdə mənimsəmə mərhələlərini bir-birindən fərqli xüsusiyyətlərinə görə fonetik, qrammatik, semantik baxımdan fərqləndirmək olar. Yalnız son mərhələdə tam adaptasiya getdiyini və terminin dilin müxtəlif üslublarında geniş şəkildə işlənə bildiyini, eləcə də törəmə mənalar yaratmağa qadir olduğunu dil faktları təsdiq edir. Məsələn, ingilis dilindən Azərbaycan dilinə blogger-bloger, bobsleigh-bobsley, bodybuildinq-bodibildinq, spaider-spayder, prerequisite-prerekvizit, planchette-planşet, notebook-notbuk, concept-konsept, clearing-klirinq, clearing-klirinq, sandwich-sendviç, roaming-rouminq, fourchet-tefurşet formasında dilə daxil olmuşdur.

Professor Nadir Məmmədli – Qloballaşma və rəqəmsallaşma şəraitində dilin saflığının qorunması dil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Lakin dilin saflığı anlayışı bu gün dilin xarici təsirlərdən tam təcrid olunması kimi deyil, onun daxili inkişaf qanunauyğunluqlarının, milli xüsusiyyətlərinin və normativ sisteminin qorunması kimi başa düşülür. Dilimizin saflığının qorunması, ilk növbədə, yeni söz və terminlərin qəbulunda elmi meyarlara əməl olunmasını tələb edir. Azərbaycan dilinin leksik və sözyaratma imkanları ilə ifadə oluna bilən anlayışlar üçün milli qarşılıqların yaradılması tövsiyə olunur. Bununla yanaşı, beynəlxalq elmi və texnoloji dövriyyədə geniş işlənən terminlər zərurət yarandıqda dilimizin fonetik və qrammatik normalarına uyğunlaşdırılaraq qəbul edilir.

Dilimizin saflığının qorunmasında təhsil müəssisələrinin, kütləvi informasiya vasitələrinin, nəşriyyatların və elmi qurumların üzərinə böyük məsuliyyət düşür. Xüsusilə rəqəmsal mühitdə dil normalarına əməl olunması, keyfiyyətli lüğətlərin və dil resurslarının hazırlanması, yeni terminlərin elmi əsaslarla normalaşdırılması mühüm vəzifələrdəndir.

Dil canlı və daim inkişaf edən sistemdir. Ona görə də dilin saflığının qorunması inkişafın qarşısını almaq kimi deyil, yeniliklə milli dil ənənələri arasında tarazlığın qorunması kimi dəyərləndirmək daha doğru olar. Əsas məqsəd Azərbaycan dilinin həm müasir elmi-texnoloji tələblərə cavab verməsi, həm də öz milli kimliyini, zəngin ifadə imkanlarını və dil sistemini, struktur bütövlüyünü qoruyub saxlamasıdır.

Professor Tofiq Əbdülhəsənli – Rəqəmsallaşma və süni intellekt dövründə gündəlik istifadədə, ədəbi dildə həddindən artıq əcnəbi terminlərin işlədilməsi yolverilməzdir. Bunun qarşısını almaq üçün Terminologiya Komissiyası iş aparmalı, nəzarət mexanizmi müəyyənləşdirməli və müvafiq rəy verməlidir. Terminoloji lüğətlərdə yeni gələn terminlər öz əksini tapmalıdır. Həmin terminlərin semantikalarının verilməsi mühüm şərtlərdən biridir. Yeni milli terminlərin yaradılması dilçiliyimizin ən aktual, prioritet məsələlərindən birinə çevrilməlidir. Dildə terminoloji zənginləşmənin əsas üsulları söz yaradıcılığı, alınmalar, kalka, terminləşmə, termin birləşmələri və ixtisarlar hesab olunur. Alınma terminlərin Azərbaycan dilinə uyğunlaşdırılması fonetik cəhətdən uyğunlaşdırma, kalkalaşma, terminoloji standartlaşma, milli dilin söz ehtiyatı hesabına sinonim variantların tapılması formalarında aparılır. Xüsusilə, alınma terminlərin fonetik cəhətdən Azərbaycan dilinə uyğunlaşdırılması, onların dilimizin fonetik normaları əsasında düzgün yazılışının təsbit olunması, orfoqrafiyalarının müəyyənləşdirilməsi, terminlərin unifikasiyası, yəni standartlaşması əsas məsələlərdəndir.

Sizcə, qarşılığı olan sözlərdən daha çox beynəlxalq terminlərə üstünlük verilməsi dilin zənginləşməsidir, yoxsa ana dilinə etnasızlıq? Həmçinin milli terminlərdən istifadə cəmiyyətin öhdəsinə buraxılmalı, ya da hansısa tədbirlər görülməlidir?

Akademik Nizami Cəfərov – Hesab edirəm ki, burada dilin zənginləşməsi anlayışı nisbi xarakter daşıyır. Beynəlxalq terminlər insanın hansı dildə danışmasından asılı olmayaraq, qlobal təfəkkürün tərkib hissəsi kimi mövcuddur. Bu baxımdan, beynəlxalq terminologiya potensial olaraq milli dilə heç bir ziyan vurmur. Əsas məsələ dildə elə bir balans və tarazlıq yaratmaqdır ki, həm beynəlxalq terminlərin işlənmə imkanları qorunsun, həm də dilin daxili terminoloji potensialı inkişaf etsin. Bunun üçün isə dili daşıyan xalq intellektual baxımdan bilikli olmalıdır. Cəmiyyətin elmi-mədəni səviyyəsi yüksəldikcə, milli sözləri ən azı öz miqyaslarında termin səviyyəsinə qaldırmağı bacaracaq, beynəlxalq terminlərlə öz dil təfəkkürləri arasında sağlam müqayisələr apara biləcəklər. Əks halda, beynəlxalq terminlər ən bəsit təzahürlərdə belə dilin inkişafına ciddi şəkildə maneə törədəcək.

Bu gün Azərbaycan dilinin qarşısında belə bir kəskin təhlükə yoxdur. Dövlət dilimiz haqqında qəbul olunmuş rəsmi qərarlar, qanunvericilik aktları və sənədlər, eləcə də Prezidentin ana dilinin qorunması və inkişafı ilə bağlı hər zaman böyük həssaslıqla irəli sürdüyü mülahizələr və göstərdiyi ali qayğı çox ciddi amillərdir. Bütün bunlar milli dil şüurumuza müsbət təsir göstərir, Azərbaycan dilində beynəlxalq terminlərlə milli terminlər arasındakı lazımi elmi-mədəni tarazlığın qorunub saxlanmasına çox böyük kömək edir.

Professor Sayalı Sadıqova – Dil dünya sivilizasiyasının, ictimai həyatın əksi olan müxtəlif elm sahələrini birləşdirdiyi kimi, ayrı-ayrı dillərin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də birləşdirir. Ona görə də alınma və beynəlmiləl termin axını alınmaların tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması kimi aktual problemləri meydana çıxarır.

Tarixi-mədəni əlaqələr və dövlətlərarası münasibətlər, elmi-texniki tərəqqi və elmi bilik sahələrinin inkişafı ilə bağlı Azərbaycan dili leksikasında terminlərin xüsusi çəkisinin artması müşahidə edilir. Elmlərin inteqrasiyası, elmi dilin, informasiyaların asanlıqla başa düşülməsi üçün vahid terminoloji bazaya üstünlük verilməlidir. Terminoloji fondun yaradılması üçün müxtəlif sahələrə aid terminoloji lüğətlərin tərtibi vacibdir. Müstəqillik illərində elmin, texnikanın müxtəlif sahələri ilə bağlı 200-ə yaxın terminoloji lüğət nəşr olunmuşdur. Lakin elmi-texniki tərəqqi, ictimai-siyasi həyatın inkişafı terminoloji sistemlərin fasiləsiz olaraq dəyişməsinə və inkişafına təsir göstərir. Ona görə də terminologiyada baş verən dəyişikliklər diqqətlə izlənilir və inkişafı düzgün istiqamətləndirilir.

Bununla yanaşı, son dövrlər müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi narahatlıq doğurur. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir.

Heç şübhəsiz, Azərbaycan mədəniyyəti, elmi inkişaf etdikcə, müstəqil dövlətimiz möhkəmləndikcə Azərbaycan dili daha da zənginləşir, daha müasir, daha qlobal, analitik düşüncənin dilinə çevrilir. Dünya azərbaycanlılarının ümumi ünsiyyət vasitəsi, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin lokal tarixi və müasir nüfuzunun qorunub saxlanması milli-ictimai ehtiyac, mənəvi-mədəni borcumuzdur.

Professor Nadir Məmmədli – Əgər beynəlxalq termin yeni anlayışı daha dəqiq ifadə edir, elm və texnologiya sahəsində ünsiyyəti asanlaşdırırsa, onun işlədilməsi dilə etinasızlıq deyil, təbii inkişafının və zənginləşməsinin göstəricisidir. Azərbaycan dili tarixən ərəb, fars, rus və Avropa mənşəli çoxlu sözləri mənimsəmiş, onları öz fonetik və qrammatik sisteminə uyğunlaşdıraraq milli leksikonun bir hissəsinə çevirmişdir. Lakin Azərbaycan dilində artıq oturuşmuş, məna baxımından tam adekvat qarşılıq mövcud olduğu halda, yalnız xarici sözə daha müasir və ya uyğun göründüyü üçün üstünlük verilməsi müəyyən mənada ana dilinin imkanlarının lazımi səviyyədə qiymətləndirilməməsi kimi qəbul edilə bilər. Məsələn, “əks əlaqə” əvəzinə “feedback”, “məlumat toplanması, təhlil” əvəzinə “monitorinq”, “kütləvi informasiya vasitələri əvəzinə “mediya” qəbul olunsa da, “event” əvəzinə “tədbir”, “content” əvəzinə “məzmun” sözlərinin işlədilməsi həm dil, həm də ünsiyyət baxımından daha məqsədəuyğun görünür. Əsas məsələ terminin mənşəyi deyil, onun zəruriliyi və funksional dəyəridir. Dilçilik baxımından nə ifrat purizm (bütün alınma sözlərə qarşı çıxmaq), nə də hədsiz alınmaçılıq (qarşılığı olduğu halda xarici sözə üstünlük vermək) səmərəli yanaşma hesab olunur. Ona görə də məncə, qarşılığı olan sözlərdən imtina edib beynəlxalq terminlərə həddindən artıq üstünlük verilməsi bəzi hallarda ana dilinin ifadə imkanlarına etinasızlığın əlaməti sayıla bilər. Lakin beynəlxalq terminlərin elmi, texniki və ya kommunikativ zərurətdən doğan istifadəsi dilin zənginləşməsi və inkişafı prosesinin təbii tərkib hissəsidir. Əsas meyar milli dilin imkanları ilə beynəlxalq elmi-kommunikativ tələblər arasında tarazlığın qorunmasıdır.

Professor Tofiq Əbdülhəsənli – Bəzi terminlərin Azərbaycan dilində qarşılığı ola-ola əcnəbi terminlərin işlədilməsi dilin milli sistemini zədələyir. Dildə əlavə “leksik-semantik yüklənmə” yaradır, dövlət dilinin normalarını pozur. Normalaşma terminoloji zənginləşmədə əsas məsələlərdən biridir. Buna görə də alınma terminlərin yersiz istifadəsinə qarşı, birinci növbədə, ictimai qınaq olmalıdır. İkinci tərəfdən, bu məsələyə məsul olan şəxslər, müvafiq dövlət qurumları və dilçi-mütəxəssislər, terminoloqlarla birgə alınma terminlərin dilimizə məxsus adekvat variantlarını hazırlamalıyıq. Kütləvi informasiya vasitələrində alınma terminlərin düzgün işlədilməsinə nəzarət gücləndirilməlidir. Çünki dilimizin qorunması strateji əhəmiyyət daşıyır. Cənab Prezidentin də dəfələrlə xatırlatdığı kimi, “milləti millət edən dildir. Biz danışdığımız dil ulu babalarımızən danışdığı dildir. Düzdür, sovet dövründə bəzi sözlər dilimizə daxil olmuşdur. Müstəqillik dövründə biz dilimizi təmizliyə bildik. Mən beynəlxaql leksikondan gələn sözləri nəzərdə tutmuram. Heç bir dilin kölgəsində bizim dilimiz ola bilməz. Necə ola bilər ki biz dilimizi qoruya bilməyək?”

Qloballaşma şəraitində Azərbaycan dilinin bütün gəlmə terminləri əvəz edəcək potensialı yoxdur. Bu, bütün dillərdə belədir. Yəni terminlər daha çox adlandırdıqları proses və əşyaları bizə hazır şəkildə təqdim edir. Bu gün Azərbaycan dilinin terminoloji bazası zənginləşdirilməli, inkişaf etdirilməlidir. Əgər alınma terminin Azərbaycan dilində qarşılığı tapılmırsa, o zaman dilimizin fonetik normalarına uyğunlaşdırılmalı, onun vahid orfoqrafik forması təsbit olunmalıdır.

Terminləşmə prosesi dilin praktiki tərəfidir. Buna görə də terminalma prosesində terminlərin işləklik səviyyəsi müəyyənləşdirilməlidir. Qloballaşmanın sürətlənməsi dilimizdə terminoloji təhlükələr də yaradır. Bu təhlükənin qarşısını almaq üçün vaxtında tədbirlər görülməlidir, yoxsa gələcəkdə Azərbaycan dili yad dillərin kütləvi təsirinə məruz qalacaq. Artıq həmin proses baş verməkdədir. İstər internetlə, istərsə də texnoloji innovasiyalarla bağlı sürətli termin axınını nizamlamaq üçün müvafiq qurumlar birgə fəaliyyət göstərməli, dövlət proqramları hazırlanmalı və onların tətbiqi mexanizmləri qurulmalıdır. Çünki ana dilinin saflığının qorunmasında birbaşa olaraq terminalma prosesi önəmli rol oynayır.

Hazırladı:
XQ-nin Analitik Mərkəzi

Sosial həyat