Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Mədəni irsin qorunması və innovasiyası üzrə qlobal liderlik” nominasiyasında beynəlxalq müsabiqədə 2026-cı il üzrə qalib elan olunub.
Mükafat İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və qlobal brendlər üzrə ən son yenilikləri, analitik baxışları işıqlandıran nüfuzlu onlayn media platforması “Brands Review Magazine” jurnalı tərəfindən təqdim olunub.
Müsabiqədə Azərbaycanda mədəni irsin qorunması sahəsində rəqəmsallaşdırma, Dördüncü Sənaye İnqilabının texnologiyalarının tətbiqi, məlumat bazalarının effektiv idarə olunması, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin qorunması, bərpası, istiqamətində həyata keçirilən layihələri beynəlxalq ekspertlər yüksək qiymətləndiriblər.
Son illərdə Dövlət Xidməti ölkə üzrə 80-ə yaxın mühüm tarix-memarlıq abidəsində bərpa, konservasiya və möhkəmləndirmə işləri aparıb. Azərbaycanın bir sıra mədəni irs nümunələri UNESCO siyahısına daxil edilmişdir. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yerləşən 749 abidə isə dövlət mühafizəsinə götürülmüş, geniş inventarlaşdırma və pasportlaşdırma işləri aparılmış, onların rəqəmsal platformalara inteqrasiyası istiqamətində işlər davam etdirilir.
Dövlət Xidməti hazırda fəaliyyətini “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasına uyğun olaraq davam etdirir. Eyni zamanda, ölkə tarixində ilk dəfə mədəni və təbii irs ekosisteminə vahid yanaşmanı təmin edən xüsusi dövlət proqramının layihəsi tamamlanmaq üzrədir.
XQ

