Mayın 1-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Sədr Sahibə Qafarova aprelin 30-da Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qərəzli qətnamədən danışaraq bildirdi ki, qurumun Azərbaycana qarşı fəaliyyətlə məşğul olan lobbi qruplarının və müxtəlif maraq dairələrinin əlində alətə çevrilməsi təəssüf doğurur:
– Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər möhkəm təmələ əsaslanır. Buna baxmayaraq, ölkəmizdə və regionumuzda baş verən proseslərə AP-nin yanaşmalarında mövcud olan problemlər böyük narazılıq və narahatlıq doğurub. Bu proses uzun illərdir ki, davam edir. Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qətnamələr birtərəfli və qərəzli xarakter daşıyır, ikili standartlara əsaslanır.
Beynəlxalq münasibətlər və parlamentlərarası məsələlər komitəsinin sədri Səməd Seyidov Avroparlamentin artıq 13-cü dəfədir ki, Azərbaycana qarşı qərəzli bəyanat qəbul etdiyini vurğulayaraq, sonunda itirən tərəfin AP olacağını dilə gətirdi: “Avropa Parlamentinin deputatları, mən bu sözdən çəkinmirəm, xahiş yox, yalvarırdılar. Onlar deyirdilər: “Bəli, biz səhv etmişik. Biz lobbinin təsiri altındayıq, ancaq biz bundan sonra bunu etməyəcəyik”. Hətta rəsmi sənəd belə təqdim etdilər, altından imza çəkdilər. İndi bu qətnamədə Azərbaycana aid olan məsələlər başqa bir məsələyə, Ermənistanla bağlı qətnaməyə daxil olunub. Elə hiyləgərcəsinə daxil ediblər ki, heç bir aidiyyəti olmayan məsələdir”.
Çıxışlardan sonra Milli Məclisin vitse-spikeri, Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul etmək məqsədilə yaradılan komissiyanın sədri Ziyafət Əsgərov qərarı səsləndirdi. Sənədə əsasən, Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır.
***
Daha sonra gündəlikdə olan digər məsələlərin müzakirəsi başlandı. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 1993-cü və 2002-ci il tarixli konvensiyalara dəyişiklikləri özündə əks etdirən iki qanun layihəsi bir oxunuşda qəbul edildi. Sözügedən dəyişikliklərin əsas məqsədi iştirakçı dövlətlər arasında yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentin tutulmasına dair məhkəmə əmrlərinin tanınması mexanizmini təkmilləşdirmək və bu sahədə hüquqi prosedurları asanlaşdırmaqdır. Eyni qaydada, məhkəmə aktlarının və digər səlahiyyətli orqanların qərarlarının məcburi icrası prosesində dövlətlərarası məlumat mübadiləsini tənzimləyən "Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş" də ratifikasiya olundu. 2025-ci ilin iyun ayında imzalanmış bu 25 maddəlik sənədin əsas məqsədi icra sənədlərinin icrası zamanı hüquqi yardım mexanizmlərinin səmərəliliyini artırmaq, habelə insan hüquqları və dövlət maraqlarının qorunması üçün məcburi icra orqanları arasında qarşılıqlı fəaliyyəti təkmilləşdirməkdir. Sazişə əsasən, tərəflər sorğu əsasında fiziki və hüquqi şəxslər, habelə müxtəlif dövlət orqanları haqqında məlumat və sənədlərin mübadiləsini təmin edir, lakin əldə olunan informasiyadan yalnız sorğuda göstərilən məqsədlər üçün istifadə olunmasını və konfidensiallığın qorunmasını öhdələrinə götürürlər. Saziş səsverməyə çıxarılaraq qəbul edildi.
Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" və "Yol hərəkəti haqqında" qanunlarına edilən dəyişikliklər səsverməyə çıxarılaraq son oxunuşdan da keçdi. Daha sonra, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı. Bildirildi ki, dəyişikliklərin əsas məqsədi Dövlət Gömrük Komitəsinin (DGK) səlahiyyətlərini genişləndirmək, gömrük prosedurlarını digər qanunvericilik aktları ilə uzlaşdırmaq və xarici ticarət əməliyyatlarını daha səmərəli tənzimləməkdir. Yeni qaydalara əsasən, gömrük borcunu ödəməyən xarici ticarət iştirakçılarının və ya hüquqi şəxslərin rəhbərlərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək və bu əsaslar aradan qalxdıqda məhdudiyyəti qaldırmaq səlahiyyəti gömrük orqanlarına verilir. Eyni zamanda, beynəlxalq tranzit yük daşımalarının sürətləndirilməsi üçün məlumat mübadiləsi sisteminin təkmilləşdirilməsi, gömrük auditinin nəticələrinin şəffaflığını artırmaq üçün 3 iş günü ərzində məlumatlandırma mexanizminin tətbiqi nəzərdə tutulur.
İslahatın mühüm bir hissəsi kimi, "gömrük brokeri" institutu "dolayı gömrük təmsilçiliyi" ilə əvəz edilir. Əvvəlki lisenziyalaşdırma qaydasından fərqli olaraq, dolayı gömrük təmsilçisi olmaq üçün müvafiq reyestrə daxil olmaq kifayətdir ki, bu da rəqabətli mühitin formalaşmasına və sahibkarların daha rahat xidmət almasına şərait yaradır. Ümumilikdə, layihənin tətbiqi idxal-ixrac əməliyyatlarında çevikliyi artırmaqla, tranzit dəhlizlərinin rəqabət qabiliyyətini yüksəltməyi, gömrük nəzarətini risk əsaslı idarəetmə sisteminə uyğunlaşdırmağı və ümumilikdə xarici ticarət-təchizat zəncirinin təhlükəsizliyini təmin etməyi hədəfləyir.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov çıxışında Azərbaycanda Gömrük Məcəlləsinə edilən dəyişikliklərlə səyyar gömrük auditinin aparılması hallarının kifayət qədər azalacağını vurğuladı. Komitə sədri qeyd etdi ki, yeni yanaşmaya əsasən, gömrük auditində kameral və səyyar yoxlama anlayışları hüquqi baxımdan bir-birindən dəqiq şəkildə ayrılır. Kameral yoxlamalar elektron məlumatlar əsasında və məsafədən həyata keçiriləcək. Səyyar yoxlamalar isə yalnız müəyyən olunmuş qaydalara uyğun olaraq, Dövlət Vergi Xidməti ilə koordinasiyalı şəkildə və zəruri hallarda aparılacaq. İslahatlar çərçivəsində audit prosesində şəffaflığı artırmaq üçün videoçəkilişlərin və müvafiq qeydiyyatın aparılması da nəzərdə tutulur. Qanun layihəsi ətrafında bir sıra deputatlar öz fikirlərini bölüşdülər. Aparılan müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.
Hərbi qulluqçuların şəxsi jetonlarla təmin edilməsini və çağırışaqədərki hazırlıq sisteminin təkmilləşdirilməsini nəzərdə tutan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edildi. Sənədə əsasən, hərbi qulluqçuların xidmət etdikləri dövlət qurumları tərəfindən şəxsi jetonlarla təchiz olunması məcburi xarakter daşıyacaq. Qanun layihəsi, həmçinin gənclərin çağırışaqədərki hazırlığının daha səmərəli təşkili üçün hüquqi bazanın yenilənməsini özündə ehtiva edir. Bu sahədə vahid və sistemli qaydaların müəyyən edilməsi, habelə çağırışaqədərki hazırlığın təşkili ilə bağlı əsasnamənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi nəzərdə tutulur.
"Vətəndaşların müraciətləri haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, vətəndaşlar artıq müraciətlərinin cavablandırılma üsulunu seçərkən elektron ünvan, poçt ünvanı və ya birbaşa EHİS platformasından istifadə etmək hüququ qazanırlar. Müraciətin EHİS üzərindən cavablandırılmasını istəyən şəxslərdən Fərdi İdentifikasiya Nömrəsi (FİN), hüquqi şəxslərdən isə Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) tələb olunacaq. Eyni zamanda, qəbula yazılma prosesində şəxsiyyətin təsdiqi üçün tələblər dəqiqləşdirilidi. Qəbul günü vətəndaş mütləq şəxsiyyət vəsiqəsini, nümayəndə vasitəsilə müraciət olunduqda isə səlahiyyətləri təsdiq edən müvafiq sənədi təqdim etməlidir. Elektron müraciətlərin subyektin rəsmi internet ehtiyatı, rəsmi elektron ünvanı və ya EHİS vasitəsilə göndərilməsi qaydaları da yenilənib. Layihə birinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin plenar iclası başa çatdı.
T.SADIQOV
XQ

