Kamal Abdulla və Rafiq Əliyevin kitablarının Türkiyədə təqdimatı
Türkiyənin Ankara Universitetində Azərbaycanın görkəmli elm xadimləri – Xalq yazıçısı, akademik Kamal Abdulla və dünya şöhrətli alim, “Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin ortaq zəka ilə ərsəyə gətirdikləri “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq”, “Qeyri-səlis məntiq və dil-nitq” və soydaşlarımızın qardaş ölkənin keçmiş təhsil naziri, professor Ziya Selcuk ilə birgə yazdıqları “Uşaqlar üçün qeyri-səlis məntiq” kitablarının təqdimatı və müzakirəsi keçirilib.
Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar elmi ictimaiyyət nümayəndələrinin və tələbələrin iştirak etdiyi mərasimdə təqdim edilən nəşrlərin çağdaş elmi düşüncəyə yeni bir anlayış gətirdiyini söyləyib. Dünya şöhrətli türk Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin ədəbi-bədii aləmdə də doğruluğunu isbata yetirən bu araşdırmalar insan düşüncəsinin yeni hüdudlarını əks etdirir.
Mərasimə Almaniyadan gəlmiş görkəmli riyaziyyatçı, Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev təqdim olunan nəşrləri elmi ictimaiyyət və intellektual auditoriyanın böyük maraqla qarşıladığını vurğulayaraq bildirib ki, “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” əsərində qədim türk eposunun semantik strukturu qeyri-səlis məntiq prizmasından təhlil edilib. “Qeyri-səlis məntiq və dil-nitq” kitabında dilin dinamik və elastik təbiəti, mənanın mətndən asılı olaraq dəyişməsi kimi məsələlər ilk dəfə elmi dövriyyəyə gətirilib.
“Uşaqlar üçün qeyri-səlis məntiq” tədqiqatında isə elmi biliklərin sadə və anlaşıqlı şəkildə təqdim olunmasının gənc nəslin məntiqi və analitik düşüncə qabiliyyətinin inkişafına təkan verməsi isbata yetirilib. Müəlliflər uşaqlara dünyanı yalnız sərt kateqoriyalar çərçivəsində deyil, çoxmənalı və dinamik proses kimi dərk etməyin yollarını göstəriblər.
Sonra müəlliflər yeni əsərlərin yaranma ideyası, metodoloji əsasları və əldə edilən elmi yeniliklərindən danışıblar, sualları cavablandırıblar.
Müzakirələrdə qeyd edilib ki, “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabının “Springer” kimi nüfuzlu beynəlxalq nəşriyyatda çap olunması onun elmi dəyərinin və Azərbaycan elminin qlobal miqyasda tanınmasının göstəricisidir. Bütövlükdə, təqdim olunan əsərlər türk, alman və ingilis dillərinə tərcümə olunaraq, söylənən mülahizələr beynəlxalq elmi ictimaiyyətin də diqqətinə çatdırılıb. Onların digər dillərə tərcüməsi davam edir.
Bildirilib ki, azərbaycanlı alimlər Lütfi Zadənin məşhur qeyri-səlis məntiq nəzəriyyəsini Dədə Qorqud boylarına tətbiq etməklə diqqətəlayiq nəticələr əldə ediblər. Qeyri-səlis məntiq nəzəriyyəsini dilçilikdə yeni bir istiqamət kimi təqdim edən müəlliflər bu yanaşma ilə dilin təbii çoxmənalılığının və qeyri-xətti xüsusiyyətlərinin geniş izahını veriblər. Araşdırma dilçilikdə və informasiya nəzəriyyəsi sahəsində yeni mülahizələrə yol açır. “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabında isə elmi biliklərin sadələşdirilmiş formatı irəli sürülür.
Bildirilib ki, qeyri-səlis məntiqin banisinin azərbaycanlı olması kimi, bu nəzəriyyəni humanitar mühitə Azərbaycan alimlərinin gətirməsi də ümumtürk mənəvi öyüncü yaradır. Belə təqdimatlar isə zəka mübadiləsi baxımından önəmlidir və ölkələrimiz arasında elmi-mədəni əməkdaşlığa töhfədir.
Sonda müəlliflər təqdim edilən kitabları imzalayaraq iştirakçılara hədiyyə ediblər.
Tahir AYDINOĞLU
XQ

