“Silayevçilik”

post-img

Yaxud qaranlıq otaqda qara pişik axtarışı

Rusiyada anti-Azərbaycan yönümlü qüvvələrin mövcudluğu heç kəsə sirr deyil. Bu qüvvələrin zaman-zaman müxtəlif siyasi proseslər fonunda ortaya atıldıqları da aşkar həqiqətdir. Buna görə politoloq Nikolay Silayevin söylədiklərinə bir o qədər təəccüblənmədik.

Silayevi, müəyyən mənada, təqdir edirik. Çünki o, özünü, məsələn, adını jurnalist qoyub, peşənin bütün prinsiplərinə həqarət yağdıran Vladimir Solovyov kimi aparmır. Axı bir qayda olaraq, Rusiyanın ictimai rəyində ölkəmizlə əlaqəli məhz Solovyovun dilində danışmaq dəbi var. Söhbət, “asarıq”, “kəsərik”, “vurarıq”, “dağıdarıq” kimi hədələrlə zəngin dildən gedir. O dil ki, özündə “velikorus” təfəkkürünün şovinist anlamını canlandırır, Rusiyadan başqa müstəqil dövlət anlayışını qəbul etmir.

Amma Silayevin “dili” də “acıdır”. Deyəsən, politoloq Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfərini zəhər sayır və “uda” bilmir. Şübhəsiz, Rusiyada belələri çoxdur. Amma, indiki halda, onlardan heç birinin səsi Silayev kimi çıxmır. Daha doğrusu, heç kəs bu politoloq qırığı kimi sərsəmləmir.

Beləliklə, Silayev deyib ki, Rusiyanın Müdafiə Nazirliyi Ukrayna üçün silah tədarük edən Avropa İttifaqı ölkələrinin siyahısını açıqlayıb. “Hesab edirəm ki, heç kəsə həmin siyahıda Azərbaycan ünvanlarının yer alması xoş gəlməz”, - deyən politoloqun fikirlərinin hansı anlam daşıdığına diqqət yetirək.

Deməli, belə çıxır ki, Rusiya MN-nin siyahısı mənasızdır. Yəni nazirlik Avropanın hansı ölkəsini istəsə, adını ora daxil edə bilər. Yəni Silayevin deyimi bir dövlət qurumunun, pis-yaxşı, gördüyü işin mötəbərliyinə kölgə salır.

İkincisi, politoloq, sanki, Azərbaycanı hədələyir. Təxminən belə: özünüzü yaxşı aparmasanız, adınızı siyahıya salacağıq. Yəni Silayev öz aləmində, qaranlıq otaqda qara pişik tutmağa girişir. Görəsən, həqiqətən, Rusiyanın baş hərbi idarəsinin ölkəyə xoş olmayan istənilən məmləkətin adını öz siyahısına daxil etməsi və həmin məmləkəti qanuni hədəfə çevirməsi mümkündür?

Məlumdur ki, Azərbaycan-Rusiya münasibətlərində soyuqluq, demək olar, aradan qalxmaq üzrədir. Məlum təyyarə olayı ilə bağlı ötən ay iki ölkənin Xarici İşlər Nazirliyinin birgə bəyanatı bir çox mətləblərə aydınlıq gətirdi. Ancaq politoloq Silayev bu fikirdədir ki, soyuqluq hələ aradan qalxmayıb. Onun qənaətinə görə, münasibətlərin normal məcraya düşməsi üçün Azərbaycan Ermənistanla sülhdən uzaq durmalıdır. Axı politoloq rəsmi İrəvanı da ənənəvi üslubda qınamaq yolu tutur: Ermənistan Rusiyaya qarşı saymazlıq edir və sair. Amma Silayevin başqa dərdi də var.

Sən demə, Bakı həbsxanalarında əsir saxlanılan ruslar var imiş. Heç şübhəsiz, Silayev ötən ilin yayında Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinərək məsuliyyətə cəlb olunan Rusiya vətəndaşlarını nəzərdə tutur. O zaman biz nə edək?

Rusiyanın, demək olar, hər yerində “azərbaycanlı ovu” həyata keçirilmişdi. Proses indi də az intensivlikdə davam etdirilməkdədir. Rusiya rəsmiləri isə bildirirlər ki, bu, heç cür ikitərəfli münasibətlərə təsir göstərməməlidir, məsuliyyətə cəlb edilənlər qanun qarşısında cavab verməlidirlər və s. O zaman Silayev niyə Azərbaycandakı durumu dövlətlərarası münasibətlər kontekstində izah etməyə çalışır?

Bəli, Silayev özünün manipulyativ siyasi dünyagörüşünü işə salıb və əslində, onun söylədiklərinə reaksiya verməmək də olardı. Ancaq politoloq sırf Ukrayna Prezidentinin ölkəmizə səfəri xüsusunda dilləndiyi üçün bəzi mətləblərə aydınlıq gətirmək ehtiyacı yaranır. Onu da bildirək ki, problem yaşayan ölkələrlə eyni, bərabərhüquqlu şəkildə əlaqələri inkişaf etdirməyin müasir nümunəsinə çevrilmiş, vaxtilə yaşanmış Moskva–Tbilisi ziddiyyətləri fonunda real təcrübəyə malik Azərbaycan Rusiya ilə də əlaqələrini gələcəyə daşıyır.

Ölkəmiz həmişə özünə dost məmləkətlər arasında yaxınlıq münasibətlərinin inkişafını təşviq edir və bu səbəbdən Rusiya–Ukrayna müharibəsinin iki dövlət arasında qarşılıqlı dialoq və anlaşma şəraitində həllinin tərəfdarıdır. Azərbaycan özünü danışıqlar platforması kimi irəli sürür ki, bu, eyni zamanda, dövlətimizin humanitar anlayışlar kriteriyalarının genişliyindən qaynaqlanır.

Yeri gəlmişkən, Azərbaycan dövləti fundamental baxışına əsasən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Ancaq bu, heç də o demək deyil ki, rəsmi Bakı Ukrayna ilə Rusiya arasındakı münaqişədə hansısa formada iştirak edə bilər. Kiyevə dəstəyimiz hərbi komponentlərdən tamamilə uzaqdır, ancaq humanitar təmayüllüdür ki, bunun da aspektləri ictimaiyyətə dəfələrlə açıqlanıb. Yəni yaxşı olar ki, təkcə politoloq Silayev deyil, eyni zamanda, Rusiyanın anti-Azərbaycan köklənişinə malik dairələrinin təmsilçiləri bunları qulaqlarında sırğa eləsinlər.

Ə.RÜSTƏMOV
XQ

Siyasət