Gələcəyin kuryerləri: insanlar yoxsa maşınlar?

post-img

"JD.com" şirkətinin qurucusu Riçard Lyu bildirib ki, gələcəkdə robotlar şirkətin 700 min kuryerini əvəz edə bilər. Bununla belə, o vurğulayıb ki, işçilərin işsiz qalmasını istəmir. Buna görə də şirkət artıq əməkdaşları yeni peşələrə hazırlamaq üçün təlim proqramları həyata keçirir.

Lyu deyib ki, kuryerlər robotlara və avtomatlaşdırılmış sistemlərə xidmət göstərməyi öyrənəcəklər. Bu məqsədlə şirkət 120 məktəblə əməkdaşlıq edir və Çinin müxtəlif bölgələrində 80-dən çox tədris mərkəzi yaradıb. Burada işçilərə robotların təmiri və idarə olunması üzrə biliklər verilir.

"JD.com" Çinin ən böyük onlayn ticarət şirkətlərindən biridir. Şirkət yaxın beş ildə 3 milyon robot, 1 milyon pilotsuz avtomobil və 100 min drondan istifadə etməyi planlaşdırır.

Robotlaşdırmanın nə vaxt tam tətbiq olunacağı açıqlanmasa da, bəzi layihələr artıq sınaqdan keçirilir. Məsələn, Şençjen hava limanlarında robotlar sərnişinlərə yemək çatdırır. Həmçinin bəzi robotlar şəhərdaxili nəqliyyatda malların daşınmasında istifadə olunur.

Çində robotların və süni intellektin insanların iş yerlərini əvəz etməsi ilə bağlı narahatlıqlar artır. Hazırda ölkədə istehsalat, çatdırılma və digər sahələrdə çalışan müvəqqəti işçilərin sayı təxminən 320 milyon nəfərə çatır. Bu isə şəhərlərdə çalışan insanların 40 faizini təşkil edir.

Aprel ayında Çində gənclər arasında işsizlik səviyyəsi 16,3 faiz olub. Buna baxmayaraq, hökumət robototexnika və süni intellekti iqtisadi inkişafın əsas istiqamətlərindən biri hesab edir.

Rəsmilər bildirirlər ki, yeni texnologiyalar bəzi peşələri aradan qaldırsa da, süni intellekt təlimçisi, dron pilotu və digər yeni ixtisaslar üçün iş imkanları da yaradır.

S.ELAY

XQ

Maraqlı