Özbəkistanın Namanqan şəhərində keçirilən üçüncü beynəlxalq Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər.
Festivalda UNESCO, ISESCO, Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Parlament Assambleyası, Türk Mədəniyyəti və İrsi Fondu və digər beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət nazirləri, xarici ölkələrin səfirləri, dünyanın 80 ölkəsindən gələn 250-dən çox mədəniyyət və incəsənət xadimi, beynəlxalq təşkilatların rəhbərləri və diplomatlar iştirak edib.
Festivalda ölkəmizi Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Nümayəndə heyətinə Mədəniyyət Nazirliyinin nümayəndəsi Nəsibə Əsgərova, sənətşünaslıq üzrə fəlsəfə doktoru. Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Azərbaycanın Xalq artisti Mənsum İbrahimov, xanəndə Kamilə Nəbiyeva və digər müsiqiçilər daxildir.
Mənsum İbrahimov həm də festivalın nüfuzlu münsiflər heyətinin sədri kimi iştirak edib.
Azərbaycanın Əməkdar artisti, Özbəkistanın mədəniyyət səfiri, Bakıdakı Muğam Mərkəzinin direktoru tarzən Sahib Paşazadə festivala qonaq kimi qatılıb.
Festivalın üç birinci mükafatının ikisi Azərbaycan ifaçılarına verilib-“Muğan” qrupuna-(Kamilə Nəbiyeva (xanəndə), Rəşad İbrahimov (tar), Elnur Mikayılov (kamança), Rafael Əsədov (balaban), Kamran Kərimov (nağara), Əməkdar artist Xəyyam Quliyev (ud) və “Bayatı-Şiiraz”ı solo ifa edən Nurəddin Tağıyev (kamança) və Teymur Cəbrayılov (zərb alətləri) birinci mükafatın sahibləri olublar.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Namanqan

