Ordu dövlətimizin qüdrətinin və milli təhlükəsizliyimizin əsas təminatıdır

post-img

Silahlı Qüvvələr dövlətin əsas sütunlarından biridir, xalqın və dövlətin təhlükəsizliyini qoruyan əsas qüvvədir. Güclü ordu hər bir ölkənin müstəqilliyinin, suverenliyinin və sabitliyinin təminatıdır. Məhz bu baxımdan Azərbaycanda ordu quruculuğu məsələsi hər zaman dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri olmuşdur.

Hələ ittifaq dövründə Ümummilli lider Heydər Əliyev böyük uzaqgörənlik göstərərək çətin və mürəkkəb şəraitdə Cəmşid Naxçıvanski adına hərbi liseyi yaratdı. Bu addım gələcək milli hərbi kadrların hazırlanması baxımından çox mühüm rol oynadı. Eyni zamanda gənclərin keçmiş SSRİ-nin nüfuzlu ali hərbi məktəblərinə göndərilməsi təmin edildi və bununla da peşəkar zabit kadrlarının formalaşmasına möhkəm zəmin yaradıldı.

Müstəqillik illərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkə ciddi təhlükələrlə üzləşdi. Lakin əvvəlki illərdə yetişdirilmiş peşəkar hərbçilər bu dövrdə dövlətin müdafiəsində mühüm rol oynadı. Bu fakt Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi siyasətin nə qədər düzgün və uzaqgörən olduğunu bir daha sübut etdi. Bununla belə, müstəqilliyin ilk illərində ölkədə siyasi qeyri-sabitlik, idarəetmədə xaos və ordu quruculuğu prosesinin sistemli şəkildə aparılmaması ciddi problemlər yaratdı. Silahlı birləşmələrin vahid komandanlığa tabe olmaması,  ayrı-ayrı qrupların maraqlarına xidmət etməsi nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi işğal olundu. Bu vəziyyət dövlətin müdafiə sistemində ciddi boşluqların olduğunu ortaya qoydu. Xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ordu quruculuğu prosesini genişləndirərək bu sahəni dövlət siyasətinin əsas prioritetinə çevirdi. Ulu öndər Silahlı Qüvvələrin formalaşdırılması, nizam-intizamın gücləndirilməsi və vahid komandanlıq sisteminin yaradılması istiqamətində mühüm addımlar atdı. Nəticədə, müasir və peşəkar ordu quruculuğunun əsası qoyuldu. Atəşkəs sazişinin imzalanmasından sonra ordusu demək olar ki, formalaşmamış Azərbaycan üçün Ümummilli lider Heydər Əliyev mühüm dövlətçilik tədbirləri həyata keçirdi. Qısa müddət ərzində nizami, peşəkar və mütəşəkkil Silahlı Qüvvələrin formalaşdırılması təmin olundu və bu istiqamətdə aparılan islahatlar xalqın dövlətə olan inamını gücləndirdi.

Ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edildi. Silahlı Qüvvələrin müasir standartlara uyğun şəkildə yenidən təşkili, hərbi doktrinanın hazırlanması, komanda-idarəetmə sisteminin təkmilləşdirilməsi və hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirildi. Eyni zamanda ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi və hərbi arsenalın müasir silahlarla təmin edilməsi diqqət mərkəzində saxlanıldı.

Sülh proseslərinə üstünlük verilməklə yanaşı, paralel olaraq qüdrətli və müasir tələblərə cavab verən ordu quruculuğu istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilirdi. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Ordusu qısa müddət ərzində inkişaf edərək regionun ən güclü və ən mütəşəkkil silahlı qüvvələrindən birinə çevrildi. 

Ulu öndər Heydər Əliyev çıxışlarında dəfələrlə vurğulayırdı ki, Azərbaycan güclü dövlət olmalı, onun müstəqilliyi və təhlükəsizliyi güclü ordu ilə təmin edilməlidir. Ümummilli lider münaqişələrin sülh yolu ilə həllinə üstünlük verir, danışıqlar prosesinin əsas vasitə kimi saxlanılmasını və qan tökülməsinin qarşısının alınmasını vacib hesab edirdi. Buna baxmayaraq dövlətin təhlükəsizliyi və ərazi bütövlüyünün qorunması üçün paralel olaraq qüdrətli ordu quruculuğu daim prioritet istiqamət olaraq saxlanılırdı. 

Sonrakı illərdə orduya xüsusi diqqət və önəm verilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdi. Prezident İlham Əliyev Silahlı Qüvvələrin müasir standartlar əsasında inkişaf etdirilməsi, hərbi potensialın gücləndirilməsi və ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirdi.
Bu dövrdə ordunun maddi-texniki bazası daha da gücləndirildi, müasir silah və hərbi texnologiyalarla təminat genişləndirildi, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində kompleks tədbirlər görüldü. Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malik, müasir və çevik silahlı qüvvələrə çevrildi. 

Sülh gündəliyinə sadiq qalan Azərbaycan, torpaqlarının 20 faizinin işğal altında olmasına baxmayaraq qarşı tərəfə barış və dialoq imkanları təqdim etdi. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın bu humanist yanaşmasına adekvat cavab vermədi, yeni hərbi təxribatlara, Tovuz istiqamətində hücumlara başladı. Nəticədə yaranmış gərginlik münaqişənin daha da dərinləşməsinə və eskalasiyanın qaçılmaz olmasına gətirib çıxardı.

Azərbaycan Ordusu bu şəraitdə təşəbbüsü ələ alaraq əks-hücum əməliyyatlarına başladı. Müharibənin gedişində tətbiq edilən çevik taktika, yüksək döyüş hazırlığı və koordinasiyalı idarəetmə nəticəsində işğal altında olan ərazilərin böyük hissəsi azad edildi. Bu proses Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərbi-siyasi strategiyanın nəticəsi kimi formalaşdı. Döyüşlər göstərdi ki, müasir Azərbaycan Ordusu peşəkarlıq və milli ruh üzərində qurulub. Qazanılan nəticələr uzun illər davam edən status-kvonun dəyişməsinə və regionda yeni reallığın yaranmasına gətirib çıxardı. Müharibədən sonra həyata keçirilən lokal antiterror tədbirləri isə prosesin tamamlayıcı mərhələsi oldu. Qısa müddətdə aparılan bu əməliyyatlar nəticəsində ölkənin suverenliyi bütün ərazilərdə tam şəkildə təmin edildi. 

Qazanılan bu tarixi qələbə Azərbaycan dövlətinin strateji planlaşdırma qabiliyyətini, eləcə də xalq–ordu birliyinin real gücünü bütün dünyaya nümayiş etdirdi. Müharibədən qalib çıxan Azərbaycan xalqı bir daha Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətinin uzaqgörənliyinə və tarixi əhəmiyyətinə şahidlik etdi.  26 iyun tarixinin Azərbaycanda Silahlı Qüvvələr Günü kimi təsis edilməsi Ulu öndər Heydər Əliyevin ordu quruculuğuna verdiyi xüsusi önəmin ifadəsidir. Bu qərar həmin siyasətin nə qədər məqsədyönlü və praqmatik olduğunu zamanın gedişində bir daha təsdiqlədi. Beləliklə, formalaşdırılan və inkişaf etdirilən Azərbaycan Ordusu bu tarixi zəfərdə həlledici rol oynadı və dövlətin gücünün əsas təminatçısı kimi özünü təsdiq etdi. 

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt əsasında formalaşan ordu quruculuğu və möhkəmlənən xalq–ordu birliyi bir daha xalqımızın, dövlətimizin gücünü, eləcə də bu sarsılmaz həmrəyliyin əzəmətini nümayiş etdirdi. Bizə zəfər sevincini yaşadan Silahlı Qüvvələrimizlə xalqımız haqlı olaraq fəxr edir. Çünki ordu dövlətimizin qüdrətinin və milli təhlükəsizliyimizin əsas təminatıdır.

Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, 
Naxçıvan Dövlət Universitetinin dosenti

Siyasət