Şəmkir ölkəmizin ən böyük kənd təsərrüfatı rayonudur

post-img

Əməkdaşımız ezamiyyətdən qayıdıb

Ölkəmizdə aqrar sahənin inkişafı dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır. Son illər həyata keçirilən islahatlar, fermerlərə göstərilən qayğı və müasir aqrar layihələr kənd təsərrüfatının inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyevin bu sahədə verdiyi mühüm tapşırıqlara uyğun olaraq aqrar sahənin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Elə Azərbaycanda kənd təsərrüfatının inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramının qəbul edilməsi də bu diqqətin bariz nümunəsidir.

Aparılan sosial-iqtisadi siyasətin, qəbul edilmiş dövlət proqramlarının uğurlu nəticələri bütün ölkədə olduğu kimi, Qazax-Tovuz iqtisadi rayonuna daxil olan Şəmkirdə də aydın nəzərə çarpır. Elə son illərin statistik göstəriciləri də rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahədə ciddi irəliləyiş əldə olunduğunu təsdiqləyir. Təkcə onu qeyd etmək kifayətdir ki, son 3 ildə kənd təsərrüfatı məhsullarının həcminə görə lider olan Şəmkirdə ötən il 880,2 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ümumi respublika göstəricisinin 6,64 faizini təşkil edir. 

Ölkəmizin ən böyük və inkişaf etmiş aqrar rayonlarından sayılan Şəmkirin əlverişli torpaq-iqlim şəraiti, zəngin kənd təsərrüfatı ənənələri və dövlət tərəfindən göstərilən davamlı dəstək nəticəsində burada kənd təsərrüfatının əksər  sahələrinin inkişaf etdirilməsi üçün imkan yaradır.  Rayon iqtisadiyyatının əsas istiqamətlərini taxılçılıq, bağçılıq, tərəvəzçilik, istixana təsərrüfatı və heyvandarlıq təşkil edir. Bu sahələrin hər biri isə əhalinin işlə təminatında da mühüm rol oynayır. məşğulluğunda mühüm rol oynayır.

Bitkiçilik

Ölkəmizin qərb bölgəsində yerləşən Şəmkir rayonunun əlverişli iqlimi, münbit torpaqları və su ehtiyatlarının zənginliyi burada taxılçılığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Ötən il rayon üzrə 14 min 298 hektar taxıl sahəsinin hər hektarından 34,6 sentner olmaqla, ümumilikdə, 49 min 503 ton məhsul yığılıb. İl ərzində təkrar əkinlər də daxil olmaqla 2 min 727 hektar sahədən 19 min 32 ton qarğıdalı, 698 hektar sahədən isə 1395 ton günəbaxan toplanıb. 

2026-cı ilin məhsulu üçün rayon ərazisində, ümumilikdə, 17 min 271,3 hektar sahədə dənli bitkilər əkilib. Həmin sahələrin 13 min 909 hektarını taxıl bitkiləri təşkil edir ki, bunun da  6 min 287 hektar buğdanın, 7 min 537 hektarı arpanın, 85 hektarı isə vələmirin payına düşür. Rayonun torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla taxıl sahələri həm suvarılan, həm də dəmyə ərazilərdə yerləşir. Ümumi taxıl əkinlərinin 7 min 135 hektarı suvarılan, 6 min 774 hektarı isə dəmyə torpaqlarda yerləşir.

Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata əsasən, rayonda taxıl biçini kampaniyasına iyunun 15-də  start verilib. İndiyədək 1657 hektar arpa sahəsində biçin aparılıb və hər hektardan orta hesabla 36,1 sentner məhsul yığılıb. Bu göstərici fermerlərin aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirməsinin, eləcə də əlverişli təbii şəraitin nəticəsi kimi qiymətləndirilə bilər. Onu da öyrəndik ki, taxıl biçininin mütəşəkkil şəkildə həyata keçirilməsi, məhsulun vaxtında və itkisiz yığılması məqsədilə Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzi, “Aqroservis” ASC və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə xüsusi qərargah yaradılıb. Hazırda rayon ərazisində 25 kombayn fəaliyyət göstərir ki, bunun da 10-u “Aqroservis” ASC-yə, qalanları isə fiziki şəxslərə məxsus texnikalardır. Texnikaların biçin prosesinə tam gücü ilə cəlb olunması işlərin operativ və fasiləsiz şəkildə aparılmasına imkan yaradır. Artıq rayonda buğda biçininə də hazırlıq görülür. Mövcud dinamika nəzərə alınaraq biçin kampaniyasının qısa müddətdə və yüksək təşkilatçılıq şəraitində başa çatdırılacağı gözlənilir.

Hazırda rayonda taxılçılıqla yanaşı, digər strateji əhəmiyyətli bitkiçilik sahələrinin də inkişaf etdirildiyini söyləyən  Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rəşad Əzizov bildirdi ki, fermerlər bu ilin məhsulu üçün 2 min 356 hektar sahədə aqrotexniki qaydalara uyğun olaraq dənlik qarğıdalı səpini həyata keçiriblər. Onun sözlərinə görə, bitkilərin mövcud vəziyyəti sahələrdən yüksək məhsuldarlıq əldə ediləcəyinə inam yaradır. 

Mərkəz direktoru daha sonra dedi:– Sevindirici haldır ki, fermerlərimiz arpa biçini başa çatdırılmış sahələrdə təkrar qarğıdalı səpinini də geniş şəkildə həyata keçirirlər. Təkrar əkinlər həm torpaqdan daha səmərəli istifadə olunmasına, həm də heyvandarlığın yem bazasının möhkəmləndirilməsinə mühüm töhfə verir. Xüsusilə dənlik və silosluq qarğıdalı istehsalının artırılması rayonumuzn heyvandarlıq təsərrüfatlarının yem təminatının yaxşılaşdırılmasına xidmət edir. Mövcud proqnozlara əsasən, mövsüm ərzində 800–1000 hektar sahədə təkrar qarğıdalı səpininin aparılması nəzərdə tutulur...

Eyni zamanda, şəmkirli fermerlər cari ilin məhsulu üçün  719 hektar sahədə günəbaxan, 213 hektar sahədə isə dən lobyası əkiblər. Həmin bitkilərin becərilməsi kənd təsərrüfatı istehsalının şaxələndirilməsi, torpaq münbitliyinin qorunması və fermerlərin gəlirlərinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Rayonda kənd təsərrüfatının ənənəvi sahələrindən biri də kartofçuluqdur. Ötən il 6 min 640 hektar sahədən 191 min 415 ton məhsul əldə edilib. Kartofçuluqda hektarın orta məhsuldarlığı 289 sentner təşkil  edib ki, bu da ölkə üzrə ən yüksək göstəricilərdən sayılır. Bütövlükdə isə, rayonun əlverişli torpaq-iqlim şəraiti və fermerlərin zəngin təcrübəsi burada kartof istehsalının ildən-ilə inkişaf etməsinə şərait yaradır. Bu ilin məhsulu üçün suvarılan və dəmyə torpaqlarda 6 min 323 hektar sahədə kartof əkini həyata keçirilib. Əkin prosesində yüksək reproduksiyalı və sertifikatlı toxum materiallarından istifadə edilib ki, bu da məhsuldarlığın artırılması, xəstəlik və zərərvericilərə qarşı davamlılığın yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Son iki il ərzində rayonda müasir tələblərə cavab verən iki nümunəvi kartof toxumçuluq təsərrüfatının yaradılması da bu istiqamətdə görülən işlərin mühüm göstəricisi kimi dəyərləndirilə bilər. Fiziki şəxs Şöhrət Qarayevə məxsus təsərrüfat və “Alman Dağ Toxumçuluq” MMC tərəfindən yüksək keyfiyyətli kartof toxumlarının istehsalı və fermerlərin istifadəsinə təqdim olunması diqqət çəkir. Hazırda həmin təsərrüfatların yüksək reproduksiyalı toxumlarından geniş istifadə edilir ki, bu da gələcəkdə yüksək məhsuldarlığın əldə olunmasına və kartofçuluğun inkişafına mühüm töhfə verəcəyi isə şübhə doğurmur. 

Bununla yanaşı, rayonda tərəvəzçilik və bostançılıq sahələri də sürətlə inkişaf etməkdədir. Cari ilin məhsulu üçün rayon ərazisində 13 min 60 hektar sahədə müxtəlif növ tərəvəz və bostan bitkiləri əkilib. Əkin sahələrinin genişləndirilməsi isə həm daxili bazarın keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına, həm də fermerlərin gəlirlərinin artırılmasına xidmət edir. 

Bağçılıq Şəmkir rayonunun kənd təsərrüfatında xüsusi yer tutan və son illərdə sürətlə inkişaf edən sahələrdən biridir. Dövlət tərəfindən tətbiq olunan subsidiyalar, güzəştli dəstək mexanizmləri və müasir aqrotexnologiyaların tətbiqi  rayonda meyvəçiliyə marağı xeyli artırıb. Bunun da nəticəsində yeni intensiv meyvə bağlarının sahəsi əhəmiyyətli dərəcədə genişləndirilib. Hazırda rayon ərazisində, ümumilikdə, 6 min 621 hektar meyvə bağı mövcuddur. Həmin bağların 21 min 48 hektarında xurma, 1260 hektarında şaftalı, 513 hektarında ərik, 480 hektarında gilas, 141 hektarında alma, qalan hissələrdə isə digər müxtəlif növ meyvələr yetişdirilir. 

Şəmkirin meyvə bağlarının 3 min 400 hektarı müasir suvarma sistemləri ilə təchiz olunmuş intensiv bağlardır. Burada tətbiq olunan müasir texnologiyalar məhsuldarlığın yüksəldilməsinə, məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına və istehsal xərclərinin optimallaşdırılmasına imkan yaradır. Dövlət tərəfindən verilən birdəfəlik əkin subsidiyaları nəticəsində 2024–2025-ci illər ərzində rayonda 600 hektardan artıq yeni bağ salınıb. Həmin bağların 550 hektarı intensiv tipli, qalan hissəsi isə ənənəvi bağçılıq təsərrüfatlarıdır. Bu göstəricilər Şəmkir rayonunda bağçılıq sahəsinin davamlı inkişaf etdiyini və gələcək illərdə daha da genişlənəcəyini göstərir.

İstixana təsərrüfatı

Şəmkir istixana təsərrüfatlarının inkişaf səviyyəsinə görə ölkəmizin qabaqcıl rayonları sırasında öz mövqeyini qoruyub saxlayır. Təkcə onu qeyd etmək kifayətdir ki, rayon ərazisində uzun illər ərzində formalaşmış istixanaçılıq ənənələri bu sahənin dayanıqlı inkişafına və fermerlərin yüksək gəlir əldə etməsinə şərait yaradıb. Hazırda rayon ərazisindəki mövcud 1070 hektar istixana sahələrinin 873 hektarında pomidor, 197 hektarında isə xiyar yetişdirilir. 2025-ci ildə hər hektardan müvafiq olaraq 1694 sentner olmaqla 147 min 894 ton pomidor və 1254 sentner olmaqla 24 min 709 ton xiyar yığılıb. 

İstixanaların fəaliyyəti məhsul istehsalı ilə yanaşı, məşğulluq problemlərinin həllinə də önəmli töhfə verir. Belə ki, hazırda Şəmkirin istixanalarında qonşu rayonların da sakinləri daxil olmaqla 10 min nəfərdən artıq işçi çalışır. Burada istehsal olunan məhsullar həm daxili bazarın tələbatının ödənilməsində, həm də ölkənin ixrac potensialının artırılmasında mühüm əhəmiyyət daşıyır. Xüsusilə pomidor istehsalı və ixracı Şəmkir fermerlərinin əsas gəlir mənbələrindən sayılır. 

Rayonun istixana təsərrüfatının inkişaf etdirilməsi istiqamətində son illər görülən işlər, bu sahədə əldə olunan yüksək nailiyyətlərlə bağlı məlumat verən DAİM rəhbəri dedi: – Sevindirici haldır ki, hazırda məhsul ixracı yalnız ənənəvi Rusiya bazarı ilə məhdudlaşmır, eyni zamanda, digər xarici ölkələrin bazarları ilə də yeni əlaqələr qurulur. Bu isə istehsalçıların bazar imkanlarını genişləndirir. İstixanaçılıq sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və fermerlərin bilik və bacarıqlarının artırılması istiqamətində də mühüm addımlar atılır. Bu məqsədlə cari ilin may ayında Niderlandın aqrar təsisatlarından sayılan RONAR B.V. şirkətinin təşəbbüsü ilə rayonumuzda istixana istehsalçıları üçün ixtisaslaşdırılmış seminar təşkil edilib. Burada iştirakçılara istixana təsərrüfatlarında biotəhlükəsizlik tədbirləri, suvarma sistemlərinin səmərəli idarə olunması, suyun keyfiyyətinin qorunması, istixana gigiyenası, bitki xəstəlikləri və bakterial mənşəli problemlərə qarşı müasir mübarizə üsulları barədə geniş məlumatlar verilib.

Beynəlxalq təcrübənin yerli fermerlərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyan bu tədbir istixana təsərrüfatlarında məhsuldarlığın və keyfiyyətin yüksəldilməsinə səbəb olub. Xarici mütəxəssislərin iştirakı ilə keçirilən belə seminarlar Şəmkir rayonunda istixanaçılığın daha da inkişafına, innovativ texnologiyaların tətbiqinə və fermerlərin beynəlxalq təcrübədən faydalanmasına əlverişli şərait yaradır. 

Şəmkir rayonunda istehsal olunan kənd təsərrüfatı məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici bazarlara da ixrac edilir. 2025-ci ildə 16 min 147 ton pomidor, 4 min 655 ton göyərti, 9 min 593 ton xurma, 600 ton ərik, 112 ton gilas, 122 ton alça, 195 ton nektarin, 714 ton şaftalı, 90 ton xiyar və 647 ton moruq xarici bazarlara ixrac edilib. Bu isə ölkəyə valyuta daxilolmalarının artmasına mühüm töhfə verib. 

Şəmkir, həm də böyük üzümçülük və şərabçılıq ənənələrinə malikdir. Bu ənənələr indi də qorunub saxlanır və inkişaf etdirilir. Hazırda rayonda mövcud 531 hektar üzüm bağlarının hamısı bar verən yaşdadır. 2025-ci ildə üzüm bağlarından, ümumilikdə, 38 min 690 ton məhsul toplanıb.

Aqropark

“Şəmkir Aqropark” MMC Cənubi Qafqazda aqropark formatlı ilk kənd təsərrüfatı layihəsidir. Müəssisənin logistika mərkəzinin təməli ölkə Prezidenti İlham Əliyevin 2014-cü ilin noyabrın 15-də Şəmkir rayonuna səfəri çərçivəsində qoyulub. 2017-ci il avqustun 20-də isə dövlət başçısının iştirakı ilə aqroparkın açılışı olub. Aqroparkın əsas staretji məqsədləri kənd təsərrüfatının inkişafı üzrə dövlət siyasətinin dəstəklənməsi, sektorun iştirakçıları üçün elmi-texniki və biznes mərkəzinə çevrilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılmasıdır. Parkın fəaliyyətinin əsasını sahibkarlara müasir texnologiyalar təklif etmək, istehlakçıları keyfiyyətli və ekoloji təmiz məhsullarla təmin etmək, eyni zamanda, kənd təsərrüfatı sahəsində innovativ xidmətlər təklif etməklə qeyri-neft sektorunun inkişafını və respublikanın ixrac potensialını artırmaqdan ibarətdir. 

“Şəmkir Aqropark”ın istifadəsində əkin sahələri ilə yanaşı, maşın-tarktor parkı, saxlanma kameraları, su anbarı, nasosxana, logistika mərkəzi, müxtəlif təyinatlı anbarlar və çeişidləmə sahələri, inzibati binalar və digər infrastruktur obeyktləri var. Ötən müddətdə aqroparkın ərazisində, ümumilikdə, 166 hektar sahədə meyvə bağları salınıb. Bunların da 37 hektarı intensiv üsulla salınmış 5-8 yaşlı armud, ərik, gilas, şaftalı, heyva və gavalıdan ibarət qarışıq bağlar, 129 hektarı isə 2025-ci ildə salınmış intensiv xurma və badam bağlarıdır. Həmin bağların suvarma suyuna olan tələbatı Şəmkirçay su anbarı və Kür çayına yaxın ərazidə yerləşən 6 ədəd subartezian quyusu vasitəsilə ödənilir. Sözügedən mənbələr mövcud bağların suvarma suyuna olan tələbatının mövsüm zamanı 15-20 faizini ödəyir.

İndi burada rəhbərlikdən tutumuş sıravi işçiyə kimi hamı ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın ölkənin aqrar sektorunun inkişafında yeni bir mərhələnin başlanğıcı olacağına inanır. Məhz bunun nəticəsidir ki, “Şəmkir Aqropark” MMC də ümumi inkişafa töhfə vermək üçün bir sıra təşəbbüslərlə çıxış etmək niyyətindədir. Bunun üçün isə imkanlar olduqca genişdir. Belə ki, 166 hektar meyvə bağlarından əlavə müəssisənin istifadəsində əkinə yararlı daha 343,58 hektar torpaq sahəsi var. Aqroparkın rəhbərliyi həmin torpaq sahəsində intensiv tipli yeni meyvə bağlarının salınması ilə bağlı investisiya layihəsi də hazırlayıb. 

Layihəyə əsasən, “Şəmkir Aqropark”ın təsərrüfat fəaliyyətinin genişləndirilməsi, istehsal həcminin artırılması və ixrac potensialının artırılması məqsədilə 344,58 hektar sahədə şaftalı-nektarin, ərik, xurma, gilas və badam bağlarının salınması, damcı suvarma sisteminin qurulması, bununla da, müəssisənin meyvə bağlarının ümumi sahəsinin 519,58 hektara çatdırılması planlaşdırılmışdır. Yeni salınacaq bağlarda orta illik məhsul istehsalının 3 min 942 ton olacağı proqnozlaşdırılır.

 “Şəmkir Aqropark” MMC-nin direktoru Etibar Yolçuyev bizimlə söhbət əsnasında təsərrüfatını inkişaf etdirmək üçün üzləşdikləri müəyyən çətinlikləri dilə gətirsə də, onların da yaxın zamanlarda aradan qaldırılacağna inandığını söylədi. O dedi:– Kənd təsərrüfatının, xüsusilə bağçılıq sahəsinin inkişafında su resurslarının həyati əhəmiyyəti vardır. Yuxarıda qeyd etdiyim səbəblərdən aqroparkın ərazisindəki meyvə bağlarının suvarılmasında bir sıra problemlər mövcuddur. Tərəfimizdən aparılmış araşdırma nəticəsində aqroparkda mövcud olan və salınması planlaşdırılan yeni meyvə bağlarının suvarma suyu ilə təminatı üçün strateji əhəmiyyətli mənbə kimi Maşın Kanalı hesab edilmişdir. Müvafiq layihə institutu tərəfindən aparılmış araşdırmaya əsasən, məlum olub ki, bağları Maşın Kanal vasitəsilə su ilə təmin etmək üçün diametri 500 mm, uzunluğu 9 kilometr olan təzyiqli boru kəmərinin tikintisinə ehtiyac  var.

Aparılmış qiymətləndirməyə əsasən, layihənin reallaşdırılması üçün 10,26 milyon manat vəsaitin tələb olunduğu dəqiqləşib. Həmin vəsaitin 6,12 milyon manatının “Şəmkir Aqropark” MMC tərəfindən, 4,14 milyon manatının isə Dövlət Proqramı vasitəsilə maliyyələşdirilməsi təklif olunur. Layihənin icrası nəticəsində Maşın Kanaldan 9 kilometr uzunluğunda təzyiqli boru xəttinin çəkilməsi ilə yanaşı, kanalın üzərində suyun götürülməsi üçün hər biri 100-110 litr su/saniyə məhsuldarlığa malik, iki aqreqatlı su nasos stansiyasının inşası da həyata keçiriləcək. Layihə icra olunduqdan sonra yeni salınacaq meyvə bağlarında 91 daimi və 120 mövsümü iş yerinin açılması mümkün olacaq. Bu isə yerli əhalinin məşğulluq məsələlərinin həllində mühüm rol oynayacaq.

Baramaçılıq

Baramaçılıq da rayonun kənd təsərrüfatında mövsümi xarakter daşıyan ənənəvi məşğuliyyət növlərindən biridir. Bir qədər əziyyət tələb edən baramaçılığın gəliri daha çox olduğundan son illər rayonda  bu sahəyə maraq xeyli artıb. 2026-cı ilin may ayında Şəmkir kümçülərinə 190 qutu ipəkqurdu paylanıb. İndiyədək isə 992,3 kiloqram yüksək keyfiyyətli barama istehsal edilərək  tədarük məntəqəsinə təhvil verilib.    

Texnika və gübrə təminatı

Məlum olduğu kimi, yüksək məhsuldarlığın əldə edilməsində əsas amillərdən biri fermerlərin keyfiyyətli mineral gübrələr, müasir texnika və digər istehsal vasitələri ilə təmin olunmasıdır. Şəmkir rayonunda da dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən mühüm dəstək tədbirləri öz müsbət nəticələrini verməkdədir. Rəşad Əzizov bildirdi ki, rayonda fəaliyyət göstərən gübrə satış məntəqələri fermerlərin tələbatının ödənilməsinə imkan yaratmaqla yanaşı, kənd təsərrüfatı texnikalarına çıxışı daha da asanlaşdırıb. Onun sözlərinə görə, dövlət subsidiyaları, bir sıra güzəşt mexanizmləri və aqrar sahəyə göstərilən hərtərəfli diqqət fermerlərin istehsal imkanlarının genişlənməsinə, məhsuldarlığın yüksəldilməsinə və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verir.

Rayonda məhsul istehsalı çoxaldıqca soyuducu anbarların quraşdırılmasına da diqqət artırılır. Belə ki, soyuducu anbarların tikilməsi üçün şərtlərin asanlaşdırılması fermerlərdə bu sahəyə marağı xeyli gücləndirib. Elə  hazırda Şəmkir rayonu üzrə ümumi həcmi 30 min  tondan çox olan soyuducu anbarlarının mövcudluğu da bu amili təsdiqləyir. 

Heyvandarlıq

Ölkəmizin kənd təsərrüfatı baxımından inkişaf etmiş bölgələrindən biri olan Şəmkir rayonu heyvandarlıq sahəsində də mühüm potensiala malikdir. Hazırda rayon ərazisində 55 min 800 baş iribuynuzlu və 238 min 856 baş xırdabuynuzlu heyvan mövcuddur. Son illər heyvandarlıq sahəsində məhsuldarlığın artırılması üçün süni mayalanma tədbirlərinə xüsusi diqqət göstərilir. Ötən il sahənin mütəxəssisləri tərəfindən 1053 baş iribuynuzlu heyvan üzrə  süni mayalanma aparılıb, bunun da nəticəsində 802 baş sağlam buzov əldə edilib. Həmin göstərici 2024-cü illə müqayisədə 47 baş çox olub ki, bu da damazlıq işlərinin genişləndirilməsinin nəticəsidir. 

Damazlıq heyvandarlığın inkişafı məqsədilə rayon üzrə “Aqrolizinq” ASC və  Aqrar Kredit və İnkişaf Agentliyi vasitəsilə, ümumilikdə, 600 baş cins damazlıq heyvan lizinq yolu ilə fermerlərə təqdim edilib. Eyni zamanda, bu il Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə 250 baş “Aberdin-Anqus” və 2 baş “Holşteyn-Friz” cinsli iribuynuzlu heyvan alınıb. Bundan əlavə, 2025-ci ildə 198 baş “Holşteyn-Friz”, 2024-cü ildə isə 49 baş “Cersi”, 1 baş “Holşteyn-Friz” və 5 baş “Simmental” cinsli iribuynuzlu heyvan təsərrüfatlara gətirilib. 

Rayonda damazlıq təsərrüfatlarının fəaliyyəti də uğurla davam etdirilir.  Mahmudlu kəndində yerləşən “Laçınlı Kəndli Fermer Təsərrüfatı” MMC-nin “Mor Karaman” cinsli qoyunçuluq təsərrüfatı da damazlıq kimi fəaliyyət göstərir. Təsərrüfatda 2025-ci ildə 4 min 634 baş xırdabuynuzlu heyvan saxlanıldığı halda, ötən müddətdə onların sayı 1282 baş artaraq 5 min 916-ya çatdırılıb. Damazlıq təsərrüfatlarının sırasına Abbaslı kəndində Xaliq İsmayılova məxsus 198 baş “Holşteyn-Friz” cinsli iribuynuzlu heyvandan ibarət heyvandarlıq təsərrüfatı qoşulub. 

Rayonda quşçuluq sahəsi də inkişaf etməkdədir. Yeni Həyat kəndi ərazisində fəaliyyət göstərən “ELF TRADING GROUP LTD” MMC-nin quşçuluq təsərrüfatında  il ərzində 910 min baş yumurtalıq və 260 min baş ətlik toyuq yetişdirilib. Müəssisənin gündəlik istehsal gücü 900 min ədəd yumurta, illik quş əti istehsalı isə 442 ton təşkil edir.

Şəmkir rayonunda kənd təsərrüfatının mühüm istiqamətlərindən birini də arıçılıq təşkil edir. İndiyədək 779 arıçı qeydiyyatdan keçərək 18 min 284 arı ailəsini elektron informasiya sistemində bəyan edib. İşğaldan azad edilmiş ərazilərə xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının və arı ailələrinin mövsümi köçürülməsinin təşkili məqsədilə 2026-cı ildə 55 arıçı müraciət edərək elektron sistemdə qeydiyyata alınıb. 

Təlimlər, treninqlər

Şəmkirli fermerlərin aqrar sahədə bilik və bacarıqlarının artırılması, müasir kənd təsərrüfatı təcrübələrinin tətbiqinin təşviqi və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə mütəmadi  görüşlər, təlimlər və maarifləndirici tədbirlər təşkil edilir. Bu tədbirlər həm Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzi, həm də Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti qurumları tərəfindən həyata keçirilir, fermerlərə kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə aktual məlumatlar çatdırılır, metodiki tövsiyələr verilir və qarşılıqlı fikir mübadiləsi aparılır. 

Rayonun kənd təsərrüfatı istehsalçılarının peşəkar biliklərinin artırılmasına, innovativ yanaşmaların mənimsənilməsinə və istehsal fəaliyyətinin daha səmərəli təşkilinə töhfə vermək məqsədi daşıyan belə tədbirlərin əhəmiyyətini vurğulayan Şəmkir Aqrar İnkişaf Mərkəzinin direktoru R.Əzizov bildirdi ki, fermer və fərdi təsərrüfat sahibləri ilə mütəmadi əlaqələrin qurulması, onların fəaliyyətində qarşıya çıxan məsələlərin operativ şəkildə həllinə dəstək göstərilməsi və aqrar sahədə məlumatlılıq səviyyəsinin artırılması üçün maarifləndirmə işi davamlı olaraq həyata keçirilir. Bu istiqamətdə fermerlərə informasiya-məsləhət xidmətləri göstərilir, müasir aqrar yanaşmalar barədə məlumatlar təqdim olunur. 

Aqrar sığorta 

Son illər ölkə ərazisində müşahidə olunan leysan yağışları, dolu və qasırğa kimi təbiət hadisələri şəmkirli fermerləri qətiyyən qorxutmur. Çünki onların aqrar sığorta kimi dostu var. Təkcə bir faktı qeyd etmək yetrərlidir ki, ölkədə Aqrar Sığorta Fondu fəaliyyətə başlayandan indiyədək Qazax-Tovuz iqtisadi rayonu üzrə 2 min 320 hektar əkin sahələrinə dəymiş zərərlər üzrə, ümumilikdə, 1 milyon 401 min manat sığorta ödənişi həyata keçirilib. 2022-ci ildə 209 min manat, 2023-cü ildə 71 min manat, 2024-cü ildə 395 min manat, 2025-ci ildə isə 705 min manat sığorta ödənişi həyata keçirilib. 

Həmin ödənişlərin bir hisəsi isə Şəmkir rayonunun payına düşür. Belə ki, indiyədək Aqrar Sığorta Fondu tərəfindən rayon üzrə 666 hektar əkin sahəsinə dəymiş zərərlər üzrə 311 min manat sığota ödənişi edilib. Sığorta ödənişlərinin böyük hissəsi taxıl sahələrini əhatə etsə də, texniki bitkilər, meyvə bağları üzrə də ciddi ödənişlər həyata keçirilib.

Göründüyü kimi, kənd təsərrüfatı sahəsində edilmiş uğurlar Şəmkir rayonunun aqrar potensialının yüksək olduğunu bir daha təsdiqləyir. Dövlət dəstəyi, fermerlərin zəhməti və müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi nəticəsində rayon ölkənin aqrar sektorunda aparıcı mövqeyini ildən-ilə daha da möhkəmləndirir.

Ümumilikdə isə, Şəmkirdə müşahidə etdiklərimizdən, xüsusən də ayrı-ayrı təsərrüfat başçıları ilə söhbətlərimizdən bir daha aydın oldu ki, taxıl biçini kampaniyasının mütəşəkkil şəkildə həyata keçirilməsi, strateji əhəmiyyətli bitkilərin əkin sahələrinin genişləndirilməsi, təkrar əkinlərin təşviqi, intensiv bağçılığın, eləcə də heyvandarlığın inkişafına  göstərilən dövlət dəstəyi  rayonun aqrar potensialının daha da güclənməsinə imkan yaradır. Məqalədə sadaladığımız fakt və göstəricilər cari ildə də yüksək məhsul əldə olunacağını və Şəmkir rayonunun ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu davam etdirəcəyini deməyə əsas verir. 

Mirbağır YAQUBZADƏ

XQ

Şəmkir

        

 













İqtisadiyyat