Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayenin iyulun 1-də Ermənistana səfər etməsi planlaşdırılır. Bu barədə “Politico” nəşri üç mənbəyə istinadən xəbər yayıb. Nəşr bildirir ki, səfərin məqsədi iyunun 7-də keçirilmiş parlament seçkilərində avropayönlü partiyası qalib gələn Ermənistanın Baş naziri Nikol Paşinyana dəstək nümayiş etdirməkdir.
“Səfər Paşinyanın bir çox müşahidəçinin ölkənin geosiyasi gələcəyi ilə bağlı referendum kimi qiymətləndirdiyi parlament seçkilərindən sonra Ermənistanın Moskvadan uzaqlaşması yolunu möhkəmləndirməyə və Avropa İttifaqı ilə əlaqələrini daha da gücləndirməyə çalışdığı bir dövrə təsadüf edir”, – “Politico” yazır.
Səfərin hazırlıqlarında iştirak edən Aİ rəsmisi bildirib ki, Ermənistan Rusiyanın intensiv və ardıcıl təzyiqləri ilə üzləşib: “Biz Ermənistanın Rusiyanın güclü və davamlı təzyiqlərinə məruz qaldığının şahidi olduq. Bu səfər güclü bir dəstək siqnalı olacaq”. Onun sözlərinə görə, səfər Ermənistan üçün aydın mesaj daşıyacaq: “Avropa sizin yanınızdadır”.
Qeyd edək ki, Ursula fon der Lyayen mayın əvvəlində ilk Ermənistan–Avropa İttifaqı sammitində və Avropa Siyasi Birliyinin VIII sammitində iştirak etmək üçün İrəvana səfər etmişdi. Lyayen həmin vaxt İrəvanın xarici siyasi kursu ilə bağlı diqqətçəkən mesajlar vermişdi. AK rəhbəri çıxışlarında Ermənistanın son illərdə həyata keçirdiyi siyasi və institusional islahatları yüksək qiymətləndirmiş, Aİ-nin bu proseslərə dəstəyini davam etdirəcəyini bildirmişdi. Onun ən çox diqqətçəkən bəyanatlarından biri Ermənistanın Avropa ilə yaxınlaşmaq istiqamətində atdığı addımlara verilən siyasi dəstək idi. Lyayen açıq şəkildə vurğulamışdı ki, Aİ Ermənistanı öz tərəfdaşı hesab edir və ölkənin demokratik inkişaf yolunu dəstəkləyir.
İrəvandakı sammit çərçivəsində AK Ermənistana yeni maliyyə və iqtisadi dəstək paketlərinin ayrılacağını da açıqlamışdı. Bu, təkcə iqtisadi əməkdaşlıq məsələsi deyildi. Brüsselin mesajı ondan ibarət idi ki, Ermənistan Avropa ilə inteqrasiyanı dərinləşdirmək istədiyi təqdirdə siyasi və iqtisadi baxımdan tək qalmayacaq. Məhz buna görə də Lyayenin çıxışlarında “dayanıqlılıq”, “demokratik institutlar”, “islahatlar” və “tərəfdaşlıq” anlayışları xüsusi yer tuturdu.
“Avropa Siyasi Birliyi”nin sammitində də Ermənistan mövzusu diqqətdən kənarda qalmadı. Lyayen burada da Ermənistanın regionda sabitlik və əməkdaşlıq təşəbbüslərində iştirakının vacibliyini vurğuladı. O, Avropanın Cənubi Qafqazda uzunmüddətli sülh və kommunikasiyaların açılması istiqamətində atılan addımları dəstəklədiyini bildirdi. Ermənistanın Avropa strukturları ilə əlaqələrinin genişlənməsi də bu kontekstdə təqdim olunurdu. Xüsusilə diqqətçəkən məqam ondan ibarət idi ki, Lyayen Ermənistanın Avropa ilə yaxınlaşmasını yalnız iqtisadi və ya texniki əməkdaşlıq kimi deyil, həm də strateji seçim kimi təqdim edirdi. Sonradan Paşinyana ünvanladığı məktubda işlədilən “2018-ci il məxməri inqilabının ruhu yaşayır” ifadəsi də həmin yanaşmanın davamı hesab olunur. Bu bəyanat Brüsselin Ermənistanın son illərdə formalaşdırdığı siyasi kursa verdiyi dəstəyin açıq nümayişi kimi qiymətləndirildi.
Ermənistan–Avropa İttifaqı sammitindən və ASB-nin Zirvə toplantısından sonra İrəvan–Moskva münasibətlərində gərginliyin daha da artdığı müşahidə olundu. Xüsusilə parlament seçkiləri ərəfəsində Rusiyadan səsləndirilən bəyanatlar, media kampaniyaları və siyasi mesajlar Ermənistan hakimiyyətinin diqqətlə izlədiyi əsas amillərdən birinə çevrildi. Təzyiqlər yalnız siyasi bəyanatlarla məhdudlaşmadı. Rusiya mediasında Paşinyan hakimiyyətini və onun xarici siyasət kursunu tənqid edən materialların sayı artdı. Eyni zamanda, Ermənistanın Avropa seçiminin ölkə iqtisadiyyatı və təhlükəsizliyi üçün risklər yarada biləcəyi barədə fikirlər fəal şəkildə tirajlanırdı. Rusiya seçkilərdən az sonra – iyunun 12-dən etibarən mənşəyi və göndərilmə yeri Ermənistan olan bütün karantin nəzarətindəki məhsulların ölkəyə idxalını, eləcə də onların Rusiya ərazisindən keçməklə Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə tranzitini məhdudlaşdırdı. “Rosselxoznadzor”un tətbiq etdiyi məhdudiyyətlər xüsusilə “Cermuk” mineral suyu, alkoqollu içkilər, tərəvəz, meyvə, göyərti və digər məhsulları əhatə edir.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan buna cavab olaraq ölkənin Aİ və Yaxın Şərq ölkələrinə ixracının dəstəklənməsi üzrə proqramların hazırlandığını açıqlayıb. Onun sözlərinə görə, nəzərdə tutulan tədbirlər sırasında nəqliyyat xərclərinin, gömrük rüsumlarının, bəzi hallarda isə əqli mülkiyyətlə bağlı xərclərin kompensasiyası da yer alır. Papoyan bildirib ki, Ermənistanın Aİ-yə ixracı artıq 2 dəfə artıb. Bununla belə, hökumət bu istiqamətin daha fəal inkişaf etdirilməsini planlaşdırır və ilin sonunadək Aİ-yə ixracın 4-5 dəfə artırılmasını hədəfləyir.
AK isə Rusiyanın tətbiq etdiyi ticarət məhdudiyyətlərinin Ermənistanın özəl sektoruna təsirlərini yumşaltmaq məqsədilə bir neçə gün öncə ölkəyə 34 milyon avro ayırıb. Aİ-nin Ermənistandakı nümayəndəliyinin saytında yerləşdirilən məlumatda maliyyə yardımının Ursula fon der Lyayenin daha əvvəl elan etdiyi geniş dəstək paketinin ilk tranşı olduğu bildirilib. Paket həmçinin ticarətin təşviqi və Ermənistan iqtisadiyyatının dayanıqlılığının gücləndirilməsi istiqamətində tədbirləri nəzərdə tutur. Aİ bildirib ki, əlavə dəstək Rusiyanın ticarət məhdudiyyətlərindən zərər çəkmiş sahələrə, o cümlədən aqrar-ərzaq sektoru, gülçülük və ixracyönümlü digər sahələrə yönəldiləcək. Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos qeyd edib ki, bu dəstək Ermənistanın mövcud iqtisadi çətinliklərin öhdəsindən gəlməsinə kömək edəcək və erməni biznesi üçün regional və Avropa bazarlarında yeni imkanlar açacaq. O da bildirilib ki, M.Kos iyulun 5-də Ermənistana səfər edərək dəstək paketinin icrası və Ermənistan–Aİ əməkdaşlığının daha da gücləndirilməsi istiqamətində növbəti addımları müzakirə edəcək.
Yeri gəlmişkən, Rusiya xarici işlər naziri Sergey Lavrovun iyunun 23-də Lyayenin Nikol Paşinyana ünvanladığı məktubu şərh etməsi də diqqəti cəlb edir. TASS-ın məlumatına görə, Ukrayna ətrafında yaranmış vəziyyətlə bağlı səfirlərin dəyirmi masasındakı çıxışı zamanı Lavrov deyib: “Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Baş nazir Paşinyana göndərdiyi müraciətə diqqət çəkmək istərdim. Sitat gətirirəm: “Sizin rəhbərlik etdiyiniz 2018-ci il məxməri inqilabının ruhu yaşayır və güclüdür. İrəvan Avropaya arxalana bilər”. Başqa sözlə, avropalılar artıq hakimiyyət dəyişikliyinə yalnız gizli üsullarla nail olmağa çalışmırlar, həm də rəngli, məxməri və digər inqilablar həyata keçirdikləri ilə fəxr edirlər”.
Bütün bunları ümumiləşdirdikdə belə qənaətə gəlmək olar ki, Lyayenin İrəvana planlaşdırılan növbəti səfəri sadəcə diplomatik protokol çərçivəsində həyata keçirilən adi bir ziyarət deyil. Bu səfər son aylarda Ermənistan–Aİ münasibətlərində müşahidə olunan sürətli yaxınlaşmanın və Brüsselin Paşinyan hakimiyyətinə verdiyi siyasi dəstəyin növbəti nümayişidir. Diqqətçəkən məqam ondan ibarətdir ki, səfər həm parlament seçkilərindən sonraya, həm də Ermənistanın Rusiya ilə münasibətlərində gərginliyin artdığı bir vaxta təsadüf edir.
Səfərin iqtisadi tərəfi də az əhəmiyyət daşımır. Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlərdən sonra Aİ-nin 34 milyon avroluq yardım ayırması, eləcə də yeni dəstək mexanizmlərinin hazırlanması Brüsselin İrəvanın iqtisadi asılılıqlarını azaltmaq niyyətindən xəbər verir. Başqa sözlə, Aİ Ermənistanın yalnız siyasi tərəfdaşı deyil, həm də iqtisadi dayaqlarından birinə çevrilmək istəyir.
Lyayenin səfəri eyni zamanda geosiyasi məna daşıyır. Son illər Cənubi Qafqaz uğrunda nüfuz rəqabəti daha açıq xarakter alıb. Aİ Ermənistanla əməkdaşlığı dərinləşdirməklə bölgədə mövqelərini gücləndirməyə çalışır. Məhz buna görə də “Avropa sizin yanınızdadır” mesajı təkcə Ermənistana deyil, həm də Rusiyaya ünvanlanmış siyasi siqnal kimi qəbul edilir.
Səxavət HƏMİD
XQ


