Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, solistləri, xor kollektivi və balet artistlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
XQ xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən genişmiqyaslı mədəni qastrol layihəsi çərçivəsində baş tutub. Layihənin əsas məqsədi ölkə üzrə vahid mədəni məkanın formalaşdırılması, regionlarda mədəni həyatın canlandırılması, eləcə də yüksəksəviyyəli incəsənət nümunələrinin bütün vətəndaşlar üçün əlçatanlığını təmin etməkdir. Bu təşəbbüs, həmçinin paytaxt və bölgələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə və gənclərin incəsənətə marağının artırılmasına xidmət edir.
Konsert proqramı dirijor, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə keçirilib.
Tədbir çərçivəsində Azərbaycan musiqisinin klassik və xalq janrlarını əhatə edən bir sıra dəyərli əsərlər səsləndirilib. Proqramda “Xudayar təsnifi”, “Azərbaycan elləri”, “Azərbaycan oğluyam”, “Mənim Azərbaycanım”, “Şuşanın dağları”, “Aman aman ayrılıq”, “Ey Vətən”, “Sumqayıt haqqında mahnı”, “Yaşa, mənim xalqım!”, "Odlar yurdu" kimi sevilən musiqi nümunələri ifa olunub.
Bununla yanaşı, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından seçilmiş parçalar, “Koroğlu” operasından xor və rəqs nömrələri, həmçinin Polad Bülbüloğlunun “Eşq və Ölüm” baletindən “İgidlərin rəqsi” tamaşaçılara təqdim edilib. Cahangir Cahangirovun “Xanəndənin taleyi” operasından səhnə və Niyazinin “Arzu” romansı da proqramda yer alıb.
Konsertdə tanınmış və gənc ifaçılar Nəzakət Teymurova, Gülnaz İsmayılova, Təyyar Bayramov, İlahə Əfəndiyeva, İlkin Əhmədov, Elnur Zeynalov, Tural Ağasıyev, Cahangir Qurbanov, Arzu Əliyeva, həmçinin teatrın solistləri Taleh Yahyayev, Atəş Qarayev, Fəhmin Əhmədli, Məhəbbət Səfərov, Gülzar Fərəcova çıxış ediblər.
Qeyd edək ki, aparıcı bədii kollektivlərin qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.
Konsertin rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, baletmeyster-repetitoru isə Əməkdar artist Yuriy Lobaçevdir.







